Məhkəmə qərarları › İş №2-1(118)-3593/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3593/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3593/2023 17.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların qanuni nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2006- cı il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun(vəsiqəsinin) verilməsi vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçıların atası X6, övladları İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 10 mart 2023-cü il tarixli, 01/1281 məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 və ailəsi ünvan 1 ünvanda yerləşən fərdi evdə məskunlaşmışdır. O, 1993-cü il tarixdə Zəngilan rayonundan məcburi köçkün düşərək əvvəlcə Sabirabad rayonunda, sonra isə Abşeron rayonunda məskunlaşmışdır. Övladları İddiaçı1 xx.xx.2005-ci il tarixdə, İddiaçı2 xx.xx.2006- cı il tarixdə Bakı şəhərində doğulmuşlar və hal-hazırda qədər ünvan 1 ünvanda yaşayır. Rəsmi qeydiyyat yeri Zəngilan Rayonunun Məmmədbəyli kəndidir. Məcburi köçkün kimi o 2012-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və vəsiqəsi almışdır. Atası köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud respublikanın digər şəhər və rayonlarında anadan olmasına baxmayaraq məcburi köçkün statusuna malik olduğundan övladları da bu günə kimi məcburi köçkün statuslu sayılmış və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmişdir. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onların da adı qeyd edilmişdir və onlar da istifadə etmişdir, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onların da adı qeyd edilmiş və Dövlət Komitəsi də onu da nəzərə almışdır. Məcburi köçkünlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini aldıqdan və müvafiq sənədlərlə birlikdə səlahiyyətli orqana təqdim etdikdən sonra onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçı övladlarına məcburi köçkün statusu almaq məqsədi ilə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də xx.xx.2023-cü il tarixdə bundan imtina edilmişdir. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. O da, Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Həmin qanunun 6-cı maddəsinə əsasən Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüşşəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüşşəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq; müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi pulsuz dərman və tibb yardımı almaq;121 uşaqların məktəbəqədər tərbiyə ocaqlarında, yeniyetmələrin və gənclərin müvafiq təhsil müəssisələrində təhsil almaq; yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq; dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; pensiyaçıların və əmək qabiliyyəti olmayan əlillərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi; Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüşşəxsin) statusunu almaq; dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq; pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək; əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər. O, imtiyazların bir çoxundan istifadə edir, lakin qızlarının məcburi köçkünlüyünü təsdiq edən vəsiqəni Azərbaycan Respublikası Qaçqınlar və X12 Üzrə Dövlət Komitəsi həmin vəsiqənin verilməsində imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar və onların qanuni nümayəndəsi X6 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıların atası X4 övladına məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş ‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, həyat yoldaşınız X5 qeydiyyatı ünvan 5 ünvanında olduğundan, övladlarınız İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, 'Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1 və İddiaçı2 atası X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; X1 rayonu, Məmmədbəyli kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı1 və İddiaçı2 anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X2 rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, ev 156 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1 və İddiaçı2 anası X5 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Abşeron rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddia ərizəsində qeyd edilmişdir ki, "... Övladlarım da bu günə kimi məcburi köçkün statuslu sayılıb və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edib”. Yuxarıda qeyd olunan fikirlərə etiraz edərək qeyd edirlər ki, İddiaçı1 və İddiaçı2 yetkinlik yaşına çatanadək valideyni X4 himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Qeyd olunan yanaşma öz təsdiqini həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-392/2021 saylı xx.xx.2021 -ci il tarixli qərarında da tapmışdır. Müvafiq inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarının 33-cü bəndində qeyd etmişdir ki, “...Əvvəla, iddiaçının əvvəllər bu müavinəti alması barədə də iş materiallarında heç bir sübut yoxdur. İddiaçıya əvvəllər məcburi köçkün kimi müavinət verilməsi öz təsdiqini tapsa belə, bu hal vəziyyəti dəyişmir. Çünki, şəxsin “məcburi köçkün” statusu müvafiq icra hakimiyyəti tərəfindən və onun verdiyi sənədə əsasən müəyyən edilir. İddiaçının “məcburi köçkün” statusuna malik olması iş materialları ilə öz təsdiqini tapmır”. Göründüyü kimi, şəxsin məcburi köçkün statusunun müəyyənləşdirilməsi üçün ona Komitə tərəfindən verilmiş məcburi köçkün vəsiqəsinin mövcudluğu zəruridir. Hazırda elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusuna malik olan valideynlərinin himayəsində olduğundan müəyyən güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Təsadüfi deyil ki, istər qüvvədən düşmüş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat ın 4-cü bəndində, istərsə də “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndində məhz valideynlərin “məcburi köçkün” statusuna malik olması şərtləşdirilmiş, uşaqlara münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən həm də əsaslıdır. Belə ki, iddiaçılar onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı1 və İddiaçı2 anası X5 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Abşeron rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və iddiaya etirazı əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıların atası X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir, ünvan 6i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır, lakin iddiaçıların anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir və ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bununla bağlı məhkəmə qeyd edir ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarları kontekstində eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. 50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə həmçinin yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılara məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilməsi onların hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar