Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3594/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “2016-cı il buraxılışlı “Toyota Camry” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “2016-cı il buraxılışlı “Toyota Camry” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və əmlaka dair texniki sənədlərin (texniki pasport) məcburi qaydada verilməsini cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “2016-cı il buraxılışlı “Toyota Camry” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobilin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 2016-cı il buraxılışlı “Toyota Camry” markah, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobili alaraq, DİN Baş X1 İdarəsində Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnaməyə uyğun olaraq öz adına qeydiyyata aldırmış və həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi kimi onun hüquqları tanınmışdır. 07 iyun 2022-ci ildə İddiaçı təkrar qeydiyyat üçün BDYPİ-nə müraciət edən zaman ona bildirilmişdir ki, mülkiyyətində olan yuxarıda qeyd edilmiş avtomobil İnterpol xətti üzrə Rusiya Federasiyası tərəfindən axtarışa verilmişdir. Bu səbəblə şəxs avtomobilini təkrar qeydiyyata aldıra bilməmiş və hüquqlarından məhrum olmuşdur. Belə ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin, Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəis müavini polis polkovnikleytenantı Arzu Babayev tərəfindən araşdırma aparılmış və 25 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Çıxarılan qərarda qeyd edilmişdir ki, İddiaçı bu məsələ ilə heç-bir əlaqəsinin olmadığı aşkar edilmişdir. İddiaçı vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və digər cinayətin tərkibi olmadığından 2016-cı il buraxılışlı “Toyota Camry” markah, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobil onun mülkiyyətinə qaytarılmışdır. Lakin, şəxsin avtomobil üzərində mülkiyyət hüququ məhdud olmaqla qalır və şəxs digər sərəncamverici hərəkətləri yerinə yetirə bilmir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası DİN Baş X1 İdarəsinə ərizə ilə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli, 161232V-3222 saylı cavab məktubunda yuxarıda qeyd edilən avtomobilin “İNTERPOL” tərəfindən axtarışda olduğunu qeyd edərək bizim bu tələbimizi icra etməkdən imtina etmişdir. Halbu ki, bu məsələ ilə bağlı istintaq hərəkətləri icra edilmiş və iddiaçının hər-hansı bir cinayət xarakterli əməlinin olmadığı və şəxsin vicdanlı alıcı olmaqla mülkiyyət hüququnun saxlanılması nəzərə alınmışdır. Hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X1 İdarəsin iddiaçının öz şəxsi və xüsusi mülkiyyətində olan hüquqlarının qeydiyyatından boyun qaçırmaq üçün belə bir əsassız arqument irəli sürmüşdür və bu imtina onun hüquqlarının pozulmasına əsas olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - 07 iyun 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin texniki müayinə aktı”nın surətindən görünür ki, “TOYOTA CAMRY” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildə “İNTERPOL xətti üzrə RF-sı üzrə axtarış aşkar edilməsi” halı aşkarlanmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 25 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, “Toyota Camry” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair toplanmış HK-1-646 nömrəli material üzrə İddiaçı Şəhafət oğlunun fakt üzrə əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikası Baş X1 İdarəsinin iddiaçıya ünvanladığı 29 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, “TOYOTA CAMRY” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı Şəhafət oğlunun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş AD № 630698 saylı “Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi”nin surətindən görünür ki, “TOYOTA CAMRY” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən məhkəməyə sorğu əsasında daxil olmuş 12 iyul 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, 25 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilməmişdir və hal-hazırda qüvvədədir.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilin dövlət qeydiyyatına alınması səlahiyyəti BDYPİ-yə aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqanlar tərəfindən tələb təmin edilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu, Xırdalan şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, AD № 630698 saylı “Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi”nin surətindən görünür ki, “TOYOTA CAMRY” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İddiaçı mülkiyyətində olan “TOYOTA CAMRY” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “TOYOTA CAMRY” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı, minik tipli, 2016-cı il buraxılışlı avtomobilin texniki baxış zamanı “İNTERPOL xətti üzrə RF-sı üzrə axtarış aşkar edilməsi” aşkar edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. İş üzrə araşdırılma aparılmış, 25 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla “Toyota Camry” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair toplanmış HK-1-646 nömrəli material üzrə İddiaçı Şəhafət oğlunun fakt üzrə əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsası kimi “TOYOTA CAMRY” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildə “İNTERPOL xətti üzrə RF-sı üzrə axtarış aşkar edilməsi” halının aşkarlanması göstərilmişdir. Lakin yuxarıda qeyd olunan – 25 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla İddiaçı Şəhafət oğlunun fakt üzrə əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir və beləliklə, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2016-cı il buraxılışlı “Toyota Camry” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. 2016-cı il buraxılışlı “Toyota Camry” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı, XW7BF4FK30S131959 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva