Məhkəmə qərarları › İş №2-1(118)-360/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-360/2020

10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-360/2020 10.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “müharibə veteranı vəsiqəsini aldığı xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin xx xxxxxxx 2019-cu il tarixli, **********2 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, İİ paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatdadır və hal-hazırda ünvan 237, mənzil 2 ünvanda yaşayır. Qeyd edir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etmişdir. O müharibə veteranıdır. Bildirir ki, o uzun müddət müharibə veteranı vəsiqəsinin verilməsi üçün aidiyyatı orqanlara müraciət etmişdir. Nəhayət ki, xx.xx.2019-cu ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2019-cu ildən müharibə veteranlarına şamil edilən sosial müavinəti alır. Hesab edir ki, o müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinəti də almalıdır. İddiaçı 2019-cu ildə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək, müharibə veteranı vəsiqəsi aldığı xx.xx.2019-cu ildən əvvəlki 3 illik dövr üçün ona müharibə veteranları üçün müəyyən olunmuş sosial müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının xahişi təmin olunmamışdır. Bununla da cavabdeh tərəfindən faktiki olaraq hərəkətsizlik edilmişdir. Hesab edir ki, bu tamamilə qanunsuzdur. Belə ki, qanunvericilikdə onun müraciətinin təmin olunmasını qadağan edən müddəa yoxdur. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onun döyüşçü yoldaşlarından bir neçəsi eyni qaydada əvvəlki dövr üçün müavinət verilməsi barədə müraciət ediblər və onların müraciəti müsbət həll olunub. İddiaçının müavinət almaq hüqüqunun yaranması anı onun müharibə veteranı vəsiqəsini aldığı vaxtdır, yəni xx.xx.2019-cu il tarixidir. Halbuki, iddiaçının vəsiqə aldığı tarixin onun müavinət almaq hüququnun yaranması tarixi hesab olunması barədə qanunvericilikdə heç bir dəqiq göstəriş yoxdur. Qanunvericilik müəyyən edir ki, müavinət almaq hüququ vəsiqə təqdim etdikdə həyata keçirilir. Əgər müavinət almaq hüququnun yarandığı an vəsiqənin alındığı an olsaydı o zaman qanunvericilikdə əvvəlki dövrlər üçün müavinət anlayışı olmazdı. Eyni zamanda iddiaçının müharibə veteranı adını (vəsiqəsini) gec almağı heç bir halda onun əleyhinə yozula bilməz. Belə ki, əgər onun xidmətləri müharibə veteranı statusu vermək üçün yetərli idisə, bu zaman Müdafiə Nazirliyi onun müraciətini göndərmədən iddiaçıya müvafiq statusu verməli idi. Müvafiq icra hakimiyyəti orqanının hərəkətsizliyi heç bir halda iddiaçının əleyhinə yozula bilməz. Müavinət alımaq hüququ olan şəxsin gec müraciət etməsi onu əvvəlki dövrlər üçün müavinət almaq hüququndan məhrum edə bilməz. Məhkəmə iclasında iddiaçı X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1 -ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1 -ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Qanunun 9.1 maddəsinin mətnindən də göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə,bu Qanunun qəbul edildiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Yəni hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, onda qanun qəbul edildiyi gündən hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən sonraya təsadüf edirsə, onda hüququn yarandığı gündən, lakin hər iki halda müraciətdən əvvəlki 3 ildən artıq olmayan müddət daxilində müavinət təyin edilir. İddiaçının müavinət almaq hüququ müharibə veteranı adının aldığı xx.xx.2019-cu il tarixdə yarandığından ona həmin tarixdən əvvəlki dövrə müavinət təyin edilməsi qanunsuzdur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2007-ci il tarixli 03/102 nömrəli məktubuna və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir və müavinət almaq hüququ onlara veteran adının və vəsiqəsinin verildiyi gündən yaranır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən vətəndaş İddiaçı müharibə veteranı vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyi üçün müavinət hüququ həmin tarixdən yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Qərarın təsviri hissəsində qeyd edildiyi kimi iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində iştirakına görə, müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və əvvəlki dövrlərlə bağlı ödəniş edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2019-cu ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alma səbəbi 2019-cu il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2019-cu ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütüövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Bu hal isə iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.5-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinətin əvvəlki 3 illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar