Məhkəmə qərarları › İş №2-1(118)-3603/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3603/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3603/2025 08.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X1-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaç İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə ona Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin 12 may 1992-ci il tarixli, 04 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş və 0,10 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın, torpağın plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə, ona Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin 12 may 1992-ci il tarixli, 04 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş 0,0882 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin 12 may 1992-ci il tarixli, 04 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 mart 1989-cu il tarixli, 111 saylı qərarı ilə sovxozun fəhlə və qulluqçularına Xırdalan Südçülük və tərəvəzçilik sovxozunun direktorunun 28 noyabr 1991-ci il tarixli, 114 saylı, xx.xx.1993-cü il tarixli, 07 saylı və xx.xx.1992-ci il tarixli, 21 saylı əmrlərinə, sovxoz həmkarlar komitəsinin əmək kollektivi şurası ilə birlikdə 15 noyabr 1991-ci il tarixli, 2 saylı və xx.xx.1992-ci il tarixli 8 saylı və 25 aprel 1992-ci il tarixli, 12 saylı qərarlarına əsasən hər bir işçiyə Masazır rayonunda ayrılmış 10 sot torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və həmin siyahıya iddiaçının də adı daxil edilmişdir. İddiaçı fərdi yaşayış evi tikməklə 30 ildən çoxdur ki, ailə üzvləri ilə bu evdə yaşayır. İddiaçıya məxsus torpaq sahəsi və fərdi ev Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planına da daxil edilmişdir. Həmin ev kommunal sahələrlə təmin edilmiş və iddiaçı Zəngilan rayonundan məcburi köçkün gəldiyi vaxtdan ailə üzvləri ilə bu evdə yaşayır. İddiaçı qeyd etdiyi halları təsdiqləyən sənədləri cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli 321332/1-B-0041-8/24 saylı imtina məktubunda bir sıra səbəblər gətirməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Buna səbəb kimi torpağın ayrılması barədə sərəncamın müraciətə əlavə olunmadığı qeyd edilmiş və digər 12 may 1992-ci il tarixli sərəncamın isə tikintiyə icazə ilə bağlı olduğu qeyd olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, xx.xx.1992-ci il tarixli sərəncamın özündə də torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamın olması qeyd edilmiş və həmin sərəncama əsasən iddiaçıya ayrılan 10 sot torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəvvənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, müraciət üzrə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəsinin 12 may 1992-ci il tarixli, 04 nömrəli qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. Abşeron Rayon İcra Hakimiyəti başçısının Masazır kənd nümayəndəliyinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin (Kabinetinin) 2 mart 1989-cu il tarixli, 111 №-li qərarı ilə sovxozun fəhlə və qulluqçularına sovxoz direktorunun 28 noyabr 1991-ci il tarixli 114 №-li, 7 fevral 1992-ci il tarixli 7 №-li və 28 aprel 1992-ci il tarixli 21 №-li əmrlərinə və sovxoz həmkarlar komitəsinin əmək kollektivi şurası ilə birlikdə 15 noyabr 1991-ci il tarixli 2 №-li 31 yanvar 1992-ci il tarixli 8 №-li 25 aprel 1992-ci il tarixli 12 №-li qərarlarına əsasən, hər bir işçiyə Masazır kənd ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi ayrılması məsləhət bilinmişdir. Masazır kənd nümayəndəliyi südçülük tərəvəzçilik sovxozunun direktorunun 114,07 və 7 №-li əmrləri, əmək kollektivi şurasının və həmkarlar komitəsinin 02, 08 və 12 №-li qərarları ilə aşağıda adları qeyd olunan vətəndaşların, torpaq sahələrinin naturadan bölgüsü memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikməsini məqsədəuyğun hesab edilmişdir.

13. Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,0882 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

14. Abşeron rayonu, Masazır kəndi ərazisində 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,0882 hektardır. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Masazır bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planındakı (sxem) koordinatlara uyğundur.

15. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48-1RA/2-291/25 nömrəli məktubundan görünür ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Masazır İcra Nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamında İddiaçı adı aşkar edilməmişdir.

IV. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

19. 01 yanvar 1971-ci il tarixdə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə, kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir.

20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

24. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən, kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir.

26. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

27. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

V. Məhkəmənin mövqeyi

29. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. Məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron Rayon İcra Hakimiyəti başçısının Masazır kənd nümayəndəliyinin 12 may 1992-ci il tarixli, 04 nömrəli sərəncamına əsasən Xırdalan südçülük/tərəvəzçilik sovxozunda işləyən fəhlə və qulluqçulara verilən həyətyanı torpaq sahəsində fərdi yaşayş evi tikdirilməsinə icazə verilmişdir. Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin (Kabinetinin) 2 mart 1989-cu il tarixli, 111 №li qərarı ilə sovxozun fəhlə və qulluqçularına sovxoz direktorunun 28 noyabr 1991-ci il tarixli 114 №-li, 7 fevral 1992-ci il tarixli 7 №-li və 28 aprel 1992-ci il tarixli 21 №-li əmrlərinə və sovxoz həmkarlar komitəsinin əmək kollektivi şurası ilə birlikdə 15 noyabr 1991-ci il tarixli 2 №-li 31 yanvar 1992-ci il tarixli 8 №-li 25 aprel 1992-ci il tarixli 12 №-li qərarlarına əsasən hər bir işçiyə Masazır kənd ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi ayrılması məsləhət bilinmişdir. Masazır kənd nümayəndəliyi südçülük tərəvəzçilik sovxozunun direktorunun 114,07 və 7 №-li əmrləri, əmək kollektivi şurasının və həmkarlar komitəsinin 02, 08 və 12 №-li qərarları ilə aşağıda adları qeyd olunan vətəndaşların, torpaq sahələrinin naturadan bölgüsü memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə fərdi ev tikməsini məqsədəuyğun hesab edilmişdir.

31. Məhkəmə hesab edir ki, Abşeron Rayon Masazır İcra Nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamında İddiaçı adı aşkar edilməməsi vətəndaşın məsuliyyətinə aid olmamaqla iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Cavabdehin bu səbəbdən iddiaçıya imtina cavabı verməsi əsassızdır.

32. Məhkəmə hesab edir ki, İddiaçı torpaq sahəsinin ayrılmasına dair məlumatın arxivdə aşkar edilməməsi iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Qeyd edilən sənədin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir.

33. Azərbayan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli 2(102)-2282/2023 saylı qərarında göstərilmişdir ki, “Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativhüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Bu mənada, hazırki işin halları baxımından aydındır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. Çünki həmin qərar məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Qeyd edilən qərarda isə yuxarıda da göstərildiyi kimi ehtiyacı olan vətəndaşların məskunlaşdırılması ilə bağlı məsələlər, o cümlədən fərdi yaşayış evlərinin tikintisini təmin etmək üçün onlara torpaq sahələrinin ayrılması məsələsinin həll edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, işdəki sənədlərin məcmusu, o cümlədən inzibati aktın məqsəd ünsürü nəzərə alındıqda Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənəddir”.

34. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

37. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanındavranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyəti başçısının Masazır kənd nümayəndəliyinin 12 may 1992-ci il tarixli, 04 saylı sərəncamına əsasən tikintisinə icazə verilmiş Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0882 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X1-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar