Məhkəmə qərarları › İş №2-1(118)-3604/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3604/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3604/2024 23.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsinə qarşı “media reyestrinə daxil edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materialında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş:

1. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İddiaçı göndərilmiş 20 noyabr 2023-cü il tarixli, 11-5-11/2-438/2023 nömrəli məktubundan görünür ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada, yəni “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə müraciət edilməlidir. Qeyd edilir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət edilməlidir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

İddia ərizəsinin dəlilləri

2. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Yeni Azərbaycan Naminə” qəzeti, “Yenian.az” saytının və iddiaçının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 oktyabr 2023-cü il tarixdə “Yeni Azərbaycan Naminə” qəzeti və “Yenian.az” saytının media reyestrinə daxil olması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh vaxtın ötürülməsini və “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 78.3 və 73.6-cı maddələrini əsas tutaraq, imtina cavabı vermişdir. Qeyd edilir ki, vaxtın ötürülməsi iddiaçının səhhətinin pozulması ilə bağlı olmuşdur. Belə ki, 2021-ci ilin sentyabr ayında phayzer vaksininin vurulması ilə əlaqədar səhhətində ciddi problemlər yaranmışdır. Hal-hazırda vaksinin yaratdığı sümük vərəmi xəstəliyi ilə əlaqədar müalicə olunur. 2023-cü ilin fevral-mart aylarında cavabdehə zəng edərək, yataq xəstəsi olduğunu bildirmiş və reyestrə düşməyi ilə bağlı xahiş etmişdir. İddiaçıya köməklik edəcəklərini bildirsələr də, heç bir dəstək verilməmişdir. Bir neçə aydan sonra səhhəti normallaşdığı üçün, cavabdehə müraciət etsə də, ona müddətin ötürüldüyü bildirilmişdir.

4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 33.1. 73.2-ci maddələrinə istinad edilmişdir.

5. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

6. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

7. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh təşkilata qanunvericiliyin tələblərinə riayət edilməklə müraciət edilməmiş, eləcə də qanunverciliyin tələbinə əsasən müvafiq sənədlər təqdim edilməmişdir. Belə olan təqdirdə cavabdeh təşkilat olaraq iddiaçının media reyestrinə daxil olunması ilə bağlı xahişinə baxmaq üçün müvafiq araşdırılmanın aparılması qeyri-mümkün olmuşdur. Bu səbəbdən, iddiaçıya müvafiq qaydada müraciət edilməsi tövsiyyə edilmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən media subyektlərinin media reyestrinə daxil olunma ilə bağlı müraciətlərinə yalnız qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş müraciət formasına riayət edildikdə baxılması mümkün ola bilər.

9. Etirazın maddi hüquqi əsası kimi “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 73.2, 73.7, 74.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2022-ci il tarixli, 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 8.1 və 8.2-ci bəndlərinə istinad edilmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh orqanın şöbə müdiri iddiaçıya onlayn müraciət edilməsini tövsiyə etmiş və prosesual müraciət qaydalarını ona izah etmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, qaydalara uyğun müraciətin edilməsi üçün 6 ay müddətini ötürüb. İddiaçı ona səhhəti ilə əlaqədar problemlərinə görə müraciət etmək qeyri-mümkün olduğunu bildirəndən sonra, həmin şəxs köməkliyin göstərilməsini demişdir. Lakin onlayn müraciət zamanı müddətin ötürülməsinə görə sistem həmin müraciətə uyğun forma verməmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi və vəkili iddiaçının izahatı ilə bağlı qeyd etmişdir ki, elektron sistemdə problem yarananda, bu barədə müraciət edilməlidir. Həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdeh orqana lazımi qaydada müraciət olunmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

14. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

15. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

16. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

17. Məhkəmə iş materialında olan sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.

18. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

19. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

20. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

21. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

22. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)

25. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Yeni Azərbaycan Naminə” qəzeti, “Yenian.az” saytının və iddiaçının Media Reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. İş materialında olan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin məktubunda görünür ki, fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri “Media Reyestrinin aparılması Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə müraciət edilməlidir.

27. Eyni zamanda, cavabdeh öz etirazında bildirir ki, iddiaçı qanunvericiliyin tələblərinə riayət edilməklə müraciət etməyərək, qanunverciliyin tələbinə əsasən müvafiq sənədlər təqdim etməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının müraciətilə əlaqədar müvafiq araşdırmanın aparılması qeyri-mümkün olmuşdur.

28. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məhkəməyə qədər qanunauyğun formada müraciət edilməmiş və müvafiq imtina alınmamışdır.

29. Həmçinin, müraciətə cavabdeh orqan tərəfindən də iddiaçıya imtina verilməmiş, müvafiq qaydada müraciət edilməsi tövsiyyə edilmişdir.

30. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

31. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, iddiaçıya cavabdehə müraciət etmək üçün vaxt vermək məsələsini araşdırmaq üçün, iddiaçıya hüququ yardım edərək, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 20 noyabr 2023-cü il tarixli, 11- 5-11/2-438/2023 nömrəli məktubundan sonra həmin təşkilata təkrar müraciətlərin edilmədiyini bildirmişdir.

32. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər

34. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi publik hüquqi şəxsinə qarşı ““Yeni Azərbaycan Naminə” qəzetinin, “Yenian.az” saytının və iddiaçının Media Reyestrinə daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar