Məhkəmə qərarları › İş №2-1(118)-3609/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3609/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3609/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onun tədqim etdiyi xx xxxxxxxx 1960-cı il tarixdə verilmiş əmək kitabçasında, Azərbayan Respublikası Dövlət X3 tərəfindən verilmiş 09 aprel 2019-cu il tarixli arxiv arayışlarında qeyd ediilmiş iş stajının, 14 sentyabr 1977-ci il tarixdən 14 iyul 1978-cu il tarixə kimi Sumqayıt 44 №-li peşə məktəbində təhsil aldığı müddətin və 30 sentyabr 1979-cu il tarixdən 14 noyabr 1981-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında xidmət etdiyi dövrləri nəzərə alıb 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.1977-ci il tarixdə peşə məktəbinə daxil olmuş, xx.xx.1978-ci il tarixdə elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir. xx.xx.1978-cİ il tarixdə Sumqayıt şəhəri Armatur zavodunda elektik qaynaqçısı peşəsində əmək fəaliyyətinə başlamışdır, xx.xx.1991-ci il tarixə kimi müxtəlif təşkilatlarda işləmişdir. 1978-1981-ci illərdə keçmiş SSRİ-nin Sovet Ordusu sıralarında 2 il müddətdə xidmət etmişdir. İddiaçı həmçinin 27 aprel 1991-ci il tarixdən 22 iyun 1996-cı il tarixə kimi keçmiş Quba rayon M.F.Axundov adına kolxozda işləmişdir. Ümumilikdə, iddiaçının 25 ildən artıq sığorta stajı var ki, onun da 12 il 6 aydan çox hissəsi zərərli sahələrə aiddir. Qanunun tələbinə görə ona 60 yaşdan xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı hüquqmüəyyənedici sənədləri toplayıb cavabdeh təşkilata müraciət etmiş, cavabdeh xx.xx.2024-cu il tarixli məktubu ilə pensiya kapitalının kifayət etmədiyini bildirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa qörə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən İddiaçı ümumi iş stajı 25 ildən az (17 il 6 ay 12 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2011-2013-cü illər üzrə 1 il 2 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (9 il 3 ay 25 gün (xx.xx.1978-xx.xx.1979- cu il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1988-09.4.1990-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15615,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan : -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. -İddiaçının adına açılmış ИТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-cİ il tarixdə Sumqayıt şəhəri Armatur zavodunda elektik qaynaqçısı peşəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1991-ci il tarixə kimi müxtəlif təşkilatlarda işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələbindən göründüyü kimi şəxsə 60 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajın və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən iş stajını tam qəbul etmiş, yəni mübahisələndirdiyi dövr yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının təhsil, hərbi xidmət və işlədiyi dövrlərin hamısı nəzərə alındıqda ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il aydan az təşkil edir ki, bu hal ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, Qanunun pensiya kapitalı ilə bağlı tələbinin yoxlanılmasına artıq zərurət qalmır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar