Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3615/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qılıcov X7 rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə dair tələblə cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********00 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, X10 ərazisi, Mır Cəlal küçəsi, döngə 2 ünvanında yerləşən 4 nömrəli fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 06 dekabr 2021-ci il tarixində cavabdeh orqana müraciət etmişdir. 10 dekabr 2021-ci il tarixində cavabdeh orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən müraciətinə cavab olaraq 2 **********0 saylı məktubla bildirilmişdir ki. "aparılan araşdırma zamanı sizin mülkiyyətinizdə olan fərdi yaşayış evi X8 ərazisində yerləşdiyinə baxmayaraq 0.30 ha torpaq sahəsinin Bilgəh bələdiyyədi tərəfindən X2 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrıldığı müəyyən edilmişdir. Sözügedən qərara dair alqı-satqı aktı, ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin hazırki ərizənizə əlavə edilmədiyi müəyyən edilmişdir. Bundan başqa texniki baxış keçirərkən 24322 reyestr və 473 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin təmamilə söküldüyü (aşkarlanmadığı), sözügedən ərazidə yeni layihələndirilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu müəyyən edilmişdir.Əlavə olaraq bildiririk ki. Bilgəh bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən 0.30 ha torpaq sahəsinin X2 normadan artıq ayrıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir". İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi döngə 2-də yerləşən 4 saylı evin yerləşdiyi torpaq sahəsi müvafiq qərar ilə ayrılaraq uzun illərdir ki, istifadəsinə verilmişdir. Bundan başqa həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04 mart 2014-cü il tarixində ******* nömrəli, RX seriyalı çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, uzun illər istifadə etdiyi və bələdiyyənin müvafiq qərarı ilə ayrılmış torpaq sahəsinin adına rəsmiləşdirilməsindən imtina edilməsi əsassız və qanunsuzdur. Hal-hazırda hesab edir ki, fərdi yaşayış evinə dair adına daşınmaz əmlakın dövlət reyestrindən Hüquqların Dövlət Qeydiyyatına Alınması haqqında çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2 ünvanında yerləşən İddiaçı məxsus 4 nömrəli fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadəsində olan 0.303 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi X8 ərazisində yerləşdiyinə baxmayaraq, 0.30 ha torpaq sahəsinin Bilgəh Bələdiyyəsi tərafindən X2 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrıldığı (sözügedən ərazi Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilməmişdir); Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarına dair: Algı-satqı aktının, Qanunamüvafiq qaydada təsdiq edilmiş və üzərində döngə nöqtələrinin koordinatları qeyd olunmuş Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarışın ərizəyə əlavə edilmədiyi; Texniki baxış keçirilərkən 24322 reyestr və 473 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin tamamilə söküldüyü (aşkarlanmadığı), sözügedən ərazidə yeni layihələndirilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu; Bilgəh bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən 0.30 ha torpaq sahəsinin X2 normadan artıq ayrıldığı müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlan"nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd edirlər ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydaları”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydalarına Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt" çıxarılmışdır. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözu ilə əvəz olunmuşdur. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə bağlı ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması ilə bağlı xüsusi olaraq aşagıdakıları qeyd etməyi vacib sayır. İş materiallarından görsənir ki, X6 02 yanvar 2002-ci il tarixli 14 saylı Qərarı ilə X2 Bilgəh qəsəbə ərazisindən 0.30 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində tikilmiş 17,5 kv.m yaşayış evi X1 adına dövlət qeydiyyatına alınmış, 25 dekabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X5 vərəsə olaraq müəyyən edilmiş, 20 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi ilə Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi X5 tərəfindən İddiaçı bağışlanmışdır. Hazırda Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ müvafiq olaraq dövlət qeydiyyatına alınmış, eyni zamanda fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi barədə qeydlər aparılmışdır. İş materiallarından göründüyü kimi iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddiaçın mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqlar ilə bağlı tələblər irəli sürməsi üçün əsas təşkil edir. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı: İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi X8 ərazisində yerləşdiyinə baxmayaraq, 0.30 ha torpaq sahəsinin Bilgəh Bələdiyyəsi tərafindən X2 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrıldığı (sözügedən ərazi Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilməmişdir); Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarına dair: Algı-satqı aktının; Qanunamüvafiq qaydada təsdiq edilmiş və üzərində döngə nöqtələrinin koordinatları qeyd olunmuş Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarışın ərizəyə əlavə edilmədiyi; Texniki baxış keçirilərkən 24322 reyestr və 473 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin tamamilə söküldüyü (aşkarlanmadığı), sözügedən ərazidə yeni layihələndirilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu; Bilgəh bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən 0.30 ha torpaq sahəsinin X2 normadan artıq ayrıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın bu qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Cavabdehin ilkin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, X6 02 yanvar 2022-ci il tarixli 14 saylı Qərarı ilə X2 Bilgəh qəsəbə ərazisindən 0.30 ha torpaq sahəsi ayrılmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin qeydiyyat sənədində torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi gstərilmişdir. Göründüyü izibati orqan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olduğunu özü dövlət qeydiyyatına almışdır. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının ilkin dəlili əsaslı hesab edilə bilməz. Cavabdehin ikinci dəlili ondan ibarətdir ki, qanunamüvafiq qaydada təsdiq edilmiş və üzərində döngə nöqtələrinin koordinatları qeyd olunmuş Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarış ərizəyə əlavə edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsində yaşayış evi tikilmiş və həmin yaşayış evi üzərində mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmış, yaşayış evinin texniki paspotu hazırlanmış, həmin sənəddə torpaq sahəsidə göstərilmişdir. Bu halda Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarışın olması zəruri hesab edilə bilməz. Çünki yaşayış evi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış, torpaq sahəsi ilə bağlı məlumatlarda qeyd edilən sənədlərdə öz əksini tapmışdır. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Bundan əlavə cavabdeh qeyd edir ki, texniki baxış keçirilərkən 24322 reyestr və 473 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin tamamilə söküldüyü (aşkarlanmadığı), sözügedən ərazidə yeni layihələndirilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanan maddi hüquq normalarından görsənir ki, məhv olmuş və ya sökülmüş daşınmaz əmlak üzərində olan mülkiyyət hüququ qeydinin ləğvi qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Hazırkı iddia tələbi üzrə cavabdeh təşkilat torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin sökülməsini bildirməsinə baxmayaraq, hal-hazırda torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ qeydi qüvvədədir və buda iddiaçının hüquqlarının qorunması üçün əsas təşkil edir. Eyni zamanda məhkəmə hesdab edir ki, cavabdeh inzibati orqanın qeyd etdiyi “sözügedən ərazidə yeni layihələndirilmiş 2 (iki) mərtəbəli fərdi yaşayış evinin inşa olunması” və iddiaçının hazırkı iddianın qaldırılması iddiaçının öz hüquqlarından imtina etmədiyini göstərir. O qanunvericilikdə nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək yeni tikilmiş yaşayış evinə dair mülkiyyət hüquqlarının bərpasına nail ola bilər. Bundan əlavə cavabdeh bildirir ki, Bilgəh bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən 0.30 ha torpaq sahəsinin X2 normadan artıq ayrıldığı müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan etirazında torpaq sahəsinin normadan artıq ayrıldığını bildirsə də, torpaq sahəsinin hansı normadan artıq ayrıldığını qeyd etməmişdir. Məhkəmə qeyd edir ki, Bələdiyyə qərarı mübahisələndirilməmiş, eyni zamanda yaşayış evinin və torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması mübahisə olunmur. Qeyd edilən hallar cavabdehin dəlillərinin əsassız olduğunun göstərir. Göründüyü kimi iddiaçının fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı zəruri sənədləri mövcuddur və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması onun gözlənilən hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarındada inkişaf etdirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X9 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evi üzərində qeydə alınmış mülkiyyət hüququ olduğu halda torpaq sahəsinində dövlət qeydiyyatına alınmaması «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qəymətləndirilərək, onun hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Lakin eyni zamanda məhkəmə hesab edir ki, aşagıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Beləki, iddiaçı Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.303 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Lakin Bilgəh bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 14 nömrəli qərarı ilə X2 0.30 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ yaranmışdır və həmin hüquq dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu, X10 ərazisi, Mir Cəlal küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-3615/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3615/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver