Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3624/2023 04.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X2rşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı və nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X1rşı “cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X14 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980-ci il tarixdə anadan olmuşdur. O, X9 ilə rəsmi nikaha daxil olmuş, hazırda bir ailə kimi xoşbəxt və mehriban şəkildə iddiaçıya məxsus fərdi yaşayış evi olan ünvan 3 ünvanında yaşayırlar. X6 əvvəlki nikahdan 26 dekabr 2007-ci il təvəllüdlü X10 və 19 dekabr 2008-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında və himayəsindədirlər. İddiaçı onlar üçün əlindən gələn hər bir şeyi yüksək səviyyədə təşkil edir. Uşaqlar ona ata deyərək müraciət edirlər və iddiaçı onları övladı kimi qəbul edir. Hazırda övladları Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində təhsil alırlar. Hər birinin təhsil haqqısı 6000 və 5500 (digər uşaq) manat təşkil edir. Övladlarının oxuduğu təhsil ocaqlarında hər kəs, sinif yoldaşları belə uşaqların atasının iddiaçı olduğunu bilirlər. Sinif yoldaşlarına iddiaçını atası kimi təqdim edirlər. Lakin sənəddə ata adı qrafasında iddiaçı göstərilmədiyindən bu uşaqlara psixoloji təsir edir və onlar mənəvi cəhətdən sarsıntı keçirirlər. Belə ki, uşaqların bioloji atası onlarla maraqlanmır, heç bir əlaqələri yoxdur. Uşaqlar ona görə doğma ata kimi iddiaçını görür və sinifdə isə ata adının fərqli səslənməsi, şəxsiyyət vəsiqələrində ata adının başqa olması onlarda psixoloji travma yaradır. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarını iddiaçının övladlığa götürməsinə razı olmuş və bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi də vardır. X13 atası Nart Şahin və anası Zemfira Qəniyeva uşaqların iddiaçının övladlığa götürməsinə belə razıdırlar. Həmin razılıq da notarial qaydada təsdiq edilmişdir. Övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməyi tövsiyə etmişlər. İddiaçı qanun çərçivəsində bütün sənədləri yığaraq 17 mart 2023-cü il tarixdə Sosial Xidmətlər Agentliyinə təqdim etmiş, rəsmi qaydada qeydiyyatdan keçmiş və müraciəti dərhal qeydə alınmışdır. 26 may 2023-cü il tarixdə iddiaçıya imtina verilmişdir. İmtinanın səbəbi kimi isə bir cümlə olaraq “uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn namizədin müraciətindən imtina edilir" deyə yazılmışdır. Hazırda cavabdeh orqanla əlaqə saxlamağa çalışsalar da, imtinanın səbəblərinin aydın şəkildə izah edilməsini, həmin imtinanın ərizə şəklində iddiaçıya təqdim edilməsini xahiş etsələr də ona imtinanın yalnız onlayn qaydada həmin formada olmasını bildirmişlər. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı 04 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, habelə onun nümayəndəsi, Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, sonuncu məhkəmə iclası barədə məlumatladndırılmasına baxmayaraq məhkəmə icasında təmsil edilməmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində həyat yoldaşı X6 X12 ilə birgə nikahından olan X10 və X4 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığagötürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. Ögey ata tərəfindən övladlığa götürmə üzrə müraciət etmiş valideyn-namizəd İddiaçı müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, iddiaçı ərizə üzrə onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X25 və X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayış təqdim etməmişlər. Həmçinin, valideynnamizədin təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli “ailə tərkibi haqqında” arayışına əsasən X25 və X3 valideyn-namizədlə birgə eyni ünvanda yaşamadıqları məlum olmuşdur. Bu qeyd edilənləri nəzərə alaraq, valideyn-namizədin müraciətindən qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X9 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. • İşə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən yetkinlik yaşına çatmayan X10 və X4 bioloji atası X12 övladlarının iddiaçı tərəfindən övladlığa götürülməsinə razılıq vermişdir. • Övladlığa götürmə ilə bağlı tibbi arayışa əsasən iddiaçı ilə bağlı hər hansı bir xəstəlik aşkar edilməyərək sağlam diaqnozu qoyulmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı işdə iddiaçı yetkinlik yaşına çatmayan uşaqları övladlığa götürməklə bağlı deyil, cavabdeh tərəfindən verilmiş imtinanın ləğvi ilə bağlı iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdehin imtinası iddiaçıya elektron formada ünvanlanmış və hər hansı bir izah verilməmişdir. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (maddə 35.1.).
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir (maddə 117.1). Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər (maddə 117.3.). Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Övladlığa götürmənin sirri dövlət tərəfindən qorunur ( maddə 32.). İşdən göründüyü kimi iddiaçı 26 noyabr 2019-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Günay Həşimovanın ilkin nikahdan olan uşaqları - X10 və X8 yetkinlik yaşına çatmayaraq iddiaçı və Günay Həşimovanın himayəsi altında yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqların bioloji atası X12 notarial qaydada ərizə yazaraq övladları X10 və X4 İddiaçı tərəfindən övladlığa götürülməsinə razı olduğunu bildirmişdir. İddiaçı müvafiq qaydada sənədlərini cavabdehə orqana təqdim edərək həmin uşaqların övladlığa götürülməsini xahiş etsə də, cavabdeh orqan tərəfindən uçot məlumatlarının düzgün təqdim edilmədiyi üçün ərizəsinin icrasından imtina edildiyi bildirilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, imtina əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında 393 nömrəli xx.xx.2018-ci il tarixli Fərmanı ilə Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid edilib. Ailə Məcəlləsində övladlığa götürmənin üç mərhələdə həyata keçirildiyi qeyd edilmişdir:
1. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 2. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 2.1. Övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 2.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 2.3. Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 2.4. Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 2.5. Övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. 3. Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi (maddə 118). Övladlığa götürmək üçün müraciət edən şəxslərə dair şərtlər aşağıdakılardır: Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan şəxs (şəxslər) övladlığa götürən ola bilər:
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; 2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər; 3. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər; 4. Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; 5. Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər; 6. Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər; 7. Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində; 8. Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla); 9. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı ilə müəyyən edilmiş xəstəlikləri olan şəxslər; 10. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları); 11. Mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az yaşayış sahəsi olan Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 12. Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla yaşı 30dan az olan nikahda olmayan şəxslər; 13. 2.6, 2.7 və 2.9-cu bəndlərdə qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir. 14. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıda qeyd edilən halların heç biri mövcud deyildir. Övladlığa uşaq götürmək istəyən valideyn-namizəd(lər)in özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edilir və övladlığagötürmə ilə bağlı ərizə alınır. Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır. Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər. İşdən göründüyü kimi iddiaçı övladlığa götürmə ilə bağlı tibbi arayış təqdim etmiş və onda qeyd olunan xəstəliklər (infeksion xəstəlik, ruhi xəstəlik və s) aşkar edilməmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, X25 və X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci il 15 avqust tarixli, 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayış təqdim etməmişlər. Həmçinin, valideyn-namizədin təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli “ailə tərkibi haqqında” arayışına əsasən X25 və X3 valideynnamizədlə birgə eyni ünvanda yaşamadıqları məlum olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizədə uşaqların bioloji atasından əlavə iddiaçının həyat yoldaşı Günay Həşimovanın valideynləri tərəfindən də yetkinlik yaşına çatmayan uşaqların iddiaçı tərəfindən övladlığa götürülməsinə etiraz edilməyərək razılıq verilmişdir. Bundan əlavə işdə olan xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışda iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri içərisində X9, X10, X8 və X5 adları qeyd olunmuşdur. X25 və X7 iddiaçı valideyn-namizəd və onun ailə üzvü ilə birgə yaşamadıqlarından onların tibbi müayinədən keçməsi zərurəti aradan qalxmış olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1.). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (15.2.). Qeyd olunan normaları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının bütün zəruri sənədləri qanuna müvafiq qaydada təqdim etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən əsassız olaraq imtina edilməsi iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların sosial-iqtisadi hüquqlarının pozulmasına səbəb olur. Ona görə də cavabdeh təşkilat tərəfindən verilən 06 may 2023-cü il tarixli imtina ləğv edilməli, iddiaçı tərəfindən övladlığa götürmə ilə bağlı digər zəruri hərəkətlərin qanun çərçivəsində həyata keçirilməsinə əsassız müdaxilələr mövcud olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2).
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X24 tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtina ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev