Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3628/2025 10.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən vahid çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən vahid çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarına əsasən ünvan 3 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi (faktiki istifadə vəziyyətinə uyğun olmaqla) və bu torpaq sahəsində inşa edilmiş, **********29-10301 reyestr nömrəli çıxarışa əsasən, mülkiyətində olan 1 mərtəbəli fərdi yaşayış evi üzərində (22961 qeydiyyat nömrəli texniki pasporta uyğun şəkildə) vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3019/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5051/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarına əsasən, mərhum X4 ayrılmışdır. Sözügedən qərara əsasən ayrılmış storpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair X1 adına “X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən 22961 qeydiyyat, 756 inventar nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. X1 vərəsəsi kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən **********29-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarı ilə ayrılmış 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-M-0427-8/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və qərar qəbul edilməlidir. Bildirir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli. 3-21-3-32/2-M-0427-8/2023 saylı bildiriş məktubunda Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarına dair alqısatqı aktının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin rəyinin, yerquruluşu planından çıxarışın təqdim edilmədiyi, fərdi yaşayış evinin müavinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) və buna dair notarial qaydada təsdiq edilmiş məhv ərizəsinin müraciətə əlavə olunmadığı, torpaq sahəsinin adına normadan artıq ayrıldığı, 22961 qeydiyyat nömrəli texniki pasportda fərdi yaşayış evinin bir mərtəbəli qeyd edilməsinə baxmayaraq, faktiki vəziyyətdə mərtəbəli və mansardlı olduğu, evin qapısı bağlı olduğu üçün fərdi yaşayış evinə baxış keçirilməsinin mümkün olmadığı, bu səbəblərdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Çünki alqı-satqı aktı, rəylərin və yerquruluşu planından çıxarışın təqdim edilməməsi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün maneə ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında bu xüsusatlara qiymət verilmişdir. Bundan başqa, Bilgəh bələdiyyə şurasının xx.xx.2001-ci il tarixli, 10 saylı Qərarına əsasən iddiaçının adına ayrılmış torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ artıq qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin 1 mərtəbə və mansarddan ibarət olması səbəbindən iddia tələbi yalnız 0,16 ha torpaq sahəsi və tikilinin 22961 qeydiyyat nömrəli texniki pasporta uyğun (yəni 1 mərtəbəli göstərilməklə) şəkildə qeydiyyata alınmasına dair tərtib olunmuşdur. Məlumat üçün bildirir ki, Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı qərarı ilə ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələblərinə dair Sumqayıt İnzibati Məhkəməsi və Bakı İnzibati Məhkəməsinin icratında bir çox məhkəmə araşdırmaları olmuş, bu iddia tələbləri təmin edilmiş və müvafiq qərarlar qanuni qüvvəsini alaraq icra edilmişdir.
5. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-M-0427-8/23 nömrəli imtina məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı Bilgəh bələdiyyə şurası tərəfindən vərəsəsi olduğunu X4 0,16 ha torpaq sahəsi 02 yanvar 2002-ci il tarixdə, 14 nömrəli qərarından çıxarış ilə ayrıldığı halda, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin, Abşeron rayonu Bilgəh bələdiyyəsinin yerquruluşu planından çıxarışının hazırki ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin Bilgəh bələdiyyə şurası tərəfindən torpaq sahəsinin X4 qanunvericiliklə müəyyən edilmiş normadan artıq ayrıldığı müəyyən edilmişdir. Bundan başqa, arxiv əsaslarında aşkarlanan 22961 qeydiyyat və 756 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evi 1 (bir) mərtəbəli qeyd edilsə də, faktikidə bir+mansard mərtəbəli olduğu, həmçinin sözügedən fərdi yaşayış evinin qapısı bağlı olduğundan naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
7. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
8. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. İddia tələbi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, Ş.Əsədullayev küçəsi, döngə 1, dalan 1, ev 3 ünvanına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
15. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin tikinti altı sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, baş plan, ortofoto görüntüsü və mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.1665 hektardır və müayinə aktının surəti təqdim edilmişdir.
17. Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, vətəndaşın göstərdiyi həyətyanı sahəyə müayinə baxışı keçirilmiş, texniki pasportda qeyd edilən evin qapısı bağlı olduğundan evə daxil ola bilməmişlər, bununla belə texniki pasportda qeyd edilən ev 1 mərtəbəli kimi qeyd edilsə də, faktiki mövcud olan ev 1+mansard məstəbəlidir. Həyətyanı sahənin bir hissəsində əlavə yaşayış evi mövcuddur. Qeyd edilən evlər 0,1665 ha torpaq sahəsində yerləşir.
18. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
IV. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar nəzərdə tutulmuşdur.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
29. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
30. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
V. Məhkəmənin mövqeyi
32. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
33. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarına əsasən, mərhum X4 ayrılmışdır. Sözügedən qərara əsasən, ayrılmış storpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair X1 adına “X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi” tərəfindən 22961 qeydiyyat, 756 inventar nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. X1 vərəsəsi kimi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən **********29-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarı ilə ayrılmış 0,16 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə ərizənin icrasından imtina edilmişdir.
34. Məhkəmə hesab edir ki, cavabdehin imtinanın dəlili kimi göstərilmiş alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin, Abşeron rayonu Bilgəh bələdiyyəsinin yerquruluşu planından çıxarışının hazırkı ərizəyə əlavə edilməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz.
35. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, İddiaçı faktiki istifadəsində olan fərdi yaşayış evinin tikinti altı sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, baş plan, ortofoto görüntüsü və mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
36. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0,1665 hektardır.
37. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktının sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
38. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
39. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
40. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. NƏTİCƏVİ HİSSƏ
46. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bilgəh Bələdiyyə şurasının xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən, ünvan 3 ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və bu torpaq sahəsində inşa edilmiş **********29- 10301 reyestr nömrəli çıxarışa əsasən, mülkiyətində olan 1 mərtəbəli fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına birgə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X5-Abbaszadə