Məhkəmə qərarları › İş №2-1(118)-3630/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3630/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3630/2025 19.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı iş üzrə (Açar sözlər: çıxarış və plan ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2rşı “çıxarış və plan ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Zizik bələdiyyəsinin 14 mart 2007-ci il tarixli 4 nömrəli iclas protokolu ilə Quba rayonun Zizik kəndi ərazisindən iddiaçıya satılmış 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Zizik bələdiyyəsinin 14 mart 2007-ci il tarixli 4 nömrəli iclas protokolu ilə iddiaçıya Quba rayonun Zizik kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmış və qeyd edilən qərara əsasən 30 noyabr 2007-ci il tarixdə iddiaçı ilə Zizik bələdiyyəsi arasında bağlanmış torpaqların alqısatqısına dair akta əsasən 0,08 ha torpağı satın alaraq torpağın dəyərini Zizik bələdiyyəsinin hesabına ödəmişdir. İddiaçı həmin vaxtdan hal-hazıra kimi torpağa sahiblik edərək istifadə edir.İddiaçı mübahisə predmeti olan torpağa çıxarışın alınması üçün hüquqmüəyyənedici sənədləri toplayaraq cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı və Zizik bələdiyyəsi arasında xx.xx.2007ci il tarixli iclas protokoluna əsasən tərtib edilmiş torpaqların alqı-satqına dair aktın qeydiyyat kitabları ərazi idarəsində mövcud olmadığını və bundan əlavə 0,08 ha torpağa dair bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilmiş koordinatlar torrpaq sahəsi kimi faktiki koordinatlardan fərqli olduğunu bildirərək çıxarışın verilməsinə imtina etmişdir. Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə edilmiş X3 Filalının 02 may 2023-cü il tarixli Arxiv çıxarışından aşkar olunur ki, 14 mart 2007-ci il tarixli 04 saylı iclas protokolunun qərarına əsasən iddiaçıya Quba rayonun Zizik kəndi ərazisindən 0,08 ha torpağın satılması qərara alınmışdır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə etdiyi Quba rayon Zizik bələdiyyəsi ilə mənim aramda bağlanmış 30 noyabr 2007-cİ il tarixli torpaqların alqı-satqısına dair aktdan aşkar olur ki, qeyd edilən akta əsasən o, Quba rayonu Zizik bələdiyyəsindən 0,08 ha torpağı satın almış və 30 noyabr 2007-ci il tarixli təhkim aktından aşkar olur ki, satın aldığı 0,08 ha torpaq ona təhvil verilmişdir. İddiaçının satın aldığı 0,08 ha torpağın 1:2000 miqyaslı yer quruluşu planından aşkar olur ki, bələdiyyə sənədlərində 0,08 ha torpaq onun mülkiyyəti kimi qeyd edilmişdir. 16 noyabr 2007-ci il tarixli iddiaçı tərəfindən satın alınan 0,08 ha torpağın dəyərini iddiaçı Zizik bələdiyyəsinin hesabına ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli cavab məktubundan aşkar olur ki, ona çıxarışın verilməsindən imtina edilmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X4 ilə əvəz edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4nin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4nin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ X4 ilə əvəz edilmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Quba rayonu Zizik bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 4 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,08 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmışdır. Cavabdeh bildirir ki, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın qeydiyyat kitabları Ərazi İdarəsində mövcud deyil. Bundan əlavə, 0.08 ha torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilmiş koordinatlar torpaq sahəsinin faktiki koordinatlarından fərqlidir.

b) Tərəflərin iştirakı və izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

10. Quba rayonu Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

11. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Quba rayonu Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin bələdiyyənin ərazisində 0,08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı tərəfindən 300 manat haqq ödənilmişdir. Həmin akt DT və XK Quba rayon şöbəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

12. xx.xx.2007-ci il tarixli, 12 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Zizik bələdiyyəsinin bank hesabına 300 manat məbləğində ödəniş edilmişdir.

13. Quba rayonu Zizik bələdiyyəsinin yerquruluşu planından çıxarışlarda İddiaçı məxsus 0,08 ha torpaq sahəsinin yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir.

14. Quba rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli, 33 nömrəli rəyidə qeyd edilmişdir ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,08 ha həyətyanə torpaq sahəsi Timirxayev bələdiyəinə aid olan əraznin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbayacan Respublikasının “Şəhəsalma və Tikinti məcəlləsi” nin tələblərinə uyğun olafraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərd yaşayış evi tikintisi üçün Torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəmüvafiqdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası X3 filialı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba Quba rayonu Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli icla protokolundan çıxarışı və əlavə sənədlərin ksero surətləri əlavə olunmuşdur.

16. X4n 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi 0,08 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmışdır. Cavabdeh bildirir ki, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın qeydiyyat kitabları Ərazi İdarəsində mövcud deyil. Bundan əlavə, 0.08 ha torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı yerquruluş planında göstərilmiş koordinatlar torpaq sahəsinin faktiki koordinatlarından fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

17. X4n 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş müayinə aktında qeyd edilmişdir ki, əlaqədar mübahisəli torpaq sahəsində olduq və həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Torpaq sahəsi yol və qonşu torpaq sahələri həmsərhəddir. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.08 ha təşkil edir. İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə bələdiyyə və Quba RİHB-nin təsdiq etdiyi sxemlərdə göstərilmiş torpaq sahəsinin koordinatları fərqlidir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və həmin torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Qeyd edək ki, sözügedən torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X1 kateqoriyalı olub uqodiyası həyətyanı kimi göstərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

27. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

28. Belə ki, Quba rayonu Zizik bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 4 nömrəli qərarı ilə İddiaçı 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən Zizik bələdiyyəsinin bank hesabına 300 manat məbləğində ödəniş edilmişdir. İddiaçı 0,08 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 0.08 ha torpaq sahəsinə dair ərizənizə əlavə edilmiş, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2007-ci il tarixində qeydə alınmışdır. Cavabdeh bildirir ki, Quba rayonu, Zizik bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın qeydiyyat kitabları Ərazi İdarəsində mövcud deyil. Bundan əlavə, 0.08 ha torpaq sahəsinə dair bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilmiş koordinatlar torpaq sahəsinin faktiki koordinatlarından fərqlidir.

29. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış, iddiaçı tərəfindən bələdiyyənin bank hesabına ödəniş edilmiş, alqı-satqı aktı tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində qeydiyyata alınmışdır. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yeruqruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı alqı-satqı aktının tarixinin torpağın ayrılması barədə qərarın vaxtından fərqlənməsinə əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçının mərhum atası qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçı tərəfin təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz.

30. Digər imtina səbəbi kimi cavabdeh inzibati orqan bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı yerquruluşu planında göstərilmiş koordinatların torpaq sahəsinin faktiki koordinatlarından fəqlənməsini qeyd etmişdir. Yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.

31. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

34. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu Zizik bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X4nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Quba rayonu Zizik bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X4nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar