Məhkəmə qərarları › İş №2-1(118)-3634/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3634/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3634/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qeydiyyata alınma) GİRİŞ HİSSƏ X12-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 əvvəllər yaşadığı Zəngilan rayonunun Həkəri kəndinə qeydiyyata salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdürlər.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X5 əvvəllər yaşadığı Zəngilan rayonunun Həkəri kəndinə qeydiyyata salınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Zəngilan rayonunun Həkəri dayanacağı kəndində anadan olmuşdur. 1993-cü ildə Zəngilan rayonu mənfur ermənilər tərəfindən işğala məruz qalan zaman məcburi köçkün düşərək ailə üzvləri ilə Bakı şəhərində məskunlaşmışdır. xx.xx.2009-cu il tarixdə X6 (keçmiş əri) ilə rəsmi nikaha girərək evlənmişlər. Bundan sonra iddiaçı Zəngilan rayonundan qeydiyyatdan çıxaraq Füzuli rayonuna ərinin üstünə qeydiyyata düşmüşdür. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü böyük oğlu Raul, xx.xx.2013-cü il tarixdə isə Fəqan adlı övladları dünyaya gəlmişdir. X6 ilə iddiaçı arasındakı nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6046/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Daha sonra iddiaçı X13 ilə rəsmi nikaha girərək evlənmiş, həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. X7 ilə iddiaçı arasındakı nikah pozulmuş, X8 iddiaçının himayəsindədir. İddiaçı bildirir ki, hal-hazırda X1 boşandıqdan sonra formal olaraq Füzuli rayonunun Böyü Bəhmənli kəndində qeydiyyatda qalmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçı cavabdehə müraciət edərək onu, xx.xx.2013-cü il təvəllüdlü X3 Füzuli rayonundan qeydiyyatdan çıxarılıb, o cümlədən kiçik qızı xx.xx.2022-ci il təvəllüdlü X5 əvvəllər yaşadığı (məcburi köçkün düşdüyü, ərə gedənə qədər qeydiyyatda olduğu) Zəngilan rayonunun Həkəri kəndinə (ata yurdu) qeydiyyata salınmağını xahiş etmişdir. Əsassız olaraq onun və uşaqlarının Zəngilan rayonuna qeydiyyata salmaqdan imtina edilmişdir. Belə ki, iddiaçının və uşaqlarının X4 ünvanında (Füzuli rayonunda) formal qeydiyyatda qalmağı və Zəngilan rayonunun Həkəri kəndinə qevdiyyata salınmağı barədə rəsmi qaydada Azərbaycan Respublikası DİN-nin Zəngilan RPŞ-nın rəisinə müraciət etsə də, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3013-119/2-5990/24 nömrəli məktubu ilə onların Zəngilan rayonunun Həkəri kəndinə qeydiyyata alınmağından əsassız olaraq imtina edilmişdir. Həmin məktubdan görünür ki, hazırda Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəli məhdudlaşdırılmışdır, lakin cavabdeh məktubunu düzgün əsaslandırmamış cavabında Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması hansı qanunla və ya qərarla müvəqqəti məhdudlaşdırılması göstərilməmişdir.

4. Cavabdeh iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqda vəsatət təmin ediləcəkdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. Zəngilan Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 94 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1986cı il tarixdə Zəngilan rayonu, Həkəri qəsəbəsində anadan olmuş, 26 oktyabr 2009-cu il tarixə kimi Zəngilan rayon Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində daimi qeydiyyatda olub.

13. İddiaçı məxsus AA seriyalı, 076716 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Dövlətqaçqınkomun xx.xx.2003-cü il tarixli qərarına əsasən ona həmin vəsiqə verilmişdir.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü) xx.xx.2010-cı il tarixdən Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatdadır.

15. AZİ 432484 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X13 və İddiaçı arasında olan nikah ləğv edilmişdir.

16. Məhkəmə sorğusuna cavab olalaq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 15 yanvar 2025-ci il tarixli, 18/2-1186/25 nömrəli məktubunda qeyd olunur ki, işğaldan azad olmuş ərazilərə vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması məskunlaşma prosesi başa çatanadək müvəqqəti dayandırılmışdır. Qeyd olunanları nəzqrə alaraq, Daxili İşlər Nazirliyinin müvafiq göstərişi xidməti istifadə üçün nəzərdə tutulduğundan təqdim edilməsi imkan xaricindədir. Yaşayış yeri üzrə Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Xocalı rayonlarında, Şuşa şəhərində qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır.

İV. Tətbiq edilən hüquq

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

19. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq, qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

IV. Məhkəmənin mövqeyi

20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Zəngilan rayonunun Həkəri dayanacağı kəndində anadan olmuşdur. Dövlətqaçqınkomun xx.xx.2003-cü il tarixli qərarına əsasən, İddiaçı AA seriyalı, 076716 nömrəli “Məcburi köçkün vəsiqəsi”verilmişdir. xx.xx.2009-cu il tarixdə X6 ilə rəsmi nikaha girərək evlənmişlər. Bundan sonra iddiaçı Zəngilan rayonundan qeydiyyatdan çıxaraq Füzuli rayonuna qeydiyyata düşmüşdür. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü oğlu Raul, xx.xx.2013-cü il tarixdə isə Fəqan adlı övladları dünyaya gəlmişdir. X6 ilə iddiaçı arasındakı nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6046/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Daha sonra iddiaçı X13 ilə rəsmi nikaha girərək evlənmiş, həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. X7 ilə iddiaçı arasındakı nikah pozulmuş, X8 iddiaçının himayəsindədir. İddiaçı özünün və uşaqlarının Zəngilan rayonunun Həkəri kəndinə qevdiyyata salınmağı barədə rəsmi qaydada Cavabdehnə müraciət etmişdir və ona imtina cavabı verilmişdir. Cavabdeh iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda xidməti zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırıldığı qeyd edilmişdir.

22. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər, lakin, eyni zamanda, yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.

23. Beləliklə, bu təhlilin nəticəsi olaraq, müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir, yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir.

24. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir.

25. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

26. Hazırki işin hallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə qeydiyyata alınması üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər.

27. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun iddiaçılara münasibətdə fəaliyyəti qanunauyğun olmuşdur, bu səbəbdən iddia təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X12-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar