Məhkəmə qərarları › İş №2-1(118)-364/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-364/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-364/2024 06.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının iş stajının 25 ildən çox olmasına əsasən ona yaşa görə pensiya təyin olunması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı ilkin olaraq cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş stajının 25 ildən çox olmasına əsasən ona yaşa görə pensiya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin (DSMF-nin Abşeron-Xızı regional filialı) xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın səbəbi kimi iddiaçının 22 il 03 ay stajı olduğu əsas gətirilmişdir. Nəticədə ona əmək pensiyası təyin olunmamış, 180 manat məbləğində sosial yardım müəyyən edilmişdir. İddiaçı əmək stajının düzgün müəyyən edilməsi və əmək pensiyasının təyin olunması ilə əlaqədar cavabdehə rəsmi müraciət etmişdir. Cavabdehin 05 yanvar 2023-cü il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinə rəsmi cavab verilmiş və əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məktubda iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi stajı 23 il 3 ay 12 gün təşkil edir. Digər tərəfdən qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.2001-ci il tarixində işdən azad olunmaq barədə qeyd mövcuddur) xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilmişdir ki, xx.xx.1994cü il tarixindən xx.xx.2004-cü il tarixinədək "R.D.TREST” kiçik müəssisəsində işlədiyi müddətdə xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı hesablanıb ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının sosial stajı düzgün müəyyən edilməmiş, əmək pensiyasının təyin edilməsində səthilik göstərilmiş, qanunun aliliyi, humanizm prinsipi nəzərə alınmamış, ədalətsiz qərar verilmişdir. Belə ki, əmək kitabçanın doldurulma qaydasının pozulduğu bildirilir və xx.xx.1991-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrlər sığorta stajına daxil edilmir. Bildirilir ki, əmək kitabçasında xx.xx.2001-ci il tarixində işdən azad olunmaq barədə qeyd mövcuddur. Lakın əmək kitabçasına diqqətlə baxılmayıb, səhv nəticə çıxarılmışdır. Həmin tarix qeyd kimi daxil edilmiş, onun işlədiyi "Mərkəzi elektrotökmə" zavodunun bazasında "Bakı Elektriktökmə” ASC-nin yaradıldığı bildirilir. Həmin tarixin iddiaçının əmək kitabçasına və əmək stajına aidiyyəti yoxdur. Göründüyü kimi, pensiya təyinatına cavabdeh məsul şəxslər əmək kitabçasında qeyd edilənlərə diqqətsiz yanaşmış, səhv qərarın verilməsinə şərait yaratmışlar. Digər tərəfdən iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək “R.D.Trest" kiçik müəssisəsində işlədiyi müddətdə hər ay vaxtlı-vaxtında əmək haqqı tərəfindən alınmışdır. Qeyd edilən tarixlərdə əmək haqqının hesablanıb ödənilməməsi faktı həqiqətə uyğun deyildir. Əmək kibtabçasına və məhkəmə qaydasında təsdiq edilmiş Ermənistan Respublikasında əmək stajına (11 il 4 ay) əsaslanaraq, o, apardığı araşdırmaya əsasən 27 il 3 ay 19 gün sosial staja malikdir. Bunların əsasında pensiya hüququ yaranır. Ərizəyə əlavə olunan sənədlərdən əmək stajının 27 il 3 ay 19 gün olduğu sübut olunur. Abşeron Rayon Məhkəməsinin 2013-cü il tarixli, 2(012)-1216/2013 saylı qətnaməsi ilə iddiaçının 20 iyun 1977-ci ildən 1988-ci ilin noyabr ayınadək Ermənistan Respublikasının Qafan rayonun Qaçaran şəhərində yerləşən “Qaçaran Mis- Molibdin” kombinatında fəhlə işlədiyi faktı təsdiq edilmişdir (11 il 4 ay əmək staji). İddiaçı 1975-1977-ci illərdə X1 şəhərində hərbi xidmətdə olmuş (2 il əmək staj), xx.xx.1989xx.xx.1991-ci illərdə “Mərkəzi elektrotökmə” zavodunda zərərli əmək şəraitində olmaqla qəlibçi peşəsində işləmiş (1 il 6 ay 28 gün əmək stajı), xx.xx.1991-xx.xx.1994-ci illərdə “Loğman” kooperativində (3 il 4 ay 25 gün əmək stajı), xx.xx.1994- xx.xx.2004-cü illər “R.D.Trest” kiçik müəssisəsində fəaliyyət göstərmişdir (10 il 11 ay 26 gün əmək stajı). Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 30 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinin tələblərinə uyğun olaraq natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında yardım edilmişdir. İddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin olunmamasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli **********8 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Bildirilir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 3 ay 12 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (xx.xx.2001-ci il tarixdə işdən azad olunma barədə qeyddən sonra xx.xx.1991-ci il tarixdə işə qəbul edilmə barədə qeyd mövcuddur) xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin iddiaçının əlilliyə görə əmək pensiyası işinə daxil olan 15.01 2014-cü il tarixli arayışa əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “R.D.TREST” kiçik müəssisəsində işlədiyi müddətdə xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ona əmək haqqı hesablanıb ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunan hallara əsasən İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı 1957-ci ildə anadan olmuşdur. • НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 nömrəli 05 yanvar 2023-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina olunmuşdur. • İddiaçıya məxsus 153098 nömrəli əmək kitabçasına əsasən: iddiaçı xx.xx.1989xx.xx.1991-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda zərərli əmək şəraitində olmaqla qəlibçi şagirdi, xx.xx.1991-xx.xx.1994-cü illərdə “Loğman” kooperativində bağban, xx.xx.1994-xx.xx.2004-cü illərdə “R.D.Trest” kiçik müəssisəsində ambardar vəzifələrində çalışmışdır. • İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1216/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının 20 iyun 1977-ci ildən 1988-ci ilin noyabr ayınadək “Qacaran Mis-Molibdin” Kombinatında fəhlə işləməsi faktı təsdiq edilmişdir. • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə “Loğman” kooperativinin qeydiyyata alınıb-alınmaması barədə məlumatların əldə edilməsi üçün ünvanlanmış sorğu aidiyyatı üzrə Dövlət Vergi Xidmətinə ünvanlanmış və Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə həmin hüquqi şəxsin xx.xx.1989-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi barədə məlumat məhkəməyə daxil daxil olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta (və ya iş) stajının olmasından yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyalarının vətəndaşlara verilməsi həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin **********8 nömrəli 05 yanvar 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqdamüəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Abşeron rayonu olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38: Sosial təminat hüququ İ Hər kəsin sosial təminat hüququ vardır. İİİ Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı 2.26-cı bənd: Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12.2: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddə: Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı XX.XX.1957-ci il təvəllüdlüdür. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə başlamışdır. Həmin tarixdən 1988-ci il tarixədək “Qacaran Mis-Molibdin” Kombinatında fəhlə işləmişdir ki, həmin yerdə işləməsi faktı qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-1216/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı xx.xx.1989xx.xx.1991-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda zərərli əmək şəraitində olmaqla qəlibçi şagirdi, xx.xx.1991-xx.xx.1994-cü illərdə “Loğman” kooperativində bağban, xx.xx.1994-xx.xx.2004-cü illərdə “R.D.Trest” kiçik müəssisəsində ambardar vəzifələrində çalışmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının əmək stajının 25 ildən az – 23 il 3 ay 12 gün olduğu bildirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilərək yaşa görə müavinət ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və müvafiq sorğular göndərərək belə qənaətə gəlmişdir ki, cavabdeh orqanının imtina və etirazda qeyd etdiyi hallar öz həqiqiliyini tapmadığından iddia tələbi təmin edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdeh orqan imtinasında bildirmişdir ki, iddiaçı tərəfindən əmək kitabçasının forması və doldurulma qaydaları pozulmuşdur. Buna münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasının 3-cü səhifəsində “Mərkəzielektrotökmə” zavodunun bazasında "xxxx" ASCnin yaradılması barədə qeyd yazılmışdır. Belə bir qeydin yazılması iddiaçının təqsiri olmamaqla, məlumat xarakteri daşıyan və işəgötürən tərəfindən yazılan bir qeyddir. Bundan əlavə məhkəmə əmək stajının hesablanması ilə bağlı aşağıdakıları müəyyən etmişdir (əmək stajına daxil edilən dövrlər): - xx.xx.1975-xx.xx.1977-ci illər (hərbi xidmət dövrü) – 2 il 1 ay 8 gün; - xx.xx.1977- 1988-ci ilin noyabrı (Abşeron Rayon Məhkəməsinin 2(012)- 1216/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsi ilə fakt təsdiqi) – 11 il 3 ay 13 gün; - xx.xx.1989-xx.xx.1991-ci illər (“Mərkəzielektrotökmə” zavodunda qəlibçi şagird) – 1 il 6 ay 19 gün; - xx.xx.1991-xx.xx.1994-cü illər (“Loğman” kooperativində bağban) – 3 il 4 ay 5 gün; - xx.xx.1994-xx.xx.2004-cü illər (“R.D.Trest” kiçik müəssisəsində ambardar) – 10 il 2 ay 27 gün

Göründüyü kimi iddiaçının 2004-cü il tarixədək əmək kitabçası ilə təsdiq edildiyi iş stajı ümumilikdə 28 il 7 ay 20 gün olmaqla müəyyən edilmişdir. Bundan əlavə cavabdeh imtinasında da bildirdiyi kimi iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1994-cü il tarixədək olan dövrlərdə işləməsini əmək stajına daxil etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış sorğu aiddiyatı üzrə Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş və həmin idarədən “Loğman” kooperativinin xx.xx.1989-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. Ona görə də həmin illər də əmək stajı kimi qəbul edilməlidir. Göründüyü kimi iddiaçı XX.XX.1957-ci il təvəllüdlüdür. Məhkəmə qeyd edir ki, şəxsin doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydində ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ əmək stajının (25 il) və yaşının (65 yaş) tamam olduğu 01 iyul 2022-ci il tarixindən hesablanmalıdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının pensiya hüququ mövcud olduğundan inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar