Məhkəmə qərarları › İş №2-1(118)-3657/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3657/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3657/2024 28.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X14 Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2, X3, X4, X5, X6 və azyaşlı Hüseynova İnci Kənan qızının şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1-də yerləşən 68 saylı mənzildən qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 68 üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına çıxarış da verilmişdir. Mənzili o, 28 fevral 2000-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun sahibi olmuş X1 almış, o və ailə üzvləri mənzili sataraq iddiaçıya təhvil vermiş və bu mənzildən köçmüşlər. Lakin mənzil iddiaçının sahibliyinə verilsə də, bu şəxslər mənzildən qeydiyyatdan çıxmamışlar. Onların mənzilinə hər hansı bir hüquqları olmadığı üçün onların həmin mənzildən qeydiyyatdan çıxarılmaları barədə ərizə ilə cavabdehə müraciət edilmişdir və iddiaçıya ünvanlanmış 10 yanvar 2024-cü il tarixli cavab məktubunda müraciəti təmin edilməmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 may 2024-cü il tarixli, 2-1(118)-3657/2024 nömrəli qərardadı ilə X2, X3, X4, X5, X6 iş üzrə məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmə prosesində iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o, məhkəmə iclasına nümayəndəsi ilə təmsil olunmamışdır. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxarılması ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 10 yanvar 2024-cü il tarixli, 3-13-58/2-H-330/11/24 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş 16 dekabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, 14 nömrəli Qeydiyyat Vəsiqəsinin surəti, Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli, ******* nömrəli və 14 iyun 2024-cü il tarixli, ******* tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlar, 28 fevral 2000-ci il tarixli alqı-satqı müqaviləsinin dublikatı, Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-in 11 saylı MKS tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli, 473 nömrəli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 68-ci mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər - X2, X3, X4, X5, X6 və Hüseynova İnci Kənan qızı qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatında qalan şəxslərdir, onların iddiaçı ilə qohumluq münasibəti yoxdur. Göründüyü kimi, 3-cü şəxslərin qeyd olunan mənzildə pasport qeydiyyatı formal xarakter daşıdığından, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarında heç bir maneə mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X2, X3, X4, X5, X6 və azyaşlı Hüseynova İnci Kənan qızı ünvan 1 ünvanda yerləşən 68-ci mənzil üzərində hər hansı hüquqa malik olmadığları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2, X3, X4, X5, X6 və Hüseynova İnci Kənan qızının İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 68-ci mənzilindən pasport qeydiyyatından çıxarılmaları vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar