Məhkəmə qərarları › İş №2-1(118)-3663/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3663/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3663/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Şikarlı rüstəm Allahşükür oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T- 16113/2024 nömrəli qərarının ləğv edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T- 23736/2024 saylı qərarının ləğv edilməsi barədə Qərar qəbul edilməsi, 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla ona ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması, 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1951-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, o 2017-ci il tarixədək əmək stajına malik olduğu və davamlı olaraq əmək fəaliyyəti göstərdiyi üçün 2017-ci il tarixdən etibarən əmək pensiyaçısıdır. Özünün əmək fəaliyyəti və elmi fəaliyyətilə bağlı bəzi məlumatlar aşağıdakı kimidir: 2015ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Əmək veteranı, 1985-ci ildən pedaqoji elmlər namizədiyəm (hal-hazırda isə pedaqoji elmlər üzrə fəlsəfə doktoru), 1991 -ci ildən baş elmi işçisi, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyim töhfələrə görə 2016-cı ildən X4 X1 fəxri professoru, 2016-cı ildən türk dünyası elmlərinin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə X4 X1 “Qızıl ulduz” medalı ilə təltif olunmuş; 2016-cı ildən elmi-tədqiqat işlərimdəki xüsusi xidmətlərimə görə X6 Akademiyasının (ATEA) həqiqi üzvü- akademiki, 2016-cı ildə ATEA-nm “Taclı ulduz” ordeni ilə təltif olunmuş; 2016-cı ildə elm və mədəniyyət sahəsindəki xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının X3 Beynəlxalq Mükafat Komitəsinin “Şərəf və Vicdan” ordeni ilə təltif ediliş, 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının X3 X2 Komitəsi tərəfindən “Qurtuluş və mərhəmət” ordeni ilə təltif edilmiş, 2020-ci ildə 200-dən çox çap olunmuş elmi əsərlərimin və 10-dan çox kityablarının müqabilində TURAN Elmlər Akademiyasının akademiki elmi rütbəsinə layiq görülmüş; 25 yanvar 2023-ci ildən TURAN Elmlər Akademiyasının vitseprezidenti olmaqla bərabər həmin akademiyanın Azərbaycan filialının rəhbəridir, 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Bütün bunların müqabilində əmək pensiyası hüququ olduğu üçün pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinin müqabilində əvvəllər 120 manat, sonralar isə 300 manat olmaqla qanuni olaraq hər ay müavinət almışdır. 2023-cü ilin avqust ayından sonra isə ona məlum olmayan səbəbdən həmin müavinətin verilməsi cavabdeh orqan tərəfindən dayandırılmışdır.Bütün bu qeyd edilənlərdən də görünür ki, 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 1969 nömrəli Fərmanına əsasən 2023cü il yanvarın 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən edilmişdir. Qeyd edilən müddəalardan da görünür ki, onun fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat məbləğində aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ vardır. İdidaçı qanuni olaraq 2023-cü ilin avqust aymadək bu təqüdü alırmış, lakin bilmədiyi səbəblərdən 2023cü ilin avqust ayından sonra mənə bu təqaüd təqdim edilməmiş, buna görə də o təqaüdünün yenidən bərpa olunması, indiyə qədər almadığı müavinətin ödənilməsi və təqaüdün dayandırılma səbəbinin hansı qanunlar əsasında olduğunun izah etmələri üçün cavabdeh orqana yazılı ərizə ilə müraciət etmiş, onun müraciətinə cavabdehin Prezident təqaüdünün bərpa edilməsindən imtina olunması haqqında 01 fevral 2024-cü il tarixli, 3- 17-1/2-T-23736/2024 saylı cavab məktubu ilə müsbət cavab verilməmişdir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materiallarına əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi filialda aidiyyəti üzrə baxılmışdır.Cavabdehin xx.xx.2024 tarixli 3-17-1/2-T-23736/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir.Məlumat üçün bildirilir ki, iddiaçıya 01.0i.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Lakin iddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda olduğu üçün təqaüdünün ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Nəticədə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cu il tarixədək Prezident təqaüdü üzrə artıqödəmə müəyyən edilmişdir. Bildirilir ki, Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün ödənilməsinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən vergi ödəyicisi kimi fəaliyyəti barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövrlər üzrə təqdim olunmuş bəyannamələrə (hesabatlara) əsasən dövriyyə məbləği haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə Prezident təqaüdü hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılması istisna edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya təyin olunmuş Prezident təqaüdünün qanunvericiliyin tələbləri baxımından bərpa edilməsinin mümkün olmaması tərəfindən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdeh inzibati orqan nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T-23736/2024 saylı məktubu, 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarın surəti, iddiaçıya aid pensiya işinin surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə ona ödənilmiş əmək pensiyası məbləğinin cavabdeh tərəfindən tutulmağa başlanıldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq fondun mərkəzi filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun mərkəzi filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdehin 01 fevral 2024-cü il tarixli, 3-17-1/2-T-23736/2024 saylı məktubla iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli 1969 nömrəli Fərmanına əsasən xx.xx.2023-cü il tarixdən Prezident təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manata çatdırılmışdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentlər məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək qanunuvericiliyinin tələbləri baxımından işləməsi anlamına gəlməməlidir. Adından da göründüyü kimi sahibkarlıq bir fəaliyyət növüdür ki, həmin fəaliyyət növü ilə məşğul olan şəxsin gəlirləri qeyri müntəzəm olmaqla insanın öz fəaliyyəti ilə bağlı olan bir məşğuliyyətdir. Cavabdeh təşkilatın mövqeyi ilə razılaşsaq onda yaşa görə əmək pensiyası ilə təmin edilmiş şəxslərin təqaüddə olduğu zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun əmək pensiyasının dayandırılması üçün əsas hesab edilməlidir. Göründüyü kimi büdcə və ya büdcədən kənar vəsait hesabına əmək haqqı almayan, yəni aralarında işçi ilə işəgötürən münasibətləri olmayan şəxslərin başqa fəaliyyət növü ilə (məsələn sahibkarlıq, bəstəkarlıq, rəssamlıq və sair) məşğul olması onun işləməsi anlamını təzahür eləmir. Cavabdeh təşkilat Mərkəzləşdirilmiş informasiya sisteminin “Sığorta” altsistemində olan məlumatlara əsasən, iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti aktiv olduğu üçün Prezident təqaüdünün dayandırılması əsassızdır. Mübahisə predmetinə dair qanunvericilik aktların heç birində Prezident təqaüdünün şəxsin VÖEN-nin olması səbəbindən dayandırılması ilə bağlı heç bir müddəa yoxdur. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü barədə qanunvericilik aktları isə məhz yuxarıda qeyd edilən Fərmanlardır. Belə olan halda cavabdehin apardığı inzibati icraatın nəticəsi olan mübahisələndirilən qərarın qəbul edilməsi qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Beləliklə, cavabdehin apardığı inzibati icraat yuxarıda göstərilmiş normativ hüquqi aktların tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilməli, cavabdehin 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarı ləğv edilməklə 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla iddiaçıya ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə X5 Sabir Paşa oğlu barəsində qəbul etdiyi 25 yanvar 2024-cü il tarixli, 3-17-1/1-T-16113/2024 nömrəli qərarı ləğv edilsin. 2023-cü ilin avqust ayınadək aylıq 300 manat məbləğində olmaqla iddiaçıya ödənilən fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün yenidən bərpa olunması və 2023-cü ilin avqustundan etibarən ona ödənilməyən aylıq 300 manat məbləğində olan fəlsəfə doktoru elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar