Məhkəmə qərarları › İş №2-1(118)-3669/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3669/2022

26.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3669/2022 26.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40-da yerləşən 5 saylı mənzildən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40-da yerləşən 5 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 123-42017A-3222 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. X6, X9 və X10(Qanuni nümayəndələri) zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 14-cü məhəllə,ev 3/40-də yerləşən 5 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və adına çıxarış verilmişdir. Bu mənzili iddiaçı 10 mart 2017-ci ildə Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisində rəsmiləşdirilmiş AN-1 № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən onun əvvəlki sahibi olan 3-cü şəxs-Aydın Yoluyevdən almış və o mənzili ona satmaqla ailə üzvləri ilə birlikdə mənzili tərk edərək köçmüş və aralarında bağlanmış müqavilənin 13-cü bəndinə əsasən xx.xx.2017-ci ilədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin artıq 5 il müddət keçməsinə baxmayaraq mənzilin keçmiş yaşayışçısı olmuş A.Yolçuyev azyaşlı uşaqlarını - xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X8 bu mənzildən qeydiyyatdan çıxarmamış və mənzili satarkən götürdüyü öhdəliyə əməl etməmişdir. Hazırda bu mənzildə mənzilin keçmiş mülkiyyətçisinin azyaşlı uşaqlarının qeydiyyatda qalmaları iddiaçıya mülkiyyətində olan mənzil üzərində sahiblik və sərəncam hüquqlarını həyata keçirməyə əngəl yaradır.Bu şəxslər iddiaçının ailə üzvləri deyillər və onların bu mənzilə hər hansı bir hüquqları yoxdur.Mənzil satılan vaxtdan bu şəxslər valideynləri ilə daimi olaraq bu mənzildən köçmüşlər. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X5 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda mənim müraciətimi təmin etməmiş, məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir. 1996-cı ildə qəbul edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun şərh edilməsi barədə AR Konstitusiya Məhkəməsi 12 iyul 2000-ci il tarixli Qərar qəbul etmiş və AR Konstitusiya məhkəməsi 31 yanvar 2003-cü il tarixli Qərarı ilə qeyd edilən Qanunun 5-ci maddəsinə və s. şərh vermişdir.Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin qanuni əsaslarla daimi və daha çox yaşadığı yer onun yaşayış yeri hesab edilir.Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 10 mart 2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzil Yolçutev Aydın tərəfindən İddiaçı satılmışdır. RX seriyalı, 09993495 saylı, reyestr nömrəsi **********44-05101-093016, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilİddiaçı xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 981 №li forma 2 arayışında X6, X9 və X10 mənzilə hüququ olmayan şəxslər qismində qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Bu halda məhkəmə hesab edir ki, X10 azyaşlı olduğuna görə qanuna müvafiq olaraq valideyinlərindən birinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 3/40-da yerləşən 5 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar