Məhkəmə qərarları › İş №2-1(118)-3672/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3672/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3672/2025 16.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, 01 fevral 1994-cü il tarixdən 24 dekabr 2010-cu il tarixədək "xxxx" fabrikində işlədiyi dövlərin ümumi iş stajına daxil edilərək, ona 10 fevral 2022-ci il tarixdən yəni, 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “DOST” Xidmətinə müraciət edərək, ona 65 yaşından yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının “DOST” Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 09 mart 2024-cü il tarixli məktubla müraciətindən imtina edərək, əmək kitabçasında qeyd edilən 01 oktyabr 1992-ci tarixdən 24 yanvar 1994-cü ii tarixədək işlədiyi “Naxış-1” müəssisəsində, 01 fevral 1994-cü il tarixdən 01 yanvar 2006-cı ilədək işlədiyi "xxxx" fabrikində hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması göstərilmişdir. Cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. İddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuş və 65 yaşı 10 fevral 2022-ci ildə olub. İddiaçı 04 oktyabr 1974-cü ildə Sumqayıt 26 Bakı Komissarı zavoduna elektrik çilingəri köməkçisi vəzifəsinə işə düzəlmiş, 29 avqust 1975-ci ildə işdən azad olunmuş. 02 oktyabr 1975-ci ildə 26 Bakı Komissarı adına nəşriyyatda çap sexində işləməyə başlamış, 23 may 1977-ci ildə ordu sıralarına xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmiş 01 sentyabr 1979cu ildən 25 yanvar 1983-cü X4 50 illiyi adına Üzvi Sintez Sumqayıt İstehsalat Birliyində işləmiş, 21 fevral 1983-cü ildən 21 oktyabr 1983-cü ilədək İmiri parçalama və çeşidləmə zavodunda işləmiş, 24 noyabr 1983-cü ildən 19 avqust 1986-cı ilədək 81 nömrəli Texniki məktəbdə işləmiş, 08 sentyabr 1986-cı ildən 11 oktyabr 1988-ci ilədək Dövlət Qaz Komitəsinin Qaz Borularının korroziyadan müdafiəsi kontorunda işləmiş, 17 oktyabr 1988ci ildən 02 aprel 1990-ci ilədək “AzərMəişətMebe!” RİB-də işləmiş, 14 iyun 1990-cı ildən 01 oktyabr 1992-ci ilədək “AzərMəişətMebel” RİB-də işləmiş, 01 oktyabr 1992-ci tarixdən 24 yanvar 1994-cü il tarixədək “Naxış-1“müəssisəsində, 01 fevral 1994-cü il tarixdən 24 dekabr 2010-cu ilədək “Bakı qeyri parça materialları” fabrikində işləmişdir. Yəni, iddiaçının iş stajı 01 yanvar 2006-cı ilə qədər 29 il 2 ay 20 gün və 24 dekabr 2010-cu ilə qədər isə 34 il, 2 ay, 26 gün təşkil etmişdir. İşin hallarından da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə, eləcə də əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı belə hesab edir ki, 65 yaşının tamam olduğu vaxt iddiaçı qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının 25 ildən çox sosial sığorta stajına malik olmağı isə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. Qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan, eləcə də iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı əks hal müəyyən olunmadığından əmək kitabçasında göstərilmiş iş illəri pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəməyə təqdim etdiyi sənədlərdən isə görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (65 il) yaş həddinə çatmış və minimum pensiya kapitalı toplamasa da, əmək kitabçası üzrə 25 ildən artıq iş stajına malik olmuşdur. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən 24 dekabr 2010-cu il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina edərkən 01 oktyabr 1992-ci tarixdən 24 yanvar 1994-cü il tarixədək işlədiyi "Naxış-1” müəssisəsində, 01 fevral 1994-cü il tarixdən 01 yanvar 2006-cı ilədək "Bakı qeyri parça materialları” fabrikində olan dövrün ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1992-2010-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxanda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş sənədlərin arxivə təhvil verilməməsi səbəbindən həmin illərin düzgünlüyünü araşdırmaq mümkün olmaması məsələsinə münasibətdə isə bildirmək istəyir ki, bu hal onun təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bu baxımdan cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun 69, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1, 3.2, 3.2.1, 3.6 iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-58308/2024 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, onun sığorta stajı qanunvericiliklə tələb olunan minimum sığorta stajından, yəni 25 ildən azdır. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxıs-1” müəssisəsində, xx.xx.1994-xx.xx.2006-ci il tarixədək "xxxx" fabrikindəki əmək fəaliyyətidir. İnzibati orqanın araşdırması zamanı həmin dövrə aid qeydlərin mötəbər olmadığı nəticəsinə gəlinmiş, araşdırma zamanı “Naxıs-1” müəssisəsinin, “Bakı» qeyriparça materialları” fabrikinin hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı müəyyən olduğundan vətəndaşın sözügedən müəssisələrdə əməkhaqqı alıbalmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında onun "xxxx" fabrikində xx.xx.1994-xx.xx.2010-cu i tarixlər arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Nəticə etibarilə, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixədək ümumilikdə 17 il 2 ay 8 gün mübahisələndirilməvən sığorta stajı müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8305/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur.

10. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olmuşdur.

11. İddiaçıya aid əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" fabrikində işləmişdir.

12. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi “26 Bakı Komissarı adına Mətbəə” nin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1957-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1975-ci il tarixli, 124 saylı əmrlə xx.xx.1975-ci il tarixdən cildləmə sexinə şagird vəzifəsinə işə qəbul olunması, xx.xx.1977-ci il tarixli, 57 saylı əmrlə xx.xx.1977-ci il tarixdən hərbi xidmətə çağırışı ilə əlaqədar işdən azad olunması və 1975-ci ilin oktyabr, noyabr, dekabr ayları, 1976, 1977-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması qismən məlumatlar mövcuddur.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən sığorta stajı 17 il 2 ay 8 gün təşkil edir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" fabrikində əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. “Naxış-1” müəssisəsinin və "xxxx" fabrikinin hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Bakı X1 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 18 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2013-cü il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar həmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) 1 oktyabr 1997-ci il tarixinə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il məktubunda bildirilir ki, dövlət reyestrində “Naxış-1” müəssisəsi (“Səyahət" müstəqil çoxsahəli kiçik müəssisəsi) adlı kommersiya qurumu aşkar edilməmişdir. xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2006cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, Fondun Arxiv və Sosial Ödəniş işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən sığortaedən, "xxxx" MMC-nin (SUN: **********6; VÖEN: **********) iş qovluğunda 2006- 2010-cu illərin hesabat məlumatları aşkar edilmədiyindən sözügedən dövr üzrə sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır.

18. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, “Naxış-1” müəssisəsinin (“Səyahət” müstəqil çoxsahəli kiçik müəssisəsinin) və "xxxx" fabrikinin (ATSC-nin) arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumi 17 il 2 ay 8 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən xx.xx.1992-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün adıçəkilən şəxsin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

20. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq:

22. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ yaşa görə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur.

23. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir.

24. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir.

25. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının olduğu yer Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

b) Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11-ci maddəsinə əsasən hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

31. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının: 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 2.1-ci bəndinə əsasən əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyridəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən aparılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

33. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

34. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçının müraciətinin icrasından xx.xx.2024-cü il tarixli məktubda imtina edilmişdir. İnzibati orqan imtinanın əsası kimi xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" fabrikində işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələrin olduğunu və həmin dövrlərin sığorta stajına daxil edilmədiyini bildirmişdir. Qeyd olunan dövrlər istisna olmaqla iddiaçının 17 il 2 ay 8 gün sığorta stajının olması işin mübahisəsiz halıdır.

35. Məhkəmə cavabdeh inzibati orqanın imtinasına münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" fabrikində işlədiyi həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 17 il 2 ay 8 gün ümumi iş stajı olduğu göstərilmişdir. İddiaçının əmək kitabçasında olan həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir .

36. Məhkəmə iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi barədə cavabdehin iddia ərizəsinə etirazda göstərdiyi mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

37. Göründüyü kimi, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir.

38. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən sonra müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapmasa da, bu hal onun xx.xx.2006-cı il tarixədək olan dövrün də qəbul edilməməsinə əsas olmamalıdır.

39. Bundan başqa cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

40. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuş, cavabdeh orqanın iddiaçıya pensiya təyin edilməsindən imtinası əsassızdır.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar