Məhkəmə qərarları › İş №2-1(118)-3678/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3678/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3678/2024 19.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “oğlu X2 adının “Məhəmməd”dən “Muhamməd” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdə İddiaçı2 ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2023-cü il tarixdə oğlu Məhəmməd Yasinov anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Qeydiyyat şöbəsinə oğluna Muhamməd adını qoymaq üçün ərizə ilə müraciət etmişlər. Lakin doğum haqqmda şəhadətnaməni götürəndə orada artıq Muhamməd adının yerinə Məhəmməd yazılmışdır. İddiaçılar irad bildirəndə “artıq yazmışıq dəyişə bilmərik deyə” onlara cavab vermişlər. Bundan sonra Sumqayıt Şəhəri İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayəçilik komissiyasna müraciət etmiş, xx.xx.2023-cü il tarixdə bu qurum oxşar arqumentlərlə ona imtina məktubu vermişlər. Həmin imtinanın əsassız olduğunu hesab edib X2 adında düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhəkəmə prosesində iştirak edən İddiaçı1 nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, qaldırılan məsələ ilə bağlı iddiaçılar Komissiyada qəbul edilmişdir. Qəbul zamanı ərizəçilərə uşağın adının dəyişdirilməsi barədə qanunvericiliyin tələbləri barədə ətraflı izahat verilmişdir. Eyni zamanda ərizəçilərə, qaldırılan məsələ ilə bağlı 5-6/1 -Y-37-164/2023 nömrəli, xx.xx.2023cü il tarixli cavab məktubu göndərilmişdir. Cavab məktubunda qeyd olunan adın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmədiyi üçün azyaşlının adının qeyd olunan ada dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.İddiaçı1 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim etdiyi ərizədə adının dəyişdirilməsini tələb etdiyi şəxs 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən xx.xx.2023-cü il təvəllüdlü X2 özünün yalnız 18 yaşına çatdıqdan sonra adının “Muhəmməd” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır.18 yaşına çatanadək isə xx.xx.2023-cü il təvəllüdlü X2 valideynləri, yəni iddiaçılar İddiaçı1 və X1 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla uşağın adının dəyişdirilməsinə dəyişdirilməsinə icazə verə bilər.İddiaçının tələb etdiyi “Muhəmməd” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Eyni zamanda, iddiaçının övladının hazırkı adı olan “Məhəmməd” adı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilmiş, habelə azyaşlının cinsinə uyğundur və ya gülünc ad hesab edilmir.Yuxarıda göstərilənlər nəzərə alınaraq, iddia tələbininin rədd olunmasını məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə:Cavabdeh tərəfindən verilmiş 5-6/1-Y-37-164/2023 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, etiraz ərizəsi, AZ-İV 839695 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, AZ-İ 441841 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surəti, Şəxsiyyət vəsiqələrinin surəti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarının surəti, digər valideynin razılıq ərizəsi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi” Qaydalarının 2.1-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Həmin Qaydaların 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi uşağın adının dəyişdirilməsinə razılıq verilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir, yəni həmin orqan uşağın mənafeyini nəzərə alaraq adının dəyişdirilməsinə razılıq verə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların övladı xx.xx.2023cü il təvəllüdlü Məhəmməd Yasinovun adının “Muhəmməd” kimi yazılmasına razılıq verilməsini istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyə razılıq verilməsinin mümkün olmadığını bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Belə ki, L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3, 2019-cu ildə 4 və 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçıların övladının adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, xx.xx.2023-cü il təvəllüdlü Məhəmmədin adının Məhəmməddən – Muhammədə dəyişdirilməsinə icazə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 adının “Məhəmməd”dən “Muhamməd” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar