Məhkəmə qərarları › İş №2-1(118)-368/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-368/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-368/2020 27.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Qobustan rayonunun Çalov kəndi ərazsində yerləşən, onun ailə üzvlərinə məxsus, lakin əmisi oğlu X6 adına olan JN–1xx xxx 30707028 saylı dövlət aktına səhvən əlavə edilmiş 1,46 sot əkinə yararlı pay torpaq sahəsinin azaldılaraq 3,74 hektara endirilməsi və həmin 1,46 hektar torpaq sahəsinin onun adına olan JN-00xx xxx 30707028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilərək 5,20 hektara çatdırılması öhdəliyinin cavabdeh inzibati orqanlarının üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxx 1946-cı ildə Şamaxı rayonunun Çalov kəndındə anadan olmuş və həmin kənddə yaşayır. 1997-ci ildə Respublikada gedən torpaq islahatı zamanı “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20–ci maddəsinə uyğun olaraq Qobustan rayon X4 xx xxx 1997-ci il tarixli 22 saylı qərarı ilə ona və 7 nəfər ailə üzvlərinə 5,20 hektar əvəzinə 3,20 ha torpaq sahəsi ayrılmışdır. Halbuki adambaşına 0,65 sot olmalı idi. Lakin ailə üzvlərinə 1,46 ha əskik verilmişdir. 1,46 ha səhvən cəmi 6 nəfər ailə üzvü olan əmisi oğlu X6 adına verilmişdir. Buna baxmayaraq həmin vaxtdan hal–hazıra kimi həmin torpaq sahəsindən o istifadə edir. Lakin buna baxmayaraq torpaq üçün dövlət tərəfindən ayrılmış subsidiyalardan çətinliklə istifadə edir. Ona görə də həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Bununla əlaqədar müxtəlif dövlət təşkilatlarına müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti bildirmişdir ki, islahat zamanı ona və ailə üzvlərinə ayrılan pay torpaq sahəsinin normadan az verilməsi ilə əlaqədar yaranmış uyğunsuzluğun aradan qaldırılmasına köməklik göstərilməsi barədə xx.xx.2019cu il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. “Torpaq islahatı haqqında” Azarbaycan Respublikası Qanunun 20-ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və yerli aqrar islahat komissiyaları aparır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997–ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamənin 2-ci bəndinə əsasən yerli aqrar islahatı komissiyası tərəfindən “pay almaq hüququ olan subyektlərin siyahısı” tərtib edilmiş və həmin siyahı rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində və elektron məlumat bazasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, Qobustan rayonu Çalov kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adı çəkilən siyahıda yerli aqrar islahat komissiyasi tərəfindən onun və ailə üzvlərinin adına 3.74 ha pay torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN–0038 (kod 30707028) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işlənmişdir. Əlavə olaraq bildirmişlər ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı ilə bağlı mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər məzmunlu məktub ünvanlayaraq ərizəsini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X11 məktub ünvanlayaraq ərizəsini təmin etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X8rşı “torpaq üzrə tələbinə dair " iddia ərizəsini əsassız hesab edirlər. Məlumat üçün bildirlər ki, ƏMDKnın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X13 daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X13 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ–hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı Ərazi İdarəsinə müraciət edərək, Qobustan rayonun Çalov kəndində yerləşən ailəsinə məxsus torpaq sahəsinin mülkiyyət sənədində (JN–0038. kod 30707028 nömrəli dövlət aktında) düzəlişin edilib, əmisi oğlu X6 ailəsinə verilmiş 1.46 ha torpaq sahəsinin onun ailəsinə məxsus dövlət aktına əlavə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X6 ailəsinə JN–146, kod 30707028 nömrəli dövlət aktı Qobustan Rayon Aqrar İslahat Komisiyasının xx xxx 1997-ci il tarixli 22 saylı qərarına əsasən tərtib edilmişdir. Vaxtıilə Respublikamızda aparılan Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli "Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22 -ci maddəsi ilə tənzimlənirdi. Belə ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X4 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X7na şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Azərbaycan Respublikası Dövlət X7 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X4 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Mübahisəli 1.46 ha torpaq sahəsinin İddiaçı ailəsinin adına qeydiyyata alınması X6 ailəsinin mülkiyyət hüququnun pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu səbəbdən İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edtmişdir. Məhkəmə iclasında iştrak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə məlumatlandırılmış digər cavabdeh inzibati orqan məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Torpaq sahələrinə dair daşınmaz əmlakın reyestrindən verilmiş çıxarışlar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN–00xx xxx 30707028 saylı və JN-1xx xxx 30707028 saylı dövlət aktları, Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********48 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********29 nömrəli etirazı və digər səndlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsasını belə göstərmişdir ki, torpaq islahatları aparılarkən onun adına ayrılmalı olan torpaq sahəsi səhvən əmisi oğlu X6 adına, İslam Rəcəbovun adına ayrılmalı torpaq sahəsi isə onun adına rəsmiləşdirilmişdir. Hal hazırda İslam Rəcəbovla aralarında razılıq əldə edilmişdir.Buna görədə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X12 müraciət etmişdir ki, həmin səhvi aradan qaldırsınlar.Lakin oradan ona bildirilmişdir ki, şəxsin mülkiyyətində olan torpaq sahəsinin digər şəxsin adına keçirilməsi üçün gərək həmin hüququnun özgəninkiləşdirilməsi barədə müqavilə rəsmiləşdirilsin və həmin müqavilə yeni mülkiyyət paylarının qeydiyyata alınması üçün səbəb hesab edilir. Buna görə də iddiaçıya imtina edilmişdir. Lakin İddiaçı bununla razılaşmayaraq inzibati orqanın qərarını mübahisələndirmişdir. Məhkəməyə təqdim edilmiş JN–146, kod 30707028 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, X6 ailəsinə JN–146, kod 30707028 nömrəli dövlət aktı Qobustan Rayon Aqrar İslahat Komisiyasının xx xxx 1997-ci il tarixli 22 saylı qərarına əsasən tərtib edilmişdir. Göründüyü kimi iddiaçının dövlət qeydiyyatına alınmasını istədiyi torpaq sahəsinə digər şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatı mövcuddur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, İddiaçı başqa şəxslərin adına torpaq islahatları nəticəsində ayrılmış torpaq sahələrinin səhvən torpaq aktında qeyd olunduğunu, hətta həmin şəxslərin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsinə etirazlarının olmamasını bildirmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, hər hansı başqa şəxsin adına mövcud torpaq sahəsi yalnız onun razılığı əsasına torpaq əldə etmək istəyən şəxlə birgə bağladıqları və notarial qaydada təstiq edilmiş müqavilə əsasında rəsmiləşdirilir. İddiaçı bildirdiyi kimi adına rəsmiləşdirilməsi tələb olunan torpaq sahələrinin mülkiyyətçilərinin həmin torpaq sahəsinin və yaxud onun bir hissəsinin onun adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdursa, o halda onlar iradə ifadələrini müstəqil şəkildə bildirmək üçün notariat kontoruna müraciət etmək iqtidarındadırlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Qobustan rayonunun Çalov kəndi ərazsində yerləşən, onun ailə üzvlərinə məxsus, lakin əmisi oğlu X6 adına olan JN–1xx xxx 30707028 saylı dövlət aktına səhvən əlavə edilmiş 1,46 sot əkinə yararlı pay torpaq sahəsinin azaldılaraq 3,74 hektara endirilməsi və həmin 1,46 hektar torpaq sahəsinin onun adına olan JN-00xx xxx 30707028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilərək 5,20 hektara çatdırılması öhdəliyinin cavabdeh inzibati orqanlarının üzərinə qoyulması”dair iddiası əsassızdır və təmin olunmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Qobustan rayonunun Çalov kəndi ərazsində yerləşən, onun ailə üzvlərinə məxsus, lakin əmisi oğlu X6 adına olan JN–1xx xxx 30707028 saylı dövlət aktına səhvən əlavə edilmiş 1,46 sot əkinə yararlı pay torpaq sahəsinin azaldılaraq 3,74 hektara endirilməsi və həmin 1,46 hektar torpaq sahəsinin onun adına olan JN-00xx xxx 30707028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilərək 5,20 hektara çatdırılması öhdəliyinin cavabdeh inzibati orqanlarının üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar