Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-368/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Kimyaçılar prospektində yerləşən Yol İstismar İdarəsinin İnzibati binasında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04.06.2020-ci il tarixli imtina cavabının qanunsuz hesab edilməsi, 1992-ci ilin may ayının 15-dən həmin ilin avqust ayına kimi Cəbrayıl rayonunun düşmənlə həmsərhəd kəndlərinin erməni quldur birləşmələrindən mühafizəsində iştirak etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması və ona veteranlıq statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o xx.xx.1972-ci ildə Qubadlı rayonu Xanlıq kəndində anadan olmuşdur. 1992-ci ildə BDU-dən tələbə kimi məlum hadisələrlə əlaqədar 1992-ci ilin may ayının 15-dən həmin ilin avqust ayına kimi Cəbrayıl rayonunun düşmənlə həmsərhəd kəndlərinin erməni quldur birləşmələrindən mühafizəsində yaxından iştirak etmiş, döyüşmüşdür. Bu barədə Cəbrayıl rayon Polis şöbəsindən ona 19.11.2007-ci il tarixli arayış təqdim edilmişdir. Rayon işğal edildikdən sonra isə BDU-da təhsilini davam etdirmiş və məzun olmuşdur. Müharibə veteranı adının verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və oradan ona 04.06.2020-ci il tarixli imtina cavabı verilmişdir. Nazirlikdə ona bildirmişlər ki, döyüşmə faktının müəyyən edilməsi barədə mütləq məhkəməyə müraciət olunmalıdır, çünki mövcud qanunvericiliyə görə bu cür faktları yalnız məhkəmələr müəyyən edə bilərlər. Bununla bağlı o, qeydiyyatda olduğu ərazi üzrə Qubadlı rayon Məhkəməsinə meraciət etsə də, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmə aidiyyətinə görə geri qaytarılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, iddia tələbinin iddiaçının 1992-ci ilin may ayının 15-dən həmin ilin avqust ayına kimi Cəbrayıl rayonunun düşmənlə həmsərhəd kəndlərinin erməni quldur birləşmələrindən mühafizəsində iştirak etməsi faktının müəyyən edilməsinə dair hissəsi xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aid edildiyindən inzibati icraat qaydasında baxıla bilməz. Digər tərəfdən iddia tələbinin iddiaçıya “Müharibə veteram” statusunun verilməsi hissəsi AR İnzibati-Prosessual Məcəlləsinin 33.1 -ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, iddiaçı ərizə ilə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”ya müraciət etmiş, Komissiya 04 iyun 2020ci il tarixli məktubla Mərkəzi arxivin 21 may 2020-ci il tarixli arayışına əsasən iddiaçının ərizə və müvafiq sənədlərlə Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasına müraciət etməli olduğunu bildirmişdir. Bununla da Komissiya tərəfindən iddiaçının hüquq və qanuni mənafeyini məhdudlaşdıran hər hansı akt qəbul edilməmiş, iddiaçının Cəbrayıl rayon Polis Şöbəsinin nəzdində döyüşlərdə iştirakını nəzərə alaraq onun Daxili İşlər Nazirliyinin nəzdində müvafiq Komissiyaya müraciət etməli olduğunu bildirmişdir. İş materiallarında olan : -Qubadlı rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli 2(028)-327/2020 saylı qərardaddan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlərin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. -BDU-nun 18.11.1992-ci il tarixli 4/182 saylı əmrindən görünür ki, BDU-nun “Qarabağ” cəmiyyətinin təqdimatını nəzərə alaraq mexanika-riyaziyyat fakültəsinin tələbəsi İddiaçı 500 manat məbləğində maddi yardım edilmişdir. -Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 21.05.2020-ci il tarixli 9/2-5759 №-li arxiv arayışından görünür ki, Cəbrayıl rayon Polis şöbəsi rəisinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. -Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən 28.04.2020-ci il tarixli 1/İ-6392 №-li məktubundan görünür ki, Mərkəzi Arxivdən yaranmış zərurətlə əlaqədar İddiaçı xidməti barədə məlumatı “Veteranı” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilməsi haqqında göstəriş verilməsi xahiş edilmişdir. -Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsi tərəfindən verilən 04.06.2020-ci il tarixli 1/İ-8230 №-li məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində tərəfindən göndərilən “Veteranı” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 03.06.2020-ci il tarixli iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 21.05.2020-ci il tarixli 9/2-5759 nömrəli arayışına əsasən Cəbrayıl rayon Polis şöbəsinin nəzdində döyüş yolu keçdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindəm imtina olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzdində yaradılan müvafiq komissiyaya müraciət etməsi tövsiyə olunmuş, qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu izah olunmuşdur. -НЗ № ******* hərbi biletdən görünür ki, İddiaçı 01.05.1992-15.08.1992-ci il tarixədək Cəbrayıl rayon Polis şöbəsinin könüllü olaraq özünümüdafiə batalyonunda döyüşlərdə iştirak etmişdir ( əsas Qubadlı RPŞ-nin 248 nömrəli 28.0.1998-ci il tarixli arayışı) ç- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 19.11.2007-ci il tarixli İ-11-1266 saylı arayışdan görünür ki, İddiaçı 1992ci ilin may ayından 1992-ci ilin avqust ayına kimi respublikada yaranmış mürəkkəb şəraitlə əlaqədar olaraq Cəbrayıl rayonunun düşmənlə həmsərhəd kəndlərinin erməni quldur birləşmələrindən mühafizəsində fəal iştirak etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlərlə İş İdarəsi tərəfindən 01.03.2021-ci il tarixli 024-625-1221 saylı məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı daxili işlər orqanlarında xidmət edib-etməməsi və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı faktının müəyyən edilməsi məqsədilə Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən və Cəbrayıl rayon Polis şöbəsindən daxil olmuş cavab məktublarında bu barədə hər hansı bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsi tərəfindən 09.03.2021-ci il tarixli 224 saylı məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı 1992-ci ilin may ayının 15-dən həmin ilin avqust ayına kimi döyüşlərdə iştirak edib-etməməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsində heç bir məlumat yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada dacil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bü isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. İddiaçının Müdafiə Nazirliyinin hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-368/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-368/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver