Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-368/2025 14.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3, İddiaçı1, İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN 0200 KOD 30310048 saylı dövlət aktı əsasında ailə üzvlərinə məxsus 1.80 ha torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılmaqla, faktiki vəziyyətinə uyğun olaraq iddiaçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayonu Şöbəsi tərəfindən verilmiş 24 iyul 1998-ci il tarixli JN-0200 KOD 30310048 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasında Quba rayonu İsnovqışlaq kəndində yerləşən 1.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və iddiaçıların adına çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı3 Məmmədsəfa oğlu məhkəməyə ərizə təqdim edərək, X1 vəfat etdiyini bildirərək, iddiaçılar sırasından çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3, İddiaçı1, İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “JN 0200 KOD 30310048 saylı dövlət aktı əsasında ailə üzvlərinə məxsus 1.80 ha torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılmaqla, faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat komissiyasının 29 mart 1997-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya Quba rayon İsnovqışlaq kəndi ərazisində 1.80 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və adlarına mülkiyyəti təsdiq edən JN-200 KOD 30310048 Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçılar qeyd olunan dövlət Aktına və ona əlavə edilmiş hüquqmüəyyən edici sənədləri cavabdehə təqdim edib öz adlarına çıxarış almaq üçün ərizə ilə müraciət etmişdir, cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə onlara çıxarışın verilməsinə imtina edilmişdir. Ona görə də, öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir. İddia ərizəsinə əlavə etdiyi JN-0200 KOD 30310048 saylı Torpaq mülkiyyət hüququna dair Dövlət Aktından aşkar olur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə Quba rayon İsnovqışlaq kəndi ərazisində 1.80 ha kənd təsərrüfatı torpaq verilmişdir. İddia ərizəsinə əlavə etdiyi cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan aşkar olur ki, iddiaçılara qeyd olunan torpağa çıxarışın verilməsinə imtina edilmiş və imtinanın əsası kimi JN-0200 nömrəli (KOD ********) seriyalı torpağın mülkiyyət hüququna dair Dövlət Aktının arxiv nüsxəsi mövcuddur, həmin ləğv edilmiş Dövlət Torpağ və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı xaçmaz ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında mülkiyyətçilərin adı, soyadı və Dövlət Aktının JN nömrəsi yazılsa da torpaq sahəsinin ölçüsünün qeyd edilməməsini, 1.80 ha torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmadığını əsas göstərib bizə çıxarışın təhvil verilməsinə imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı3, İddiaçı1, İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı1 iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi İlə bağlı sərəncamın icrası İlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı1 Quba rayonu, İsnovqışlaq kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizənizə əlavə olunmuş JN-0200 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’’ nın arxiv nüsxəsi mövcuddur, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında mülkiyyətçilərin adı, soyadı və Dövlət Aktının JN nömrəsi yazılsa da, torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Bildirirlər ki, İddiaçı1 və ailə üzvlərinin adına 3.75 ha torpaq sahəsinə dair başqa JN- 200 nömrəli Dövlət Aktı verilmişdir və həmin Dövlət Aktı əsasında verilmiş 3.75 ha torpaq sahəsinin 1.5211 ha hissəsinin Quba rayon notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə/37 saylı müqaviləsi ilə digər vətəndaşa satılmışdır. Yerdə qalan 2.2255 ha hissəsinə isə Sizin və ailə üzvlərinizin adlarına xx.xx.2007-ci il tarixli **********24 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, hazırda təqdim olunan JN-0200 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na 1.80 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Qeyd edirik ki, tərəfinizdən naturada faktiki istifadə olunan torpaq sahəsi 1.43 ha təşkil edir və torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin cizgisi daxilində başqa Dövlət Aktlarının nömrələri göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.Yuxanda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-10331/2023 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: cavabdeh orqanın iddiaçıya ünvanladığı 02 avqust 2023-cü il tarixli imtina məktubu; JN 0200, KOD 30310048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nin surəti; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 02 avqust 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 saylı, 29 mart 1997-ci il tarixli qərarı ilə X2 və ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Quba rayonu İsnovqışlaq kəndində yerləşən 1.80 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur. Buna dair iddiaçının adına JN 0200, KOD 30310048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıların qanuni sahibliyinə verilməsi iş materiallarında olan yuxarıda qeyd edilən dövlət aktı ilə də təsdiq edilir. İddiaçılar hazırda mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 02 avqust 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında mülkiyyətçilərin adı, soyadı və Dövlət Aktının JN nömrəsi yazılsa da, torpaq sahəsinin ölçüsü qeyd olunmadığını, JN-0200 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na 1.80 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmadığını; iddiaçılar tərəfindən naturada faktiki istifadə olunan torpaq sahəsi 1.43 ha təşkil edir və torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin cizgisi daxilində başqa Dövlət Aktlarının nömrələri göstərildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati iş materiallarına əlavə edilmiş JN 0200, KOD 30310048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”dan görünür ki, Quba rayon, İsnovqışlaq kəndində yerləşən 1.80 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 saylı, 29 mart 1997-ci il tarixli qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmışdır. Sözügedən şəhadətnamənin dövlət aktlarının qeydiyyatı kitablarında mülkiyyətçilərin adı, soyadı və Dövlət Aktının JN nömrəsi yazılsa da, torpaq sahəsinin ölçüsü qeyd olunmaması iddiaçıların təqsiri kimi qiymətləndirilib, onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmədə işin hərtərəfli araşdırılması zamanı, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq 06 noyabr 2024-cü il tarixli təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı və ailə üzvlərinin faktiki olaraq istifadəsində naturada (yerdə) 1.80 ha torpaq sahəsi mövcuddur. İddiaçı və ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 saylı qərarı əsasında verilmiş JN 200 kod 30310048 saylı dövlət aktına əsasən 1.80 ha torpaq sahəsinin cizgiləri baza məlumatlarında olan xəritə materiallarında öz əksini tapmamışdır; iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin naturada (yerdə) ölçüləri müəyyən edilmişdir, sxem tərtib olunmuşdur və mütəxəssis rəyinə əlavə edilmişdir; İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin 0.27 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən İddiaçı1 və ailə üzvlərinə məxsus **********24 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi ilə, 1.02 ha hissəsi X5 və ailə üzvlərinə məxsus **********17 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi ilə və 0.51 ha hissəsi isə X7 və ailə üzvlərinə məxsus JN-10 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi ilə üst-üstə düşür; İddiaçı və ailə üzvlərinə Quba rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 saylı qərarı əsasında verilmiş JN 200 kod 30310048 saylı dövlət aktı baza məlumatlarında olan xəritələr üzərində Öz əksini tapmadığından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb-alınmamasını müəyyənləşdirmək mümkün deyildir. JN 200 kod 30310048 saylı dövlət aktmda göstərilən 1.80 ha torpaq sahəsi Dövlət Aktında göstərilsə də baza məlumatlarında olan xəritələr üzərində öz əksini tapmamışdır. Onu da qeyd edəki ki, mübahisəli torpaq sahəsi yerləşən massivdə (ərazidə) vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları ilə baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmiş torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, həmin ərazidə yerləşən mülkiyyətçilərin rəsmi müraciəti əsasında uyğunsuzluğun aradan qaldırılması üçün tədbir görülməsi məqsədəmüvafiqdir. Yuxarda qeyd edilənlərə əsasən aydın olur ki, iddia edilən torpaq sahəsinin yerləşdiyi massivdə ümumi olaraq torpaq sahələrinin yerləşməsi üzrə uyğunsuzluq mövcuddur. Qeyd edilən uyğunsuzluq aradan qaldırılmaqla, torpaq sahələrinin faktiki vəziyyətinə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınması mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 0200 KOD 30310048 saylı dövlət aktı əsasında ailə üzvlərinə məxsus 1.80 ha torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılmaqla, faktiki vəziyyətinə uyğun olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. JN 0200 KOD 30310048 saylı dövlət aktı əsasında ailə üzvlərinə məxsus 1.80 ha torpaq sahəsinə dair uyğunsuzluğun aradan qaldırılmaqla, faktiki vəziyyətinə uyğun olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva