Məhkəmə qərarları › İş №2-1(118)-3681/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3681/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3681/2024 04.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlər:

1. JN-262A, KOD 30800076 “Torpağın mülkiyyətə veilməsinə dair Şəhadətnamə”dən görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə X2 və onun ailə üzvləri X6, İddiaçı, X13, X11, X7, X3, X9, X14, X5 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,22 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş 26 yanvar 2024-cü il tarixli, 32/332/10000925 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə mübahisə olduğundan şərait yaradılmamışdır. Bundan başqa eyniləşdirmə əməliyyatının aparılması üçün müraciət üzrə əlavə edilmiş JN-262A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan hüquq sahiblərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətinin hazırkı müraciətə əlavə olunmadığı müəyyən edilmişdir. Bu səbədən ərizənin icrasından imtina edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 1 iyul 2024-cü il tarixli, 32/332/2-8652/24 nömrəli məktubundan görünür ki, idarənin elektron baza məlumatlarına əsasən iddiaçı X4 istifadəsində olan torpaq sahəsinin başqa şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır və sözügedən torpaq sahəsinin təyinatına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Qoşma ilə aşağıdakı sənəndlər göndərilmişdir: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş 26 yanvar 2024-cü il tarixli, 32/332/10000925 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş (§2); - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş 19 mart 2024-cü il tarixli, 32/332/2-3404/24 nömrəli məktubundan görünür ki, Aparılan araşdırma zamanı sözügedən mənzilə dair təqdim edilən Forma-2 arayışında adları qeyd olunan şəxslərin hər birinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin hazırkı müraciətinə əlavə olunmadığı müəyyən edilmişdir. Bu səbədən ərizənin icrasından imtina edilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

İddia tələbinin dəlilləri:

4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində 0,22 ha torpaq sahəsindən payına düşən (0,11 ha) torpaq sahəsinin ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

6. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.

İddia tələbinə dair etirazın dəlilləri:

7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı iddiaçının cavabdehə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən JN-262A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə paylı mülkiyyətdə olan 0,22 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəmədə notarial qaydada təsdiqlənmiş müvafiq bölgü sxemi və payların müəyyən edilməsi barədə müvafiq saziş təqdim edilmədən 0,11 ha torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddia qaldırıldığı və bu barədə vətəndaşın cavabdehə müraciətinin aşkarlanmadığı müəyyən olunmuşdur.

9. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 144.5, 146, 214.1, 220.2, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 8, 9, 11.1-ci maddələrinə, Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli. 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7, 19-cu bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddəsinə istinad edilmişdir. TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

10. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, “Torpağın mülkiyyətə veilməsinə dair Şəhadətnamə”də (§1) adları qeyd edilmiş digər şəxslərə mübahisələri olduğundan, onların iddiaçılar qismində hazırkı işdə iştirakları mümkün deyil.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırkı işdə ilk öncə şəhadətnamədə göstərilmiş torpaq sahəsinin payları bölünməlidir və bu barədə müraciət edilməlidir. Daha sonra iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi barədə müraciətə baxılacaq.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

14. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

15. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

16. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

17. Məhkəmə iş materialında olan iddiaçı tərəfindən məhkəməyə göndərilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.

18. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

19. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

20. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

21. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

22. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

23. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. İPM: Maddə 30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz.

25. Belə ki, qanunvericiliyin qeyd olunmuş müddəalarına əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı işdə Abşeron Rayonu Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə 0,22 ha torpaq sahəsi bir neçə şəxslərin adına (X8, X6, İddiaçı, X13, X11, X7, X3, X9, X14, X10) ayrılması üçün həmin şəxslərin iddiaçılar qismində iştirak edilmələri zəruri haldır. Lakin məhkəmə iclasında iştirak edən iddiaçı onların iştiraklarının mümkün olmamasını bildirmişdir.

26. Cavabdeh orqan etirazında qeyd etmişdir ki, iddiaçının cavabdehə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən JN-262A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə paylı mülkiyyətdə olan 0,22 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq, iddiaçı tərəfindən məhkəmədə notarial qaydada təsdiqlənmiş müvafiq bölgü sxemi və payların müəyyən edilməsi barədə müvafiq saziş təqdim edilmədən 0,11 ha torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddia qaldırıldığı və bu barədə vətəndaşın cavabdehə müraciəti aşkarlanmamışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)

28. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Abşeron Rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində 0,22 ha torpaq sahəsindən payına düşən (0,11 ha) torpaq sahəsinin ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi ilə cavabdeh orqana müraciət etməmişdir.

29. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi üzrə ilk öncə mülki qanunvericiliyin tələbləri baxımından paylar müəyyən edilməlidir.

30. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

31. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər

32. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon Aqrar İslahat Komissiyasının 1 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində 0,22 ha torpaq sahəsindən payına düşən (0,11 ha) torpaq sahəsinin ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar