Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3685/2024 06.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon, X1 şurasının xx.xx.2005-ci il tarixli, 57 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X1 02 avqust 2005-ci il tarixli 57 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin mülkiyyət hüququ əsasında adına qeydə alınaraq buna dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Abşeron rayon, X1 şurasının xx.xx.2005-ci il tarixli, 57 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon X4 Şurasının 02 avqust 2005-ci il tarixli 57 saylı Qərarına əsasən, fərdi ev tikintisi üşün iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmış və yerində ona təhvil verilmişdir. Həmin vaxtdan həmin torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyindədir. 2023-cü ildə o həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmişdir, lakin cavabdeh ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçının həmin imtinanı aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir: Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya iddiaçı ərizəsinə hüquqmüəyyənedici və texniki sənədləri təqdim etməmişdir. Bu dəlil isə əsasızdır. Belə ki, iddiaçı ərizəsinə bələdiyyənin qərarından çıxarışı, həmin torpağın yerində ona təhvil verilməsi barədə tərtib edilmiş cizgisini, torpağa görə Bələdiyyənin hesabına pul ödənişi barədə qəbzi əlavə etmişdir. Bu sənədlər torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət edir və belə hesab edir ki, məhkəmə tərəfində cavabdehin imtinası qanunsuz hesab edilməli və cavabdehin üzərinə iddiaçının torpaq sahəsinin adına mülkiyyət hüququ ilə qeydə alınması və çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı odlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi ilə bağlı iddiaçının nümayəndəsi X3 4 saylı Abşeron Ərazi İdarəsinə 06 aprel 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: cavabdeh orqanın iddiaçıya ünvanladığı 17 may 2023-cü il tarixli imtina məktubu; Abşeron rayonu X1 57 saylı, 02 avqust 2005-ci il tarixli qərarı; 062508 saylı ödəniş qəbzi; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq, DƏDRX-in 4 saylı Abşeron İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 17 may 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli, 57 saylı qərarı ilə İddiaçı Abşeron rayonu Məmmədli bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 17 may 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi : 1.Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Abşeron rayonu X1 02 avqust 2005-ci il tarixli, 57 saylı qərarına əsasən satılmış. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 02 avqust 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə dair alqı-satqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Abşeron rayon Qobu bələdiyyəsinin 02 avqust 2005-ci il tarixli, 57 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin ərizəyə əlavə olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz, qeyd olunan hal vətəndaşın əleyhinə şərh olunmamalıdır. Məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktında torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün 0.06 ha, faktiki isə 0,1342 ha olduğu; kateqoriyasının yaşayış məntəqələri torpaq sahələrinə aid olduğu qeyd edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon, X1 şurasının xx.xx.2005-ci il tarixli, 57 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Abşeron rayon, X1 şurasının xx.xx.2005-ci il tarixli, 57 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva