Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-369/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus Abşeron rayonu, Ramana Südçülük ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona məxsus Abşeron rayonu, Ramana Südçülük ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 15 noyabr 2019-cu il tarixli, **********30 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən sovxoz ərazisində yaşayan, ehtiyacı olan əhaliyə fərdi ev tikmək üçün torpaq fondu ayrılmışdır. Keçmiş Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 6 nömrəli əmrinə Abşeron rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamı nəzərə alınmaqla iddiaçıya fərdi yaşayış evi tikilməsi üçün müəssisənin ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Qeyd olunanlara uyğun olaraq ona X3 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN-017H kod nömrəli 00502005 kodlu Torpağn mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən qeyd olunan sahədə fərdi yaşayış evi tikilmiş, lakin torpaq sahəsinə və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki passportun alınması mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı 07.09.2020-ci il tarixli **********7 nömrəli məktubla ƏMDK yanına DƏDRX-ın 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX- ın 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 18.09.2020-ci il tarixli **********03 saylı məktubu ilə ərizənin icrasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, imtina əsasızdır və o, ayrılmış torpaq sahəsi və həmin sahədə inşa edilmiş fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış və texniki passport verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8 0.9 1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən :o>: olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı istismara qəbul aktı: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikin: Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəs üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanununun 10-cu maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qeyd olunanlardan göründüyü kimi tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlər cavabdehə təqdim edilməsinə baxmayaraq cavabdeh orqan əsassız olaraq ərizənin icrasından imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1 -ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun istifadəsindəki torpaq sahəsinin yerləşdiyi ərazilər məskunlaşmış ərazilərdir. Ona torpaq sahəsi ayrılan zaman istifadəsinə vermiş torpaq sahəsindən hazırdada istifadə edir. X4 sovxozu qeyd edilməsi, torpaq sahəsinin Maştağa- Subtropik sovxozunda yerləşməsi onun günahı deyil. Sonda İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayonu, Ramana südçülük ərazisində yerləşən İddiaçı məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 7 sentyabr 2020-ci il tarixli müraciəti daxil olmuşdur. Aparılan araşdırma zamanı, baxış keçirilən ərazidə fərdi yasayıs evi və yerləşdiyi torpaq sahəsi Maştağa-Subtropik sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı ərazidə yerləşdiyi müəyyən edilmişdir. Müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK-nin təqdim etdiyi JN 017H nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sözügedən torpaq sahəsinin Ramana Südçülük sovxozu ərazisində yerləşdiyi göstərilmişdir. Göründüyü kimi təqdim olunan sənədlərlə bəyan olunan hüquqlar arasında ziddiyət möcuddur. Bundan başqa ləğv edilmiş DT və XK-nin təqdim etdiyi arxiv məlumatlarında JN 017H nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin digər nüsxəsi aşkarlanmamışdır. Əlavə olaraq cavabdeh bildirir ki, kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin yerinin və konfiqurasiyasının dəyişdirildiyi aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə görə Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uygün olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istsfadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20.1-ci və 20.2-ci maddələrinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Eləcə də, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 14-cü bəndinə əsasən torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakının təmin edilməsi məhkəmələrin diqqətinə çatdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Göründüyü kimi hazırki iş üzrə torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) müəyyənləşdirilməsi ilə bağlı təqdim edilmiş sənədlərlə mövcud olan məlumatlar arasında ziddiyyətlər vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. JN-017H KOD 00502005 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12.01.1995-ci il tarixli 25 nömrəli qərarı və Südçülük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsinin 17.02.2000-ci il tarixli 06 nömrəli əmrilə 0.10 ha torpaq sahəsi Fərdi Mənzil tikintisi üçün Abşeron rayon X2 ərazisindən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə cavabdeh inzibati orqanın idiaya etirazında qeyd etdikləri əsaslarla razılaşır və hesab edir ki cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. İnzibati orqan müəyyən etmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Cavabdeh inzibati orqan müəyyən etmişdir ki, ləğv edilmiş DT və XK-nin təqdim etdiyi JN 017H nömrəsi ilə qeydə alınmış Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə sözügedən torpaq sahəsinin Ramana Südçülük sovxozu ərazisində yerləşdiyi göstərilsədə, faktiki istifadədə olan torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi Maştağa-Subtropik sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı ərazidə yerləşir. Göründüyü kimi təqdim olunan sənədlərlə bəyan olunan hüquqlar arasında ziddiyətlər mövcuddur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrində qeydin aparılmasından imtinası qanunsuz olmamışdır. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. JN-017H KOD 00502005 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12.01.1995-ci il tarixli 25 nömrəli qərarı və Südçülük Maldarlıq üzrə X5 Təsərrüfatı Müəssisəsinin 17.02.2000-ci il tarixli 06 nömrəli əmrilə 0.10 ha torpaq sahəsi Fərdi Mənzil tikintisi üçün Abşeron rayon X2 ərazisindən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən qeyd edilən şəhadətnamə mülkiyyət səndi hesab olunur və iddiaçı ona ilkin olaraq ayrılmış torpaq sahəsindən istifadə etdiyini bildirir. Lakin iddiaçının mülkiyyət sənədində torpaq sahəsinin X2 ərazisində yerləşdiyi qeyd edilsədə, faktiki istifadədə olan torpaq sahəsinin Maştağa- Subtropik sovxozunun Abşeron rayonunun istifadəsində saxlanılmış torpaq sahəsində yerləşməsi inzibati orqanın imtinası üçün əsas təşkil etsədə, iddiaçının bunun səbəbini araşdıraraq digər hüquqi müdafiə vasitələrindən istifadə etmə imkanı istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qanunsuzluq müəyyən edilmədiyinə görə, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-369/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-369/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver