Məhkəmə qərarları › İş №2-1(118)-3691/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3691/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3691/2025 15.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş 01 noyabr 1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 21 avqust 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 21 avqust 1959-cu ildə Quba şəhərində anadan olmuşdur. 12 avqust 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 17 oktyabr 1978-ci ildən 13 oktyabr 1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən əmək fəaliyyətini davam etdirmiş, işlədiyi iş yerləri və müddətlər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. İddiaçı 21 avqust 2024-cü ilə qədər müxtəlif işlərdə işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan sənədlərini də toplayaraq cavabdeh təşkilata müraciət etmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən 07 noyabr 2024-cü il tarixli məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, guya hərbi xidmətdə olduğu illər də daxil edilməklə sosial sığorta stajı 20 il 4 ay 20 gün təşkil edir. Eyni zamanda, məktubda qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün Quba Elektrik şəbəkəsinin Tikinti Təmir qrupunun əmr kitabları və əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövr üzrə fəaliyyətini yoxlamaq mümkün olmadığı əsas gətirilərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı həmin imtina cavabı ilə razılaşmır. Belə ki, cavabdeh təşkilat iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu və əmək kitabçasında qeyd edilən dövrləri düzgün hesablasaydı, 25 ildən də artıq əmək stajının olduğu təsdiq olunardı. Cavabdeh təşkilatın mübahisə olduğu adı ilə nəzərə almadığı müddətlərin cəmi 10 ildən artıqdır. İddiaçının həqiqətən də xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik şəbəkəsinin Tikinti Təmir qrupunda əmək fəaliyyəti ilə məşğul olmağı adına tərtib edilmiş əmək kitabçası ilə yanaşı xx.xx.2001-ci il tarixli Quba Eleketrik Şəbəkəsinin əmri də təsdiq edir. İddiaçı həmin sənədlərin mötəbərliyini sübut edir. Əlavə hansı sənədlərin təqdim edilməli olması və ya da nəyə görə təqdim etdiyi sənədlər əsasında həmin dövrün sosial sığorta stajı kimi hesablanmaması aydın deyil, bununla bağlı cavabdeh qurum öz imtina məktubunda da hər hansı məlumat vermir və mötəbərlik prinsipinin tələblərini pozur. İddiaçı əmək fəaliyyəti ilə məşğul olmağını təsdiq edən sənədlərin hər birini cavabdeh quruma təqdim etmişdir. Cavabdeh qurum imtina cavabında qeyd edir ki, işlədiyi illərə aid əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığı üçün həmin illər sosial sığorta stajı kimi nəzərə alına bilməz. İddiaçı həmin imtina cavabı ilə razılaşmır, ona görə ki, əmrlər kitabının və əmək haqqı cədvəlinin saxlanılmaması iddiaçının vəzifəsi deyildir. Sırf bu əsasa görə iddiaçının vəziyyəti ağırlaşdırıla bilməz. Eyni zamanda, iddiaçının həqiqətən də cavabdeh qurumun mübahisələndirdiyi illərdə Quba Elektrik şəbəkəsində işləməyini onunla birlikdə çalışan şahidlər də təsdiq edə bilər. Həmçinin həmin dövrlərə görə iddiaçıdan əmək haqqı almağı ilə bağlı hər hansı sübutun və ya arayışın tələb edilməsi də qanunsuzdur. Çünki həmin vaxt Azərbaycan Respublikasının hal-hazırda qüvvədə olan pensiya qanunvericiliyi mövcud deyildi və işçinin xx.xx.2006-cı il tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınmalıdır. Ümumi iş stajını təsdiq edən əsas sənəd isə əmək kitabçasıdır. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçının işlədiyi illəri sığorta stajı kimi nəzərə almaması və yaşa görə pensiya hüququnu pozması qanunsuzdur. Belə ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən artıq stajı vardır, lakin cavabdeh təşkilat iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçının təqdim etdiyi 14 05.1979-cu il tarixli əmək kitabçasına əsasən, sığorta stajı 20 il 4 ay 20 gün (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla) təşkil edir. Həmçinin bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən, iddiaçının əmək kitabçasında qeyd olunmuş Quba Elektrik şəbəkəsinin Tikinti Təmir qrupunda mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Bildirilir ki, qeyd olunan dövrlərin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli sorğu ilə iddiaçı Ə.lskəndərovun Quba-Elektrik şəbəkəsinin Tikinti təmir qrupunda işləməsi faktını müəyyənləşdirmək məqsədilə xx.xx.2024-cü il tarixində Quba-Elektrik şəbəkəsi ilə 1 saylı Quba Xaçmaz regional filialı arasında birgə akt imzalanmışdır. Birgə akta əsasən, Quba-Elektrik şəbəkəsinin Tikinti təmir qrupunun əmr kitabları və əmək haqqı cədvəlləri Quba-Elektrik şəbəkəsində aşkar edilmədiyinə görə iddiaçının həmin müəsisədə işləməsi faktını yoxlamaq mümkün olmamışdır. Bundan başqa, İddiaçı əmək kitabçasında işdən çıxma əmrinə vurulmuş möhürdə "Sumqayıt Elektrik Şəbəkəsi" qeyd olunduğundan və iddiaçının verdiyi məlumatlara əsasən, Quba Elektrik şəbəkəsinin Sumqayıt Elektrik şəbəkəsinə tabe olmasını nəzərə alaraq, yenidən araşdırma aparılmışdır. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü tarixində "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satış idarəsi ilə 1 saylı Quba Xaçmaz regional filialı birgə akt imzalamışdır. Aktda arxiv sənədlərinin olmaması səbəbindən iddiaçıya qeyd olunan dövr üzrə əmək stajının və əmək haqqının qarşılıqlı olaraq yerində araşdırılması mümkün olmadığı qeyd edilmişdir. Bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən, əmr kitabları və əmək haqqı cədvəllərinin hər iki müəssisədə aşkar edilə bilməməsi səbəbindən xx.xx.1991-ci tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr üzrə İddiaçı əmək fəaliyyətinin yoxlanılması mümkün olmamışdır. Bildirilir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının pensiya kapitalı 15 il 2 ay 10 gün sığorta stajına uyğun olaraq 15310,64 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 05 il 03 ay sığorta stajına uyğun olaraq 7283,16 manat olmaqla, ümumilikdə 22593,80 manat təşkil etmişdir (2024-cü il tarixinə indeksləşdirməklə). Lakin qanunvericiliyin tələblərinə əsasən, minimum pensiya təminatı üçün tələb olunan pensiya kapitalı 40320 manat təşkil etdiyindən iddiaçıya minimum əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, xx.xx.2024-cü il tarixdən (əmək müqaviləsinə xitam verildiyi tarixdən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

4. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi E.Hüseynov iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

11. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası X4 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Quba rayonı Elektrik şəbəkəsinin Tikirti Təmir qrupunun heç bir il üçün sənədləri (əmr kitabları, əmək haqqı cədvəlləri) X4 filialda təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı iş stajını təsdiq etməyə imkanı yoxdur.

IV. Tətbiq edilən hüquq

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

16. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

17. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

V. Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

20. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

21. İddiaçı xx.xx.1959-cu ildə anadan olub. 12 avqust 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 17 oktyabr 1978-ci ildən 13 oktyabr 1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçı 21 avqust 2024-cü ilə qədər müxtəlif işlərdə işləməklə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

22. Əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçının xx.xx.2006-cı ilə qədər sığorta stajı 30 ilə yaxındır, lakin cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işlədiyi dövrlər sığorta stajına daxil edilməmişdir.

23. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işləməsinə dair arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir.

24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

25. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

26. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir.

27. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

29. İddiaçı tərəfindən təqdim edilmiş “Sumqayıt Elektrik Şəbəkə Səhmdar Cəmiyyət” Quba Elektrik Şəbəkəsinin xx.xx.2001-ci il tarixli, 152/e nömrəli əmrdən də görünür ki, rəngsaz ştatı 12 dekabr 2001-ci il tarixdən ixtisar edildiyinə görə işdən azad olunmuşdur.

30. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

31. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

32. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir.

33. İş stajını sübut edən əsas sənəd də əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

35. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının Quba Elektrik Şəbəkəsində işlədiyi fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə (xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.

36. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

37. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı onun əmək kitabçasında əksini tapmış xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işlədiyi dövrün sosial sığorta stajina daxil edilməklə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X2-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar