Məhkəmə qərarları › İş №2-1(118)-3693/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3693/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3693/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu, Köhnə Xudat kəndin yerləşən 0,5642 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun X1, X15, X7, X11 və X8 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın 0.5642 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat **********33 reyestr nömrəli yeni çıxarış X13 verilmiş çıxarışı ləğv edib, onun adına olan 04 noyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona həmin sahəyə çıxarış verilməsi xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə yalnız Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cavabdeh qismində qəbul edilməsin və Qusar rayonu, Köhnə Xudat kəndin yerləşən 0,5642 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun X1, X15, X7, X11 və X8 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın 0.5642 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1, X15, X7, X11 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 noyabr 2006-cı il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində X2 JN 0200 KOD 30116018 nömrəli Dövlət Aktı ilə ona məxsus olan 5642,92 kv m torpaq sahəsini alqı-satqı yolu 2200 (iki min iki yüz) manata alaraq dövlət notariusu tərəfindən 4-Ə-7-1239 nömrəli reyestrində qeydə alınmışdır. Lakin iddiaçı səhhəti ilə əlaqədar müqaviləni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməmişdir. Buna baxmayaraq həmin sahədə qonşusu ilə birlikdə ağaclar əkmiş, su anbarı tikmişdir. X15 həmin torpaq sahəsinə dair çıxarış alıb başqasına satmaq istəyir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etdikdə bildirilmişdir ki, həmin sahəyə torpaq sahəsini ona satmış şəxs olan X5 adına xx.xx.2023-cü il tarixli ********* qeydiyyat, **********33 reyeystr nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X19 iddianı qəbul etmədi və izah etdi ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, xx.xx.2006-cı il tarixli, 4Ə-7-1239 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş 0.5642 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən satıcı tərəfin adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixdə ********** qeydiyyat, **********33 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan: -JN-0200 KOD 30118018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 10/8 nömrəli qərarı ilə verilmiş 2,478 ha torpaq sahəsi X9 və ailə üzvləri X1, X20, X11 və X8 mülkiyyətinə verilmişdir. -Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X1 və ailə üzvlərinin adına verimiş xx.xx.2023-cü il tarixi, **********33 reyestr nömrəli çıxarış və onun verilməsi üçün sas olmuşJN-0200 KOD 30116018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 2000-ci il tarixli 10/8 saylı qərarı ilə X9 və ailə üzvləri X1, X20, X6 və X14 2.47 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair Qusar rayon torpaq şöbəsi tərəfindən sonuncuların adına 19 may 2006-cı i il tarixli JN-200, KOD 30118018 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İşdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 2000-ci il tarixli 10/8 saylı qərarı ilə ümumilikdə 2.47 ha ayrılsa da, Dövlət Aktından müəyyən olunur ki, bütün torpaqlar vahid tamın tərkibi formasında deyil, hissələrə ayrılmışdır. Belə ki, Dövlət Aktına əsasən, 200L nömrəli planşet üzrə torpağın sahəsi 1396.72 kv m, 200 nömrəli planşet üzrə torpağın sahəsi 5642.92 kv m, 200A nömrəli planşet üzrə 12917,0 kv m, 200B nömrəli planşet üzrə torpağın sahəsi 6100.0 kv.m -dir. İddiaçı bildirir ki, Qusar rayon AİK-in qərarı ilə yuxarıda adları qeyd olunmuş şəxslərdən mülkiyyətlərində olan 2.47 ha torpaq sahəsindən 0.5642 ha hissəsini notarial qaydada təsdiq olunmuş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. İşdən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəli çıxarışa əsasən, Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən 0.5642 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ümumi birgə mülkiyyət hüququ əsasında X3, X21, X10, X11 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da müəyyən olunur ki, üçüncü şəxslər öz adlarına Qusar rayonu, Köhnə Xudat kəndində yerləşən torpaq sahəsinə dair çıxarış alarkən 0.5642 ha həcmdə torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmışlar, bu isə o demək olur ki, üçüncü şəxslər iddiaçıya satdıqları 2.47 ha torpaq sahəsindən 0.5642 ha hissəsi üzərində də öz hüquqlarını qeydə aldırmışlar. Halbuki, həmin 0.5642 ha torpaq sahəsini 2006-cı ildə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdılar. Hazırda iddiaçı həmin qeydiyyatı mübahisələndirir. Cavabdeh qeydiyyat aparmazdan əvvəl belə bir alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərsiz olduğunu, bu səbəbdən də yalnız üçüncü şəxslərin adına qeydiyyat apardığını, hazırki vəziyyətdə isə qeydiyyatla bağlı mübahisənin məhkəmə qaydasında həll edilməli olmasını bildirmişdir. Belə ki, cavabdehin imtina və iddia ərizəsinə etirazın əsas dəlili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” İddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmasa da, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur. İşin sadalanan xüsusatlarına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsini üçüncü şəxslərin mülkiyyəti kimi qeydə almışdır. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçıya məxsus 0,5642 ha torpaq sahəsinin üçüncü şəxslərin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.3-cü maddələrinin tələbinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139- 1.1.3-cü maddələrində də nəzərdə tutulub. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayonu, Köhnə Xudat kəndin yerləşən 0,5642 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun X1, X15, X7, X11 və X8 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın 0.5642 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar