Məhkəmə qərarları › İş №2-1(118)-3699/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3699/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3699/2024 17.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair şəhadətnamənin ləğv edilməsi, hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi

1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iyirmi il yaşadığı fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin keçmiş DT və XK Abşeron rayon şöbəsi tərəfindən X10 verilmiş JN-1731A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qanunsuz hesab edilərək, ləğv edilməsinə və daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının rəhmətlik həyat yoldaşı X4 qardaşı X5 ilə birlikdə 2003-cü ilin dekabr ayında Abşeron rayonu, Saray qəsəbəsi, Köhnə Saray küçəsi (kənd Saray) ərazisindəki 10 sot (1.000 kv.m) torpaq sahəsində yerləşən və X10 məxsus olan iki mərtəbəli fərdi həyət evini almaq qərarına gəlmişdirlər. Üç tərəfli söhbət zamanı Tağıyev Tağı evi 10.000 ABŞ dollarına satdığını bildirib. Ancaq sözügedən əmlakı doqquz min 9.000 ABŞ dollarına almağa razılıq əldə olunmuşdur. Sövdələşmə əsnasında şərt qoyulub ki, evin pulu tam şəkildə ən gec bir il müddətində ödəniləcək. T.Tağı bu təkliflə razılaşdıqdan sonra ona ilkin olaraq beş yüz 500 ABŞ dolları beh verilmişdir. Bu danışıqdan 3 ay sonra mərhum həyat yoldaşı qardaşı Fəxrəddinlə birgə qalan 8.500 ABŞ dolları məbləğindəki pulu vermək üçün, Tağıgilə gedib notariusda alqı-satqı edilməsini bildiriblər. Əfsuslar olsun ki, Tağı sövdələşməyə zidd olaraq evi doqquz min 9.000 ABŞ dollarına yox, on dörd min 14.000 ABŞ dollarına satdığını yalandan demişdir. Halbuki, qaynı qardaşına kömək məqsədilə Yasamaldakı evini təcili satıb ailəsi ilə birlikdə evsiz qalmışdı. Tağı ilə çox uzun mübahisədən sonra məcburiyyət qarşısında qalan yoldaşı evin qiymətinin 13.000 ABŞ dollarına qaldırılmasına baxmayaraq yenidən məlum mülkü almağa razı olublar. Nəhayət, 2 aprel 2004-cü il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi imzalanaraq alınan ev həyat yoldaşı X1 adına rəsmiləşdirilib. Yoldaşı artıq beş ildir dünyasını dəyişdiyi üçün, ailə üzvlərilə birgə həmin evi satmaq üçün 2023-cü ilin dekabr ayında qaynı Fəxrəddinə müraciət etmişdir. Lənkəran rayonunda yaşadığına görə qaynına bu satışla məşğul olması üçün ümümi etibarnamə verimişdir. Aidiyyəti üzrə Abşeron rayon əmlak idarəsinə vərəsəliklə bağlı notarial qaydada sorğu da ünvanlandı. Təəssüflər olsun ki, qurumdan Forma 1 verilmək əvəzinə bir ay sonra imtina məktubu göndərildi. Əlavədəki məktubdan da göründüyü kimi, cavabdeh tərəfindən "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi”nin Abşeron rayon şöbəsi tərəfindən JN-1731A nömrəli “Torpaqın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əvvəlki hüquq sahibinin adına qeydiyyata alınmış və Tağıyev Tağıya verilməsi bildirilmişdir. Xeyli etirazlarından sonra məlum olmuşdur ki, bu şəhadətnamə evin satılmasından bir il sonra, 2005-ci ildə Tağı tərəfindən qanunsuz olaraq götürülmüşdür. Eyni zamanda əmlak idarəsindən bildirilmişdir ki, Tağı evin 1.000 kv/m (10 sot) torpaq sahəsi ilə birlikdə satıldığını dövlət qurumundan guya gizlətdiyi üçün torpaq şəhadətnaməsi də onun adına verilmişdir. Ancaq mövcüd qanunvericiliyə əsasən həmin şəhadətnamə mütləq şəkildə evi alan şəxsə qaytarılmalıdır ki, daşınmaz əmlak üzərində yeni sahibin hüquqlarının qeydiyyata alınması barədə mülkiyyət sənədi təmin olunsun. Həmçinin mübahisənin məhkəmə müstəvisində lehinə həllini tapacağı da deyilmişdir. Bundan sonra X12 ilə görüşmək üçün onlara gedib. Tağı onunla olduqca aqressiv davranıb və ona 4.000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Söhbətdə Tağı, “Deyilən pulu ödəyin, evin sənədini verim” - deyə, qəti şəkildə ifadə edib. Fəxrəddinlə çox çəkişmədən və iyirmi il öncəki sövdələşmənin təkzibolunmaz faktlarla təkrar sübut edilməsindən sonra X8 haqlı olduğunu etiraf edib. Buna baxmayaraq yenə də; "Doğrudur, səhv edirəm. Söhbətimizdən iyirmi il keçib. O vaxt olanları unutmuşam, indi yadıma düşdü. Sizin mənə dörd min 4.000 ABŞ dolları yox, cəmi min 1.000 ABŞ dolları borcunuz vardır" deyə evin satışından bugünədək susduğu halda yenə də pul tələb etmişdir. Nəticədə Tağı 1.000 ABŞ dolları verilmədiyi halda şəhadətnamənin verməməsini bildirmişdir. Hal-hazırda isə Tağı torpağa dair şəhadətnamə sənədini vermək üçün hələ də absurd səbəblərlə 1.000 ABŞ dolları pulu əsassız olaraq tələb edir.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, hazırkı iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak etmiş A.Məmmədli məhkəmə tərəfindən mümkünlük şərtlərilə əlaqədar araşdırılmış və hüquqi yardım olaraq ona izah edilmiş məqamlara qarşı etirazını bildirməmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.”

8. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

9. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

10. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

11. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd).

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023cü il tarixli, 2-1(102)-1517/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən,məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.

14. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

15. Belə ki, məhkəməyə daxil olmuş iddia ərizəsində onun iddiaçı tərəfindən imzalanmadığı aydın görünür. İddia ərizəsinə 30 yanvar 2018-ci il tarixli etibarnamənin surəti əlavə edilmişdir.

16. Həmin etibarnamədə “etibar edilən şəxs” X3 münasibətdə iddiaçı tərəfindən ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 74.2, İPM-in 31-ci maddələrində sadalanmış səlahiyyətlər verilməmişdir, ümumiyyətlə hər hansı bir məhkəmədə işlərin aparılması, təmsil edilməsi, iddia ərizəsinin verilməsi etibar edilməmişdir.

17. Göründüyü kimi, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır.

18. İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.

19. Həmin Məcəllənin 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər.

20. MPM-in: 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

21. Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmə tərəfindən iddia ərizəsində göstərilənlərin iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi mümkün deyildir. Odur ki, iddia mümkün sayılmamalıdır.

22. Məhkəmə qeyd edir ki, İPM-in 13-cü maddəsinin tələblərinə əsasən, iddiaçıya hüquqi yardım göstərilmiş, ünvanına göndərilmiş məktubda İPM-in və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin nümayəndəlik institutu ilə, həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 6-cı bəndində qeyd olunanlarla bağlı iddianın mümkünlüyü ilə bağlı məsələlər diqqətinə çatdırılmışdır.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi həyət evinin yerləşdiyi torpaq sahəsinin keçmiş DT və XK Abşeron rayon şöbəsi tərəfindən X10 verilmiş JN-1731A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin qanunsuz hesab edilərək, ləğv edilməsinə və daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar