Məhkəmə qərarları › İş №2-1(118)-37/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-37/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-37/2021 26.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “İddiaçınə aid olan ticarət obyektinin tərkibinə daxil olan qeyri-yaşayış obyektlərinin və istifadəsində olan 1.000 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı, habelə 13 il ərzində şirkətə dəymiş ziyana görə 894.000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınə məxsus Abşeron rayonu, Bakı- Sumqayıt yolunun 36-cı kilometrliyində yerləşən sahəsi 50.4 kv.metr olan ticarət obyekti şirkətə məxsus olmuşdur. Elə həmin ticarət obyektində iddiaçı ticarətlə məşğul olmuşdur. Həmin ticarət obyektinin yerləşdiyi 1000 kv.m. torpaq sahəsi də iddiaçının aşkar istifadəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsini dəmir məftildən toxunmuş torla hasara almış, çoxlu ağaclar əkmiş və həmin sahəni piltə ilə döşəyib ticarət meydançası qurmuş, dəmir konstruksiyadan çətin inşa etmiş, orada Almaniyadan gətirilmiş ikinci əl avtomobil təkərlərinin topdan və pərakəndə satışı, avtomobillərin motor yağlarının topdan və pərakəndə satışı, yağdəyişmə və xırdabuynuzlu heyvanların satışı ilə məşğul olmuşdur. Sözügedən tikililərə və infrastrukturların yaradılmasına iddiaçı 582000 (beş yüz səksən iki min) manat investisiya qoymuşdur. Möhtərəm Prezident "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam vermişdir. Bu Sərəncam əsasında aparılan yol tikintisi İlə bağlı sözügedən, yəni onların birgə vəsaitləri ilə inşa edilmiş və genişləndirilmiş ticarət mağazaları və iaşə obyektləri sökülmüşdür. Yeni sahə ayrılması və tikililərin dəyərinin ödənilməsi, dövlət tərəfindən bu işlər üçün ayrılmış maliyyə vəsaitinin hesabına kompensasiya veriləcəyi bildirilsə də, bu günə qədər heç bir kompensasiya verilməmişdir. İddiaçının qanunla qorunan hüquqları və maraqları pozulmuşdur. Azərbaycan Respublikasının Kontstusiyasında dövlət tərəfindən ictimai ehtiyaclar çərçivəsində alınan, verilən, sökülən əmlaklar üçün əmlak sahiblərinə qabaqcadan ədalətli kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Sahibliyində olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil Kommunal Təsərrüfatı Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli, 298 saylı "Qeydiyyat vəsiqəsi ilə mülkiyyət hüququ qeydiyyata alınmış əmlakın sökülməsi və istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün ayrılması nəticəsində firmaya kompensasiya ödənilməsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi imtina etmişdir. Hesab olunur ki, bu imtina əsassızdır və onlara məxsus ticarət obyektinin sökülməsi, ticarət sahəsinin dövlət ehtiyaclarına ayrılması nəticəsində firma zərərə məruz qalmışdır. Buna görə də bu zərər cavabdehlər tərəfindən tam ödənilməlidir. Şirkət əl dükanı, yağ dəyişmə və təkərlərin satışı ilə məşğul olub hər ayda 2000 manat gəlir əldə edib. Qeyd edilən şirkət cavabdeh AAYDA-yi tərəfindən dövlət ehtiyacları üçün 2005- 2007-ci il tarixdə söküldüyündən, şirkət hər ayda əldə edilən gəlir mənbəyindən məhrum edilmişdir. Bu ziyan 2005-ci il tarixdən 2018-cı il tarixədək hesablandıqda, 13 il ərzində 312.000 (üç yüz on iki min) manat məbləğində faydanı şirkət əldən çıxarmış olur. Buna, görə də şirkətə dəymiş 312,000 (üç yüz on iki min) manat məbləğində əldən çıxmış fayda da şirkətə ödənilməlidir. Hesab olunur ki, cavabdehlər şirkətin ticarət obyektini və istifadəsində olan 1000 kvadrat metr torpaq sahəsini dövlət ehtiyacları üçün sökən zaman iddiaçının firmaya məruz qaldığı zərərin əvəzini ödəməkdən imtina etməklə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, bu pozulmuş hüquqları isə məhkəmə tərəfindən qorunmalı və bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərib ki, ona məxsus olan xüsusi mülkiyyət hüququ əsasında Baki-Sumqayıt şosesinin 16-kilometriliyində, Xırdalan qəsəbəsində yerləşən “VAZ” avtomobillərin texniki xidmət stansiyasınin qarşısında yolun kənarında, şimal-şərq tərəfində yerləşən 28,4 kv.metr sahəsi olan komission mağaza və 22,0 kv.metrə sahəsi olan avtobus dayanacağı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən magistral yolun tikintisi ərazisinə düşmüşdür. Həmin ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin dəmir məftildən toxunmuş torla hasara almış, çoxlu ağaclar əkmiş və həmin sahəni pilta ilə döşəyib ticarət meydançası qurmuş, dəmir konstruksiyadan çətir inşa etmiş, orada Almaniyadan gətirilmiş ikinci əl avtomobil təkərlərinin topdan və pərakəndə satışı, avtomobillərin motor yağlarının topdan və pərakəndə satışı, yağ dəyişmə və xırdabuynuzlu heyvanların satışı təşkil olunmuşdur. Sözügedən tikililərə və infrastrukturların yaradılmasına 582000 (beş yüz səksən iki min) manat investisiya qoyulmuşdur. Şirkət ət dükanı, yağ dəyişmə və təkərlərin satışında ayda 2000 manat gəlir əldə edirdi.“Tolf" şirkətinə aid Ticarət obyektinin tərkibinə daxil olan inşa edilən ticarət təyinatlı qeyri-yaşayış obyektlərinin və istifadəsində olan 1000 m2 torpaq sahəsinin dövlət ehtiyatlan üçün sökülməsi ilə bağli, habelə 13 il ərzində dəymiş ziyana görə cəmi 894.000 (səkkiz yüz doxsan dörd min) manat kompensasiyanın ödənilməsini cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərar çıxarılmasını xahiş etmişdir. Sumqayit İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-1652/2019 nömrəli sərəncamı ilə cavabdehdən iddia tələbinə münasibətlərinin bildirilməsi tələb edilmişdir. Aşağıdakı sadalanan qanunda olan müddəalara və mülkü işdə olan sübutlara əsasən etiraz olunur. İlk növbədə qeyd olunmalıdır ki, Abşeron rayon İcra Hakimiyyətinin 213 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamına əsasən İddiaçınə Bakı- Sumqayıt yolunun 16-cı km-də, şimal-şərq tərəfində sahəsi komission mağaza və avtobus dayanacağını tikilməsinə icazə verilməsi üçün 32 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərəncamda xüsusən vurğulanmışdır ki, 1-si Avtomobil yolları idarəsinin məktubunu nəzərə alaraq icazə verilmişdir. Həmin sərəncamın əsasında komissiya tərtib edilmiş və komisiyyanın protokolunda da qeyd olunmuşdur ki, 1-si Avtomobil yolları idarəsinin məktubunun razılıq əsasında torpaq sahəsi ayrılmışdır. “xxxx” Dövlət Şirkətinin 1-si Avtomobil yolları idarəsinin İddiaçınə icazə məktubunun, 4-cü bəndində xüsusən vurğulanmışdır ki, gələcəkdə yolda genişləndirmə işləri aparılsa obyekt sahibi tərəfindən lazımı məsafəyə çəkilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2004-ci il tarixli, 24 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosialiqtisadi inkişafı Dövlət Proqramı”na əsasan “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən inşa edilmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, iddiaçı göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi tam şəkildə ona məxsus deyildi və mülkiyyət hüququna malik olmayib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Beləliklə iddiaçının iddia ərizəsində göstərdiyi əraziyə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyətçi, istifadəçi və ya icarəçi hüquqları qeydiyyata alınmayıb. Abşeron Rayon icra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” 6-45 km. hissəsinin yenidənqurulması ilə əlaqədar Abşeron inzibati ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən, icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, “xxxx” MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlayıb və mövcud olan hər hansı əmlak qeydə alınırdı. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərdikləri ağaclar və tikililər barəsində heç bir məlumat aşkar olunmamışdır. Mülki hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra iddiaçı zərər vuranın deliktin törədilməsində təqsirliliyini və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Hazırkı halda iddiaçı ona vurulan zərərin məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işçilərin təqsirli hərəkətləri nəticəsində, yəni iddiaçının iddiada qeyd edilən sahəsində ağacların, dəmir məftildən toxunmuş torla hasarın, sahəni pilta ilə döşəyib meydançanın, inşa edilmiş dəmir konstruksiyadan çətirin və s., məhv olması ilə əlaqədar və ona maddi ziyanın vurulması barədə, hətta məhv edilmiş ağacların və tikililərin olub-olmamağı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb, halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçı tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi tikililər və ağaclar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməmiş, ümumiyyətlə hər hansı bir maniyə iddiaçının qeyd etdiyi ərizədə mövcud olmadığından, bu işlərlə bağlı Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır. Eyni zamanda Bakı-Sumqayıt şosesinin 16-kilometrliyində, “VAZ” avtomobillərinin texniki xidmət stansiyasının qarşısında, yolun kənarında yerləşən ticarət obyektinin sahibkarlıq fəaliyyəti ilə bağlı sənədləri, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotu, dövlət büdcəsinə vergilərin ödənilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı icazə sənədləri (lisenziyalar) İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı mülki hüquq pozuntusu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməyib və Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdirlər. Beləliklə, iddiaçının iddiasında göstərilən torpaq sahəsi, tikililər, ağaclar və əldə etmədiyi gəlirlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş Maliyyə Nazirliyi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxx 1994-cü il tarixli 213 saylı Sərəncamı ilə Bakı-Sumqayıt yolunun 16-cı km-də komission mağaza və avtobus dayanacağının tikintisi üçün İddiaçınə 32 kv.m torpaq sahəsi ayrılmışdır. 2001-ci ilin iyun ayında Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventalaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüququna dair 298 nömrəli qeydiyyat vəsiqəsi və obyektin “Texniki Pasport”u verilmiş, həmin “Texniki Pasport”da tikilmiş dayanacağın sahəsinin 22,0 kv.m, ticarət bölməsinin sahəsinin isə 24,3 kv.m metr olduğu göstərilmişdir. xx xxxx 1998-ci ildə İddiaçı ilə həmin tikililərin “Azadlıq R.R” firmasına satılması barədə müqavilə rəsmiləşdirilmişdir. Ona görədə alqı-satqı müqaviləsindən sonra 2001-ci ildə qeydiyyat vəsiqəsinin alınması inandırıcı deyil. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon İcra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 213 nömrəli sərəncamın surəti, Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komiytəsi Baş Dövlət Texniki İnventalaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Bakı-Sumqayıt yolunun 16-cı km-də yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüququna dair 298 nömrəli qeydiyyat vəsiqəsi və obyektin “Texniki Pasport”u, İddiaçı ilə “Azadlıq R.R” şirkəti arasında bağlanmış xx xxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsi, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, İ-3/16-6442 nömrəli imtina məktubu, etiraz ərizəsi, “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, CEG-21/251 nömrəli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 213 nömrəli sərəncamına əsasən Bakı-Sumqayıt yolunun 16-cı km-də komission mağaza və avtobus dayanacağının tikintisi üçün İddiaçınə 32 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində sahəsi 50,2 kv.m olan qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsinə dair Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda qeyri-yaşayış sahəsinin sənəd üzrə 32,0 kv.m, faktiki sahə üzrə 50,5 kv.m olması göstərilmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş Maliyyə Nazirliyinin etirazlarının biri ondan ibarətdir ki, İddiaçı tərərindən qeyd olunan obyekt xx xxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Azadlıq R.R” şirkətinə satılması səbəbindən qeydiyyat orqanı tərəfindən İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi inandırıcı deyil. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə tərəfindən DƏDRX-nin 4 saylı ərazi idarəsinə müvafiq sorğu göndərilmiş və qeyd olunan qeyr-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olması və həmin hüquqların dövlət qeydiyyatına alınması məlum olmuşdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, daşınmaz əmlak üzərində alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi həmin əmlakın başqa şəxsin mülkiyyətinə keçməsinə dəlalət edə bilməz. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təstiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 42-ci bəndinə əsasən tərəflər arasında bağlanmış alq—satqı müqaviləsinin pozulması barədə sazişin rəsmiləşdirilməsi mümkündür. Bununla da Maliyyə Nazirli tərəfindən İddiaçı ilə “Azadlıq R.R” arasında alqı-satqı müqaviləsinin bağlanması səbəbindən qeyri-yaşayış binasının mülkiyyətçisinin dəyişdirilməsi ilə bağlı gətirdiyi arqumentlər öz əhəmiyyətini itirmiş olur. Yəni daşınmaz əmlak üzərində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi əmlak üzərində mülkiyyət deyil sahiblik və istifadə hüququnu yaradır. İddia tələbinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən gətirilən etiraza münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Bakı-Quba yolunun cavabdeh təşkliat tərəfindən yenidən inşa edilməsi danılmaz bir faktdır. Belə ki, cavabdeh təşkilat yol inşası zamanı yol kənarında yerləşən qeyri-yaşayış sahəsinin onlar tərəfindən deyil yerli icra hakimiyyəti tərəfindən sökülməsini iddia etsədə buna dair hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərarı əsasında keçirilmiş ekspert tədqiqatının rəylərinə əsasən mübahisəli tikilinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba yolunun inşa edilməsi zamanı sökülməsi müəyyən edilmişdir. Ona görədə cavabdeh təşkilatın etirazında gətirdiyi arqumenti məhkəmə əsassız hesab edir. İddia tələbinin torpaq sahəsinə dair kompensasiyasının ödənilməsi hissəsinə dair münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Abşeron Rayon İcra hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 213 nömrəli sərəncamına əsasən İddiaçınə ayrılmış torpaq sahəsi üzərində hüquqlar DƏDRX-də dövlət qeydiyyatına alınmadığına görə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yoxdur və buna görədə dövlət ehtiyacları üçün dövlət torpağının geri alınması zamanı torpaq istifadəcisinə kompensasiyanının ödənilməsinin hüquqi əsası yoxdur. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən dövlət ehtiyacları üçün dövlət torpağı üzərində iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinə görə kompensasiya ödənilməli olduğu halda müxtəlif bəhanələr gətirilərək nəzərdə tutulmuş kompensasiya ödənilmir. Buna görədə iddiaçı məhkəməyə müraciət edərək, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən ona verilməli olan kompensasiyanın cavabdeh təşkilatdan tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə qeyri-yaşayış sahəsinin dəyəri ilə bağlı ekspertiza təyin edilmiş və “X6” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, CEG- 21/251 nömrəli Qiymətləndirmə hesabatına əsasən müəyyən edilmişdir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən faktiki sahəsi 50,4 kv.m olan qeyriyaşayış obyektinin bazar dəyəri isə 50.000 manat təşkil edir. Müvafiq ekspertin rəyi kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin dəyəri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan normalara və məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış obyekti Bakı-Quba avtomobil yolunun genişləndirilməsi zamanı tikinti altına düşdüyündən həmin əmlakın dövlət ehtiyacları üçün geri alınmasına görə kompensasiya cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilməlidir. İddia tələbinin İddiaçınə 13 il ərzində dəymiş ziyana görə kompensasiya hissəsinə dair məhkəmə hesab edir ki, qeyd oluan tələb mülki mühakimə icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı-Quba magistral yolunun 16-cı kilometirliyində yerləşmiş 50,4 m2 qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 50.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı-Quba magistral yolunun 16-cı kilometirliyində yerləşmiş 50,4 m2 qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 50.000 manat məbləğində kompensasiyanın İddiaçınə ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhərində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar