Məhkəmə qərarları › İş №2-1(118)-37/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-37/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-37/2022 26.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (“Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2019-cu il tarixli 0,051128 ha ölçülü torpaq sahəsi seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol çəkilişi həyata keçirilmiş və İddiaçı mülkiyyətində olan torpaq sahəsi həmin yolun altında qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və İdarənin 03 oktyabr 2019-cu il tarixli məktubu ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyü bildirilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək ona vrulmuş ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarına iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək izah etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdir. Bu barədə iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2019-cı ildə ünvanladığı müraciətinə Cəmiyyətdə aidiyyəti üzrə baxılmış və rəsmi qaydada iddiaçıya cavab verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2015-2016-ci illərdə həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı’na əsasən 4926.00 kv m torpaq sahəsinin 2914.72 kv m hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və iddiaçıya məxsus əmlak müvafiq qaydada mövcüd qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2016-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 87441 manat 60 qəpik dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" ASC-nin “Rabitə Filialına” iddiaçının adına köçürülmüş və İddiaçı tərəfindən alınmışdır. Daha sonra İddiaçı qalan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və qalan torpaq sahəsinin 0.51128 ha hissəsinə çıxarış əldə etmişdir. Beləliklə, iddiaçının iddiada qeyd olunan qalan torpaq sahəsi avtomobil yolun tikinti altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır. Lakin qalan 0.51128 ha torpaq sahəsinin yerini iddiaçı tərəfindən müəyyən edə bilmədiyindən cavabdehə müraciət etmişdir ki, onun həmin torpaq sahəsi də yolun tikinti altına düşmüş və ona görə torpağın kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının müraciət əsasında “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində onun torpaq sahəsinin tikinti altina düşüb-düşməməyi dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda göstərilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində layihə işlənilən zaman vətəndaş İddiaçı məxsus “Torpağa mülkiyyət hüququna dair Dövlət aktf’na əsasən 4926.00 kv.m. torpaq sahəsinin 2914.72 kv.m. hissəsi yolun tikintisi altına düşmüşdür. Vətəndaşa məxsus əlavə torpaq sahəsi yolun tikinti altına düşmür. İş materiallarında olan : -RX ******* seriyalı daşınmaz əmlakın reyestrdən çıxarışdan görünür ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən 0.051128 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - A№ 341918 seriyalı plan və ölçüsündən görünür ki, həmin sənəd İddiaçı məxsus .051128 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2019-cu il tarixli, **********09 reyestr nömrəli, 0.051128 hа torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatlara əsasən GPS mövqetəyınetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsi “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşür. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon 1 saylı X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Saray qəsəbəsində Bakı-Bilgəh- Sumqayıt avtomobil yoluna yaxın ərazidə yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinə dair 2015 və 2021-ci illər üzrə hər il üzrə bir neçə alqı-satqı müqavilələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin alqı-satqı müqavilələrdən görünür ki, sözügedən ərazidə bir sot torpaq sahəsinin dəyəi təxminən manat arasında dəyişir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı kompensasiya tələbi barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə iki dəfə 2016cı və 2019-cu illərdə müraciət etmişdir. Bundan başqa Talıbov Rauf adlı şəxsin 2020-ci ilin sentyabr ayı ərzində Agentliyə hər hansı bir mövzuda müraciəti daxil olmamışdır. -İş üzrə “B+Ş Audit ” Konsaltinq MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X3 mülkiyyətində olan 0.051128 ha torpaq sahəsi naturada mövcuddur. X3 mülkiyyətində olan 0.051128 ha torpaq sahəsi yeni inşa olunacaq “Bilgəh-Sumqayıt" yolunun tam orta hissəsinə düşmüşdür. Həmin ərazi üzrə orta bazar qiymətlərinə nəzər salsaq torpaq sahələrinin 1 sotunun qiymətinin 9000 manat, (5.1 sot x 9000 = 45.000,00 manat (yuvarlaq)), həmin torpaq sahəsinə dəymiş ziyanın həcmi 45.000,00 manat təşkil edir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən müdaxilədən sonra yeni inşa olunacaq yolun tam ortasında qaldığı üçün istifadəyə yararsızdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həm in Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. -246.1-ci maddəsinə görə bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. -246.3-cü maddəsinə görə torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. -246.5-ci maddəsinə görə bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun : -3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. -4.2-ci maddəsinə görə dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. -5.1-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: xüsusi mülkiyyətdə olan torpaqlar (5.1.1). -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. -23.1-ci maddəsinə görə bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: -23.1.1-ci maddəsinə görə alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; -23.1.5-ci maddəsinə görə müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; -54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. -54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qiymətləndirmə haqqında” Qanun: -7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə görə qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. -9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Həmin Qanunun 55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. Göstərilən Qanunun 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan 0.051128 ha torpaq sahəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi altına düşdüyü üçün ona vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Cavabdeh İddiaçı mülkiyyətində cəmi 4926.0 kv m torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin sözügedən yolun tikintisi altına düşdüyü üçün cavabdeh tərəfindən ona 2016-cı ildə bazar dəyərinin 20 % əlavə edilməklə ümumilikdə 87441,60 manat məbləğuində kompensasiyanın ödənildiyini, iddiaçının haızrda mülkiyyətində olan torpaq sahəsinin faktiki yerinin müəyyən edilə bilmədiyi üçün onun da cavabdeh tərəfindən çəkilən yolun altına düşdüyünü zənn etdiyini bildirərək ona rədd cavabı vermişdir. Buna baxmayaraq cavabdeh iddiaçıya ünvanladığı məktubda əlavə olaraq ona məxsus 2011.287 kv m torpaq sahəsinin də yolun tikintisi altına düşdüyünü faktiki olaraq etiraf etmişdir. Hazırda iddiaçı mülkiyyətində olan 0.051128 ha (511,28 kv m) ilə bağlı olduğundan məhkəmə iddia tələbindən kıənara çıxmayaraq həmin tələbə qiymət verilməsini məqsədəuyğun hesab edir. Beləliklə, torpaq sahəsi məhz “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh- Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Məhkəmə qeyd edir ki, cavabdeh özü tərəfindən təqdim edilmiş 2019-cu ildə iddiaçıya ünvanladığı məktubda 2914.72 kv m torpaq sahəsindən əlavə iddiaçının mülkiyyətində olan 2011.28 kv m torpaq sahəsinin yolun tikintisi altına düşməsini bildirmişdir. İş üzrə verilmiş mütəxəssis rəyindən də görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi naturada mövcuddur, cavabdeh tərəfindən çəkilmiş yolun ortasına düşdüyü üçün hazırda istifadə üçün yararsızdır. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Hazırkı işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olmuş ümumi sahəsi 4926,0 kv m olan torpaq sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən torpaq sahəsinin 2914.72 kv m hissəsinə münasibətdə cavabdeh orqan tərəfindən iddiaçıya dəyən ziyana görə (1 kv m üçün bazar qiymətinə 20 faiz əlavə də daxil 30 manat olmaqla), ümumilikdə 87441 manat pul ödənilmiş, qalan 0.051128 ha torpaq sahəsinin də sonradan tikinti altına düşməsi ilə əlaqədar iddiaçı kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ödəniş qəbzinə əsasən İddiaçı bank hesabına 87441.6 manat pul ödənilmişdir. Hazırda iddiaçı hər kv m üçün 35 manat (100 kvm üçün-3500 manat) tələb edir. İddiaçı əvvəlki məbləğlə razılşaraq qəbul etdiyi üçün məhkəmə hesab edir ki, tərəflər arasında tikinti altına düşən torpaq sahəsinin hər kv m-nə görə ödənilməli olan məbləğ (1 kv.m üçün 30 manat) bağlı mübahisə yarandığından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun əlavə araşdırma aparılmasına ehtiyac vardır. Həmin normaya əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 201-2021-ci il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2019-2021-ci illərdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 16.7 manat, 8.3 manat və 5 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 16.7, 8,3 və 5 manat aid edildiyindən, onların orta göstəricisi (50 + 16.7+ 16)/3= 27,51 manat edir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 07 sentyabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (27,51 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 % əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya 511,28 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə 16886,56 manat kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.051128 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 16886,56 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar