Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3701/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə iddiaçının ərizəsinə məhkəmənin inzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı “cavabdeh orqanın Başçısının 28 sentyabr 1990-cı il tarixli, 250 saylı sərəncamına əsasən Abşeron rayon X1 İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1989-cu il tarixli, 361 nömrəli və 16 aprel 1989-cu il tarixli, 164 nömrəli qərarları ilə iddiaçıya ayrılmış 0,06 ha hesabı ilə həyətyanı torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın Başçısının 28 sentyabr 1990-cı il tarixli, 250 saylı sərəncamına əsasən Abşeron rayon X1 İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1989-cu il tarixli, 361 nömrəli və 16 aprel 1989-cu il tarixli, 164 nömrəli qərarları ilə hər ailəyə 0,06 ha hesabı ilə 160 ailəyə 9,6 ha həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq, iddiaçıya 0,06 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması haqqında Hovsan Südçülük sovxozunun 15 dekabr 1989-cu il tarixli, 13 nömrəli əmri nəzərə alınmış, verilmiş həyətyanı torpaq sahəsində vətəndaşa 60 kv.m ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdi. İddiaçı cavabdeh orqanın sərəncamına əlavə edilmiş layihə əsasında qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi tikib və ailəsi ilə birlikdə orada yaşayır. 2023-cü ildə Bakı şəhəri cavabdeh orqanın Başçısının 28 sentyabr 1990-cu il tarixli, 250 saylı sərəncamında nəzərdə tutulmuş torpaq sahəsində layihəyə əsasən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydıyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. İdarədən mütəxəssislər sənədlərə və yerində baxış keçirərək, torpaq sahəsinə dair İcra Hakimiyyətindən cizgi və xəritədən çıxarışın təqdim ediləcəyi halda, çıxarışın verilməsi mümkün olduğu bildirilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, X2 ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanması barədə 13 fevral 2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və onlardah çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına dair qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. Qeyd olunanlara əsasən yerquruluşunun planının hazırlanması mümkün olmamışdır. Bundan sonra, iddiaçı Xəzər rayon İcra Hakimiyyətinə müraciət edərək, cizgi və xəritədən çıxarışın verilməsini xahiş etsə də, müraciətinə cavab olaraq 2 fevral 2024-cü il tarixli, 5-12/2-A-15-091/2024 saylı məktubla bildirilmişdir ki, X2 ərazisində istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan, həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur. Daha sonra, iddiaçı cavabdeh orqana müraciət edərək, cizgi va xəritədən çıxarışının verilməsini xahiş etsə də, müraciəti təmin edilməyərək bildirilmişdir ki, istifadəsində olan torpaq sahəsi Binə qəsəbəsinin X2nun ərazisinə düşdüyündən, sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmaması bildirilmişdir. Lakin qeyd olunan torpaq sahəsi cavabdeh orqanın Başçısının sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və sərəncamla evin layihəsi də təsdiq edilmişdir. Hal-hazırda İcra Hakimiyyətinin formal əsasla cizginin və xəritədən çıxarışının verilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə mümkünlük icraatı başlanılmışdır. İddiaçı 3 aprel 2024-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddiasının və ona əlavə edilmiş sənədlərinin geri qaytarılmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “cavabdeh orqanın Başçısının 1990-cı il 28 sentyabr tarixli, 250 saylı sərəncamına əsasən Abşeron rayon X1 İcraiyyə Komitəsinin qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1989-cu il tarixli, 361 nömrəli və 16 aprel 1989-cu il tarixli, 164 nömrəli qərarları ilə iddiaçıya ayrılmış 0,06 ha hesabı ilə həyətyanı torpaq sahəsinə dair cizginin və xəritədən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-3701/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3701/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver