Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-371/2023 25.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-499 KOD 30301004 saylı Şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-499 KOD 30301004 saylı Şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 17 iyun 2022-ci il tarixli, **********46 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-499 KOD 30301004 saylı Şəhadətnaməyə əsasən Quba şəhəri ərazisindən 0,05 hektar torpaq sahəsi verilmişdir. Şəhadətnamənin verilməsinə əsas Quba rayon DNK-nın 07 iyul 2005-ci il tarixli 4-Ə-357 saylı alqı-satqı müqaviləsi olmuşdur. Qeyd olunan Şəhadətnamə DT və XK-nın Quba rayon şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitu tərəfindən təsdiq olunmuşdur. Torpaq sahəsinin plan və ölçüsü müəyyən olunaraq faktiki olaraq iddiaçıya təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinə hüquqlarının Dövlət qeydiyyatına alınması, Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün müraciət etdikdə oradan bildirmişlər ki, təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-499 KOD 30301004 saylı Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Buna görə də mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, ləğv edilmiş və mövcud olan idarələr arasında mülkiyyət hüquqlarını təsdiq edən akta dair heç bir məlumatın aşkar olunmaması iddiaçının təqsiri ola bilməz. Bunun üçün müvafiq qurumlar məsuliyyət daşıyır. İddiaçıya verilmiş akt həmin sahədən məsul şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də ona təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə iddiaçıya aid məsələ deyildir. İddiaçının əlində Şəhadətnamənin əsli mövcuddur və o, heç bir halda mübahisələndirılməmişdir (həqiqiliyinə ciddi şübhə olmamışdır). Məsələyə bu formada yanaşılması onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. İddiaçının təqdim etdiyi sənədlər qanuna uyğun formada müəyyən edilmişdir. Şəhadətnamənin elektron məlumat bazasında olub-olmaması, ləğv olunmuş idarə tərəfindən arxiv məlumatlarının təhvil verilib-verilməməsi onun tərəfindən qanunla müəyyən edilmiş tələblərin pozulması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. “İnzibati icraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X1 şəhəri ərazisində yerləşən JN-499 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də qeyd olunan 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə olmuş xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizəyə əlavə olunmuş JN-499 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Qeyd olunan JN-499 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxradıda qeyd edildiyi kimi, JN-499 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd (sxem) üzrə digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-499 KOD 30301004 saylı Şəhadətnamə əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinaya əsas kimi qeyd edir ki, Qeyd olunan JN-499 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş , dövlət torpaq kadastrı kitabında 09 sentyabr 2008-ci il tarixdə 962 nömrə ilə uçota alınmış A №075356 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayon Dövlət Notariat Kontorunun 07 iyul 2005-ci il tarixli 4-ə-351 saylı alqı-satqı müqaviləsi ilə 500 kv.m torpaq sahəsi İddiaçı satılmışdır. İddiaçı adına torpağın mülkiyyətə verilməsinə dair JN-499 KOD 30301004 saylı Şəhadətnamə işlənib hazırlanmışdır. Cavabdeh JN-499 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmadığını qeyd edir. Məhkəmənin 2-1(118)-2324/2023 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 499, KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və torpaq sahəsinin plan və ölçüsü sənədinə uyğundurmu, deyilsə hansı hissələrdə uyğun deyil? -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? -iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən digər şəxslərinsənədləri ilə üst-üstə düşürmü? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 02 mart 2023-cü il, 3-21-3-34/2-2-2334/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir ki,
1. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ortofoto görüntüsü ilə birlikdə işə əlavə olunmuşdur.
2. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 499,KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və torpaq sahəsinin plan və ölçü sənədinə uyğundur.
3. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi TEKUİS məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı olub,uqodiyası həyətyanıdır.
4. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi DVJ baza məlumatlarında öz əksini tapmamışdır, lakin TEKUİS məlumatlarında 499 nömrə ilə qeyd olunmuşdur və digər şəxslərin sənədləri ilə üst-üstə düşmə yoxdur.
Qeyd olunanlardan göründüyü kimi iddiaçının torpaq sahəsi TEKUİS məlumatlarında 499 nömrə ilə qeyd olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur. Həmin Qaydalara əsasən: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi; 6.3. Bütün məlumatların məlumat modelinin tələblərinə uyğun toplanmasına nəzarət olunur, uyğunsuzluqlar aradan qaldırılır, bundan əvvəl verilmədiyi hallarda hər bir torpaq sahəsinə və onun üzərində mövcud olan daşınmaz əmlak obyektlərinə kadastr nömrəsi verilir. 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. Qaydalardan görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində yerləşdirilən məlumatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlardır. Göründüyü kimi iddiaçının mülkiyyət sənədi var, cavabdeh inzibati orqan isə müvafiq elektron xəritədə qeydiyyatlar aparmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-499 KOD 30301004 saylı Şəhadətnamə əsasında İddiaçı mülkiyyət hüquququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev