Məhkəmə qərarları › İş №2-1(118)-371/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-371/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-371/2025 12.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı X14 nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 06 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə yaradılmış “Xırt” Birgə Təsərrüfatına məxsus 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 06 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə yaradılmış “Xırt” Birgə Təsərrüfatına məxsus 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə “Xırt” birgə təsərrüfatı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli qərarı ilə həmin qərar təsdiq edilmişdir. “Xırt” birgə təsərrüfatının başçısı mərhum X3 tanınmışdır. O zaman “Xırt” birgə təsərrüfatının mülkiyyətinə Xırt kəndi ərazisində faktiki 1980-ci ildən onun istifadəsində olan yaylaq sahəsindən 153 ha ərazi ayrılmışdır. O vaxt “Xırt” birgə təsərrüfatına ayrılmış həmin torpaq sahəsinə dair 08 aprel 1996-cı il tarixli, 43 nömrəli akt və xəritə almışdır. Hal-hazırda Aqrar İslahat komissiyası tərəfindən verilmiş, 30 ilə yaxın bir müddətdə istifadəsində olmuş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 iyul 2023-cü il tarixli cavab məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. İmtinada qeyd olunur ki, mülkyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə qeyd edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, tərəfindən hüquqmüəyyənedici sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı X14 nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı; xx.xx.1995-ci il tarixli akt; cavabdeh orqanın 07 iyul 2023-cü il tarixli imtina məktubu; məhkəmə sorğusu əsasında təqdim edilmiş müayinə aktı və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə cavabdeh orqana müraciət etmiş, DƏDRX-in 5 saylı Ərazi İdarəsi özünün 07 iyul 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı qeyd məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli qərarı ilə “Xırt” birgə təsərrüfatının yaradılması haqqında Quba rayonu “Təngə” sovxozunun xx.xx.1995-ci il tarixli qərarı təsdiq edilmiş, eyni zamanda təsərrüfatın payına düşən torpaq sahəsinin ayrılması sovxoza tapşırılmışdır. Quba rayonu “Təngə” sovxozunun xx.xx.1995-ci il tarixli, 07 saylı protokoluna əsasən adambaşına 1.51 ha torpaq sahəsi olmaqla, 102 nəfərə 153 ha torpaq payı ayrılmışdır. Daha sonra Quba rayonu “Təngə” sovxozunun Aqrar İslahatı nəticəsində yaradılmış “Xırt” birgə təsərrüfatı üçün torpaq sahəsinin yerinin müəyyən edilməsi və ayrılmasına dair xx.xx.1995-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarından müəyyən edilir ki, birgə təsərrüfatın başçısı X4 xx.xx.2009cu il tarixdə ölmüşdür. 12 mart 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X9 onun vərəsəsi olaraq tanınmışdır. Hazırda sonuncu “Xırt” birgə təsərrüfatının başçısı olaraq qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan özünün 07 iyul 2023-cü il tarixli cavab məktubu ilə iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsini, torpaq sahəsinin X12 örüş torpağı olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı Quba rayonu, Xırt kəndi ərazisində yerləşən 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun xx.xx.1995-ci il tarixli, 07 saylı protokolunu göstərmişdir. Məhkəmə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: iddia olunan torpaq sahəsi faktiki olaraq, iddiaçı tərəfindən deyil digər şəxslər tərəfindən istifadə olunur. İddia olunan torpaq sahəsi mübahisəlidir. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 176.58 ha təşkil edir və həmin torpaq sahəsinin yerləşmə mövqeyi ilə həmin təsərrüfata ayrılmış torpaq sahəsinin yerquruluşu sxemindən çıxarışda göstərilmiş torpaq sahəsinin yerləşmə mövqeyi uyğunluq təşkil edir, iddia olunan torpaq sahəsinin 83.72 ha hissəsi baza məlumatlarına əsasən **********20 reyestr nömrəli çıxarışla Quba rayonu Güləzi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə, 11.05 hissəsi isə JN-9277 nömrəli şəhadətnaməyə əsasən X8 icarəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS) əsasən X6b uqodiyası örüş otlaq, mülkiyyət növü isə bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Quba rayonu “Təngə” sovxozunun xx.xx.1995-ci il tarixli, 07 saylı protokoluna əsasən adambaşına 1.51 ha torpaq sahəsi olmaqla, 153 ha torpaq sahəsinə tam hissəsinə (qismən deyil) çıxarış verilməsini tələb etmişdir. Lakin araşdırma zamanı iddiaçının tələb etdiyi torpaq sahəsinin bir hissəsinin Quba rayonu Güləzi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi, digər hissəsinin JN-9277 nömrəli şəhadətnaməyə əsasən X13 ilə üst-üstə düşdüyü müəyyən edildiyindən, məhkəmə iddiaçının tələb etdiyi 153 ha torpaq sahəsinə çıxarış verilməsinin mümkün olmadığı, cavabdeh orqanın onun müraciətindən imtinasının haqlı olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 06 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə yaradılmış “Xırt” Birgə Təsərrüfatına məxsus 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Aqrar İslahat Komissiyasının 06 aprel 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş Quba rayonu “Təngə” sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə yaradılmış “Xırt” Birgə Təsərrüfatına məxsus 153 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar