Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3711/2023 23.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar verilməsi və ödəniləcəyi günə kimi Mərkəzi Bankın uçot dərəcəsinə əsasən əlavələri nəzərə alınmaqla pulunun tam olaraq cavabdehdən xeyrinə tutulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda teleqram göndərmişdir (tranzaksiya №**********): Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-l(105)-348\2022№-li qərarına əsasən 1 avqust 2021 tarixdən ikinci qrup əlil olduğumun ötən dövr üçün pul məbləğini birdəfəlik ödənilməsini və hesabladığınız məbləğin ətraflı məlumat arayışını mənə göndərməyinizi xahiş edirəm. Teleqramıma cavab verilmədiyinə görə xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ərizə göndərmişdir, xahiş etmişdir ki, araşdırma aparıb tədbir görülsün, icrası nəzarətə alınsın, pulu hissə-hissə yox, birdəfəlik ödənilsin və nəticəsi barədə ona cavab verilsin. Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyindəki təşkilatın hərəkətləri qanun pozuntusu kimi tanınmışdır. Məhkəmə qərarına əsasən birdəfəlik ödənilməli olan pulu ödənilməmişdir. Daha sonra DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə ödənilməsi haqqında” xx.xx.2023-cü ih tarixli məktubunu poçt vasitəsi ilə almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və DSMF-nin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü il tarixdə ərizəmdə göndərmişdir, ərizəsində keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar qəbul edilməsini və təcili məlumat verilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək “Məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar verilməsi və ödəniləcəyi günə kimi Mərkəzi Bankın uçot dərəcəsinə əsasən əlavələri nəzərə alınmaqla pulunun tam olaraq cavabdehdən xeyrinə tutulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsində yazılmışdır: Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçınin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə gedişlə (süründürməçiliklə) iddia tələbi artıq əhəmiyyətini itirəcəkdır. Onun hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə çatdırılmışdır. Misal üçün, hesablanmış 14719AZN pulun dəyəri bir il ərzində təxminən 1324,71 AZN ucuzlaşır. Belə ki, 14719AZN*1,09=16043,71 AZN; 16043,71 AZN-14719AZN=1324,71 AZN İllik 9 faiz nəzərə alınmaqla əmlakı bir il ləngidildikdə 1324,71 AZN əlavə olaraq ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etsə də xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 06 aprel 2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək bərpa edilmiş əlilliyə görə əmək pensiyasının birdəfəlik ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının 12 may 2023-cü il tarixli cavab məktubunda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq keçmiş dövr üçün hesablanmış əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə əmək pensiyasının keçmiş dövr üzrə fərq məbləğinin birədəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli 03/2020 nömrəli Qərardadına müvafiq olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7- ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 01 oktyabr 2005- ci il tarixdən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edilməsi səbəbindən əlilliyə görə əmək pensiyası ödənişi 01 avqust 2021 -ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 01 noyabr 2022ci il tarixli 2-1 (102)-2023/2022 nömrəli qərarına əsasən, iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar əmək pensiyası 01 avqust 2021 -ci il tarixdən 667.64 manat, 01 yanvar 2023-cü il tarixdən isə 842.36 manat məbləğində müəyyən edilməklə bərpa edilmişdir. İddiaçıya ötən dövr üzrə ödənilməli olan ümumilikdə 14719.32 manat pul vəsaiti hesablanmış, həmin məbləğin cari aydan etibarən hissə-hissə (hər ay 817.74 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq İddiaçı keçmiş dövr üzrə ödənilməli olan 14719.32 manat pul vəsaitinin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştira etmiş, etirazı müdafiə edərək bildirmişdir ki, qanunvericilikdə pensiyanın birbaşa ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, işin hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı ilə TSEK tərəfindən İddiaçı barəsində xx.xx.2021-ci ildə keçirilmiş müayinənin nəticəsində verilmiş imtina əsassız hesab edilmiş və iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-348/2022 nömrəli qərarına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(118)-463/2022 nömrəli qərarı dəyişdirilmiş, cavabdehin imtinası əsassız hesab edilmiş və İddiaçı xx.xx.2021-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2- 1(102)-2023/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-348/2022 nömrəli 8 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda məhkəmə qərarına əsasən bərpa edilmiş əlilliyə görə keçmiş dövr üzrə hesablanmış vəsaitin hissə-hissə yox, birdəfəlik ödənilməsi haqqında qərar verilməsi və ödəniləcəyi günə kimi Mərkəzi Bankın uçot dərəcəsinə əsasən əlavələri nəzərə alınmaqla pulunun tam olaraq cavabdehdən xeyrinə tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayıla bilməz. Belə ki, Əmək Pensiyaları haqqında qanuna əsasən : Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi qanunvericilikdə ödənilməmiş əmək pensiyası məbləğinin birbaşa ödənilməsi nəzərdə tutulmamışdır və cavabdeh inzibati orqanın qanunvericilikdən irəli gələn belə bir səlahiyyəti mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Yuxrıda qeyd edilən məhkəmə qərarlarından görsənir ki, iddiaçının pozulmuş hüquqları məhkəmə qərarı ilə bərpa olunmuşdur. Lakin məhkəmə qərarlarından görsənir ki, iddiaçının hüquqları hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən yox, başqa inzibati orqan tərəfindən pozulmuşdur. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın isə iddiaçının hüquqlarının bərpası ilə bağlı qanunvericilikdən irəli gələn öhdəliyi və səlahiyyəti müəyyən olunmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3711/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3711/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver