Məhkəmə qərarları › İş №2-1(118)-3713/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3713/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3713/2024 21.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “baş vermiş dəyişikliyin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, işəgötürənə əvvəlki əmək şəraitini bərpa etməsi və bunun nəticəsində ona vurulan maddi və mənəvi ziyana görə 1000 AZN məbləğində təzminat ödənilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (cavabdeh fiziki şəxs Cavabdeh olmaqla) baş vermiş dəyişikliyin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, işəgötürənə əvvəlki əmək şəraitini bərpa etməsi və bunun nəticəsində ona vurulan maddi və mənəvi ziyana görə 1000 AZN məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə xidmətinin rəisi Cavabdeh imzası ilə ADY QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin Xaçmaz stansiyasında yerləşən NÖC (X3) sexinin işçilərinə sexin yaşadıqları ünvandan 130 km uzaqda yerləşən Tağıyev qəsəbəsinə köçürüləcəyi barədə bildiriş-xəbərdarlıq təqdim olunmuşdur. Gedib-gəlmək üçün hər hansı nəqliyyat vasitəsi və ya maddi vəsaitlə təmin olunmurdular. Cavabdeh yerdəyişməni əmək şəraitinin şərtlərin dəyişməsi kimi təqdim edir və işçinin bu dəyişiklikləri qəbul etməyəcəyi təqdirdə əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 68 maddəsinin "c" bəndi ilə xitam verəcəyini bildiririr. Lakin əmək şəraitinin şərtlərinin dəyişməsi dedikdə, işçinin əmək müqaviləsində nəzərdə tutulmuş əmək şəraitinin hər hansı şərtinin dəyişilməsi başa düşülür. Demək ki, əmək şəraitinin əsas və əlavə şərtləri dəyişmədiyindən, işəgötürənin həyata keçirdiyi yerdəyişmə ƏM-in 55-ci maddəsinin təsiri altına düşmür və bu səbədən işəgötürən bu əsasla əmək müqaviləsinə xitam verə bilməz, ikincisi, bildirişdə yerdəyişmənin İnfrastruktur Departamentində aparılan struktur deyişikliyinin nəticəsi olaraq baş verdiyi bildirilir, lakin struktur deyişikliyi barədə əmr təqdim olunmamışdır. Ümumiyyətlə, departamentin heç bir struktur bölməsində struktur dəyişikliyi aparılmayıb. Beləliklə, «yeni» və «köhnə» iş yeri üzrə eyni struktur tabeçiliyi olduğu halda bunun struktur dəyişikliyi ilə əsaslandırmaq olmaz. Üçüncüsü, cavabdeh həmkarlar ittifaqı təşkilatına verdiyi cavabda səbəbini bildirişdəkindən fərqli olaraq struktur dəyişikliyi deyil, dəmiryolu infrastrukturunun əsaslı təmiri ilə əlaqədar olduğunu bildirir. Lakin, bu da həqiqətə və məntiqə uyğun olmayan cavabdır. Belə ki, Xaçmaz stansiyasında yerləşən X3 sexi və H.Z.Tağıyev çeşidləmə stansiyasındakı X2 (sexin adı köçürülmə baş verən tarixdən az öncə dəyişdirilmişdir) sexi eyni funksiyanı icra edirlər. Digər NÖC sexi də Şabran stansiyasında yerləşir. Əməyin təşkilində hər hansı bir dəyişiklik mövcud deyil. Hər üç sex eyni funksiyanı icra edir. NÖC sexinin funksiyaları siqnalizasiya cihazlarının təmizlənməsi, tənzimlənməsi və parametrlərinin ölçülməsi daxildir. Bu qurğular rele şkaflarında pillələrdə və stansiyalarda quraşdırılır. Məqsəd dəmir yolu avtomatlaşdırma sistemlərinin siqnalizasiya, mərkəzləşdirmə və bloklama cihazlarının fasiləsiz işini təmin etməkdir. Elə isə, cavabda göstərilən dəmir yolu infrastrukturunun əsaslı təmiri ilə əlaqədar istehsalat zərurətinin sexin başqa əraziyə köçürülməsi ilə əlaqəsi yoxdur. Əsaslı təmir, yenidənqurma işləri yalnız Tağıyev stansiyasında deyil, Sumqayıtdan Yalama ərazisinin əhatə edən sahə boyunca həyata keçirilir. Sahə Sumqayıtdan Yalamayadək böyük bir məsafəni əhatə etdiyindən, peşəkarlar tərəfindən düşünülmüş qaydada tarix boyu sexlər 3 ərazidə yerləşdirilib ki, hər hansı bir nasazlıq baş verərsə, yaxınlıqda yerləşən stansiyalardakı sexlərdəki qurğular vasitəsi ilə həmin nasazlıqlar çevik surətdə aradan qaldırılsın. Belə olduğu təqdirdə sexin bağlanaraq köçürülməsi dəmir yolu sahəsinə xeyir yox, ziyan toxunduracaqdır. Demək yerdəyişmə üçün əsas yoxdur. İşçilərin əmək şəraitinin pisləşdirəcək qərar qəbul etmək üçün, işəgötürənin ciddi və obyektiv əsası olmalıdır, əks təqdirdə o işçilərin hüquqlarını pozmuş olur. İddiaçı cavabdehin ona təqdim etdiyi xəbərdarlıq bildirişini qəbul etməkdən imtina etmişdir. Yerdəyişmənin struktur dəyişikliyi ilə əlaqəsi olmadığından, əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək şəraitinin şərtləri dəyişmədiyindən, bu səbəbdən də ƏM-in 55-ci maddəsinin təsiri altına düşmədiyindən bildirişin hüquqi qüvvəsi yoxdur və işçilərin məcburi şəkildə başqa əraziyə köçürülmələri əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq təqdim etdiyi dəqiqləşdirmə barədə ərizəni müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə öz xidməti vəzifəsindən istifadə edərək mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Həmin Qərara əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqəsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3: İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1: Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 11. İşəgötürənin əsas hüquqları (...) ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək

Maddə 43. Əmək müqaviləsinin məzmunu (...) ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları (...) c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilkin olaraq "xxxx" QSCnin X1 və Rabitə Xidmətinin rəisinə qarşı, daha sonra "xxxx" QSC-yə qaldırdığı iddia tələbində əmək şəraitinin şərtlərinin dəyişməsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini, habelə işəgötürən tərəfindən əvvəlki əmək şəraitinin bərpa edilməsini xahiş etmişdir. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı halda iddiaçının tələbi ümumi-publik ictimai hüquq münasibətlərindən yaranmamış, tərəflər arasındakı əmək münasibətlərini tənzimləmişdir. Yəni, inzibati hüquq münasibətlərində inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. Hazırkı iddiada isə xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedə olmaqla, öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Yəni, mövcud münasibətlərdə hakimiyyət səlahiyyətləri tətbiq edilmədiyindən iddia mümkün sayılmamalı, iddiaçıya aiddiyyatı üzrə səlahiyyətli hesab olunan ümumi məhkəməyə müraciət etməsi tövsiyə edilməlidir. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “baş vermiş dəyişikliyin əsassız və qanunsuz olduğunu nəzərə alaraq, işəgötürənə əvvəlki əmək şəraitini bərpa etməsi və bunu nəticəsində ona vurulan maddi və mənəvi ziyana görə 1000 AZN məbləğində təzminat ödənilməsi barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar