Məhkəmə qərarları › İş №2-1(118)-3717/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3717/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3717/2023 20.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Abşeron-Xızı regional filialına qarşı “cavabdehin 14 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsinə X5 və X8(VEMTAS) tərəfindən xx.xx.2020-ci il tarixindən 265.22 (iki yüz altmış beş manat iyirmi iki qəpik) Ünvanlı Sosial Yardım təyin olunmuşdur. Bundan sonra barəsində təyin olunmuş həmin sosial yardım xx.xx.2021-ci il tarixindən tamamilə qanunsuz və əsassız olaraq dayandırılmışdır. Bundan sonra onun yenidən müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq haqlı və ədalətli şəkildə ailəyə yenidən ünvanlı sosial yardım təyin olunmuşdur.Hal-hazırda da həmin sosial yardımı almaqdadır. Lakin bir neçə gün bundan öncə ona məlum olmuşdur ki, barəsində əvvəl dayandırılmış ünvanlı sosial yardıma görə Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı Regional ərazi Filialı tərəfindən Maraqlı şəxsnə icra edilməsi üçün 14 saylı xx.xx.2022-ci il tarixli icra sənədi göndərilmişdir. Sözügedən icra sənədində ona artıq olaraq hesablanmış 4508.74 (dörd min beş yüz səkkiz manat yetmiş dörd qəpik) vəsaiti könüllü qaydada dövlət büdcəsinə qaytarmağı qərara alınmışdır. Sözügedən məsələ ilə bağlı olaraq tərəfindən xx.xx.2023-cü il tarixində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 1 saylı Regional Ərazi Filialına müraciət edilməsinə baxmayaraq hələdə bugünkü günə kimi müraciətinə cavab verilməmişdir. Bununla da onun konstitusion hüquqları kobud şəkildə pozulur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə icra edilməsi üçün göndərilmiş xx.xx.2022-ci il tarixli 14 saylı icra sənədinin ləğv edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin 1 saylı Regional Ərazi Filialının üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir. Sonradan iddia tələbinə dəqiqləşdirmə verən iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli 14 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 və Audit Departamenti tərəfindən ailənin maddi-məişət şəraitinin təkrar müayinəsi zamanı sosial yardım alan ailənin tərkibində uyğunsuzluq aşkar edildiyindən (təmsilçinin anası ərizə- bəyannamədə qeyd edilməmişdir). İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Belə ki, iddiaçı ilkin olaraq ünvanlı dövlət sosial yardımı almaq üçün inzibati orqana müraciət edərkən ərizəbəyannamədə anasının adını qeyd etməmiş, lakin xx.xx.2021-ci il tarixdə keçirilmiş ailənin maddi-məişət şəraitinin təkrar müayinəsi zamanı iddiaçının anasının həmin ünvanda yaşadığı aşkar olunmuşdur. Bu barədə X7 və Audit Departamenti tərəfindən akt tərtib olunmuş və iddiaçının anası X2 aktı imzalamışdır.Beləliklə, İddiaçı Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Abşeron-Xızı regional filialı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 265.89 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Keçirilmiş monitorinq zamanı Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 4.2 (sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım alan ailə bu barədə e ecron formada VEMTAS-a 5 (beş) iş günü müddətində məlumat verməlidir) bəndinə uyğun olaraq “Ərizə bəyannamə”də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzluq aşkar olunmuş və İddiaçı təyin edilən ÜDSY xx.xx.2021ci ildən dayandırılmışdır. Ailənin maddi-məişət şəraitinin təkrar müayinəsi zamanı sosial yardım alan ailənin tərkibində uyğunsuzluq aşkar edildiyindən (təmsilçinin anası ərizəbəyannamədə qeyd edilməmişdir) İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021ci il tarixdə dayandırılmışdır.İddiaçı təyin edilmiş sosial yardım xx.xx.2021-ci il tarixdən dayandırıldığından heç bir əsas olmadan aylar üzrə 265.22 manat olmaqla cəmi 4508.74 manat məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır. “Ünvanlı Yardım” Alt Sisteminin təqdim etdiyi məlumatlara əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 4508.74 manat vəsait ödənilərək onun kart hesabına köçürülmüşdür. Sosial yardımın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırkı qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır, Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur.**********5 nömrəli məktub ilə İddiaçı rəsmi məlumat verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - Cavabdehin əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 14 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın surəti, iddiaçının pretenziya məktubunun surəti, cavabdehin etirazı və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində cavabdeh tərəfindən əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 14 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Abşeron-Xızı regional filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DSMF-nin Abşeron-Xızı regional filialı hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Sumqayıt şəhəridir, iddiaçının hüquqi ünvanı DSMF-nin Abşeron-Xızı regional filialının xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə sosial ödənişlər DSMF-nin Abşeron- Xızı regional filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə DSMF-nin Abşeron-Xızı regional filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı DSMF-nin Abşeron-Xızı regional filialına müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən qəbul edilmiş əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında 14 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının əldə edilməsi üçün cavabdehə xx.xx.2023-cü ildə müraciət etmiş, lakin həmin qərarı əldə edə bilmədiyinə görə xx.xx.2023-cü ildə həmin qərarın ləğv edilməsinə görə məhkəmədə iddia qaldırmış və bununla da nəzərdə tutulmuş prosessual müddətləri ötürməmişdir. (İddiaçı həmin qərarın mövcudluğu barədə Sumqayıt şəhəri İcra İdarəsi vasitəsilə məlumatlı olmuşdur) İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 265.22 məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş sosial yardımın ödənişi 2021-ci ilin iyun ayında dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım 2021-ci ilin iyun ayında dayandırıldığından, cavabdeh təşkilat iddiaçıya ödədiyi ümumilikdə 4508,74 manat məbləğin geri qaytarlımasını haqqında 14 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Cavabdeh DSMF publik hüquqi şəxsin Abşeron-Xızı regional filialı həmin qərarın qanunvericiliyə uyğun olaraq qəbul edildiyini bildirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 14 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsində subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 14 nömrəli qərar əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Abşeron-Xızı regional filialının 14 nömrəli, xx.xx.2022-ci il tarixli əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar