Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-372/2022 01.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür. İddiaçının məcburi köçkün olmasını təsdiq edən vəsiqəsinin vərəqi dolduğundan onun yenisi ilə əvəz olunması üçün cavabdeh orqana müraciət etmişdir. Onun müraciətinə Komitədə baxaraq 24.09.2021-ci il tarixli, 01/5352 saylı məktubla heç bir məntiqə sığmayan imtina cavabı verilmişdir. Həmin imtinada qeyd edilmişdir: “Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə daxil olmuş məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi Qaydalarının 4.2.4-cü bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İddiaçıya verilən cavabdan da məlum olur ki, cavabdeh müraciətin məzmununu başa düşməmişdir. Çünki cavabında müraciətə heç bir aidiyyatı olmayan əsaslar sadalamaqla imtinasını əsaslandırmağa çalışmışdır. Çünki hazırda iddiaçı məcburi köçkündür, qeyd olunan statusu daşıyır və bu sənədin ona verilməsi üçün hansısa bir hüquqi əngəl mövcud deyildir. İddiaçı nə fərari deyil, nə də ki başqa bir qaydada hərbidən yayınmamışdır. İddiaçı ona ünvanlanmış məktub əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə müraciət etmiş və onların 06.10.2021-ci il tarixli arayışına əsasən ona bildirilmişdir ki, 25.02.1992-ci il tarixdə o, ilkin hərbi qeydiyyata alınmışdır. 31.03.1995-ci ildən 07.05.1998ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. O, fərarilər siyahısında yoxdur və barəsində amnistiya aktı tətbiq edilməmişdir. İddiaçı qeyd olunan arayışı cavabdehə təqdim etsə də onun müraciətinə münasibətdə hər hansı bir dəyişiklik olmamışdır. İddiaçı hal-hazırda məcburi köçkündür. Nə inzibati qaydada, nə də məhkəmə qaydasında mövcud statusda dəyişiklik olmamışdır. İddiaçı hazırda məcburi köçkün statusunun alınması üçün deyil, həmin statusu təsdiq edən kitabçanın yenisi ilə əvəz olunması üçün müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və son məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə daxildir: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci ildə, Qubadlı rayonunun Xəndək kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. AA seriyalı 164210 nömrəli məcburi köçkün vəsiqəsinin surətinə əsasən iddiaçı Qubadlı rayonundan məcburi köçkündür. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Komunal Sahəsinin 177 nömrəli, 22.01.2019-cu il tarixli arayışına əsasən iddiaçı 47-ci məhəllə, ev 11, mənzil 18 ünvanında yaşayır və Qubadlı rayonundan məcburi köçkündür. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10-17/18 nömrəli, 22.01.2019-cu il tarixli arayışına əsasən iddiaçının atası X4 da 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün olmuşdur. Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavinin 12.03.2019-cu il tarixli, 369 nömrəli arayışına əsasən iddiaçı Qubadlı rayon ərazisi işğal olunduğu üçün 1993-cü ildən məcburi köçkündür və hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin 29.06.2020-ci il tarixli, 231 nömrəli arayışına əsasən iddiaçı 25.02.1992-ci il tarixdən SHXÇDK-nin Qubadlı rayon bölməsində hərbi qeydiyyata alınmışdır (hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir). Həmin bölmənin 06.10.2021-ci il tarixli, 254 nömrəli arayışına əsasən iddiaçı 31.03.1995-ci il tarixdən 07.05.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Fərarilərin siyahısında yoxdur, barəsində amnistiya aktı tətbiq edilməyib. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 24.09.2021-ci il tarixli, 01/5352 nömrəli imtina məktubunda iddiaçının ərizəsinin təmin olunmasından imtina edilmişdir. Bu sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Həşimov X3 rayonunun Xəndək kəndində anadan olmuş və 1993-cü ildə Qubadlı rayonunun işğal olunması səbəbindən həmin rayondan məcburi köçkün olmuşdur. Hal-hazırda iddiaçının məcburi köçkün statusu vardır. Lakin iddiaçı həmin statusu təsdiq edən vəsiqənin vərəqlərinin dolması səbəbindən onun yenisi ilə əvəz olunmasını, yəni dublikatının ona verilməsini xahiş edir. Cavabdeh orqan isə iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin qanunun 6-cı maddəsinə əsasən Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri aşağıdakılardan ibarətdir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq; müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlilliyi olan şəxslərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi pulsuz dərman və tibb yardımı almaq; yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq; dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi; Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq; dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq; pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək; əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ. Həmin qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi, iddiaçı hazırda məcburi köçkün statusuna malikdir və həmin statusun itirilməsi halları sübut edilməmişdir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışla da müəyyən edilmişdir ki, o, Qubadlı rayonundan məcburi köçkündür və hazırda müvəqqəti olaraq Sumqayıt şəhərində məskunlaşmışdır. Nəzərə alınmalıdır ki, rəsmi sənəd vətəndaşda olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Bundan əlavə, cavabdeh imtinasında bildirmişdir ki, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmin imtina ilə bağlı aşağıdakıları müəyyən edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi Qaydalarının 4.2.4-cü bəndinin tələblərinə görə sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin 06.10.2021-ci il tarixli, 254 nömrəli arayışına əsasən iddiaçı 31.03.1995-ci il tarixdən 07.05.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Onun adı fərarilərin siyahısında yoxdur və barəsində amnistiya aktı tətbiq edilməmişdir. Bundan əlavə cavabdeh orqan məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iddia tələbini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Belə ki, iddiaçı ona məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmiş, mövcud olan sənədin dublikatının verilməsini xahiş etmiş, cavabdeh isə onun verilməsindən əsassız olaraq imtina etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-372/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-372/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver