Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-373/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinə qarşı hərracların etibarsız hesab edilməsi və onların iştirakı ilə yenidən hərrac keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Quba rayonu Quba bələdiyyəsi tərəfindən **********40, **********441 və **********72 nömrəli çıxarışlara əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin satılması barədə hərracların etibarsız hesab edilməsi və onların iştirakı ilə yenidən hərrac keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhər bələdiyyəsi tərəfindən bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahələri cavabdeh Xaçmaz Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə saat 15.00-da keçiriləcək torpaq hərracında iştirak üçün qeydiyyata alınmışdır. Hərracda iştirak üçün elanda göstərilən xx xxxxxxxx 2020-ci il tarixdə saat 15.00-da həmin ünvanda olmuş və hərracda iştirak məqsədilə biletlə təmin olunmalarını xahiş etmişlər. Lakin komissiya üzvü Hilal adlı şəxs onları qeydiyyata almasına baxmayaraq bilet verməkdən imtina etmiş, pandemiya ilə əlaqədar yalnız iki hərrac iştirakçısına bilet vermişdir. Onların etirazları qəbul olunmadığından dərhal 193 nömrəli qaynar xəttə zəng etdikdə sırada 6-cı olmaları bildirilmişdir, növbələri 43 dəqiqədən sonra çatdıqda hüquqlarının pozulduğunu bildirmişlər. Bu günədək hmin müraciətlərinə cavab verilməmişdir. Bununla bağlı iddiaçılar müvafiq iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə uyğun olaraq İddiaçı1 hüquqi yardım göstərilərək cavabdehi dəqiqləşdirmək təklif edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsini göstərsə də, nəticədə Xaçmaz Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilən hərracın etibasız hesab edilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsinə dəqiqləşmə verməmiş və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin etibarnaməsi əsasında iştirak edən ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin əməkdaşı X2 ƏMDX-nin Xaçmaz Ərazi şöbəsinin müstəqil hüquqi şəxs olmadığını izah etdi. Məhkəmə İddiaçı1 izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki iddia inzibati orqan olana qarşı qaldırılsa da, hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Məhkəmə qeyd edir ki, mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki münasibətlərdən yaranmışdır və inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinə qarşı hərracların etibarsız hesab edilməsi və onların iştirakı ilə yenidən hərrac keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi şöbəsinə qarşı hərracların etibarsız hesab edilməsi və onların iştirakı ilə yenidən hərrac keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-373/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-373/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver