Məhkəmə qərarları › İş №2-1(118)-373/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-373/2025

20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-373/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN- 899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Quba rayon Dövlət Notariat Kantorunun təsdiq etdiyi xx.xx.2003-cu il tarixli 4-ə-404-410 və xx.xx.2004-cü il tarixli 4-Ə-235-249 saylı alqı-satqı müqavillələrinə əsasən Quba rayon Qəcər-Zeyid kənd ərazisində 2.60 ha kənd təsərüfatı məhsulları istehsalı üçün torpaq sahələri satın alınmış və adına keçmiş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən JN-899 KOD 30304038 saylı Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir və həmin aktdan torpağa sahiblik edərək istifadə edir. Qeyd edilən Dövlət Aktının əsasında mülkiyyətə verilmiş torpaq sahəsinə öz adına çıxarış almaq üçün hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim etmişdir. Cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli məktubu ilə çıxarışın verilməsinə imtina etmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə etdiyi JN-899 KOD 30304038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktından aşkar olur ki, qeyd olunmuş xx.xx.2006-cı il tarixli sənədə əsasən mülkiyyətində Quba rayon Qəcər-Zeyid kəndi ərazisində 2.60 ha torpaq sahəsi mülkiyyətinə verilmiş və həmən Dövlət Aktı DT və XK-nin Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerqurluşu Layihə İnustutunun Rəhbəri F.Cəfərov tərəfindən imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, JN-899 KOD 30304038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir.Bundan əlavə dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 899 KOD 30304038 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon DNK-nun 01.12.03 tarixli 4-ə-404-410 və 25.02.04 tarixli 4-ə-235—249 saylı alqı-satqı müqavilələri ilə İddiaçı Quba rayon İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.60 ha torpaq sahəsi satılmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına verilmiş JN-899KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş və arxiv nüsxəsi aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü və 2004-cü illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-404-410 və 4Ə-235-249 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon dövlət notariat ofisində xx.xx.2003cü il tarixdə 4Ə-405, 4Ə-406, 4Ə-407, 4Ə-408, 4Ə-409, 4Ə-410 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Quba rayon dövlət notariat ofisində 30 dekabr 2003-cü il tarixdə 4Ə-404, 15 may 2004-cü il tarixdə 4Ə-235, 4Ə-236, 4Ə-237, 4Ə-238, 18 may 2004-cü il tarixdə 4Ə-239, 4Ə-240, 4Ə-241, 4Ə-242, 4Ə-243, 4Ə-244, 26 may 2004-cü il tarixdə 4Ə-245, 4Ə-246, 4Ə-247, 4Ə-248, 4Ə-249 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin kserosurəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”na əsasən Quba rayon Qəcər-Zeyid kəndi ərazisində yerləşən 2.60 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, JN-899 KOD 30304038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir.Bundan əlavə dövlət aktı elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, İddiaçı adına verilmiş JN-899KOD 30304038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş və arxiv nüsxəsi aşkar edilməmişdir. Dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü və 2004-cü illərdə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda Quba rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4Ə-404-410 və 4Ə-235-249 reyestr nömrəli müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud deyildir. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd kimi təqdim edilmiş JN-899 KOD 30304038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir, elektron baza məlumatlarında əksini tapmamışdır, verilməsinə əsas olan sənəd kimi qeyd edilmiş alqı-satqı müqavilələlərin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Beləliklə, qeyd edilən dövlət aktı mötəbər sənəd kimi qəbul edilə bilməz. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar