Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3734/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia tələbi üzrə işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra -“iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, 1993-cü il tarixdə istiqraz verilməsi ilə əlaqədar banka müraciət etmiş və ona Mərkəzi Bankın sədri tərəfindən 2000-ci ildən qərarın qəbul edilməsi bildirilmişdir. Həmin qərardan iddiaçının elektrik vəsaitlərdən istifadə edilməməsi səbəbinə görə xəbəri olmamışdır. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 45.1-ci maddəsinə əsasən, iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. 45.2. İnzibati məhkəmə icraatı iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri (iddia ərizəsi və digər sənədlər elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə olunmalıdır. (-) İPM-in 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. 46.2. Məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri; 46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi; 46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri; 46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı; 46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı. 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Sadalanmış normaların məzmunundan görünür ki, iddia ərizəsinin məzmunu dedikdə iddia ərizəsində göstərilməli məlumatların məcmusu başa düşülməlidir. İPM-in 46-cı maddəsində iddia ərizəsinin məzmununu təşkil edən məlumatlar nəzərdə tutulur. Bu məlumatlar prosessual qanunvericiliklə elə müəyyən edilmişdir ki, onlar iddianın predmeti və əsasını müəyyən etməyə imkan verir. İddianın predmeti dedikdə iddiaçının cavabdehə qarşı yönəltdiyi konkret maddihüquqi tələbi başa düşülür. İddianın əsası isə iddiaçının öz tələbinin əsaslandırdığı hallardır. İddia ərizəsində iddiaçı və cavabdehin adları və digər məlumatları aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehin müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb iddianın növlərindən asılı olaraq müxtəlif formada ola bilər. İddiaçı eyni iddia ərizəsində cavabdehə qarşı bir və ya bir neçə iddia tələbi irəli sürə bilər. Bir qayda olaraq tələb iddia ərizəsində konkret olaraq göstərilməlidir. Məhkəmə İPM-in 45 və 46-cı maddələrini əlaqəli şəkildə hazırki işə tətbiq edərək bildirir ki, 45-ci maddəyə münasibətdə tamamlayıcı norma kimi çıxış edən 46-cı maddə iddia ərizəsinin məzmununa aid qaydaları nəzərdə tutur və bununla da inzibati prosesdə əhəmiyyətli normalardan biri kimi çıxış edir. Bu əhəmiyyətlilik özünü xüsusilə iddia ərizəsinin yolverilən (46.1.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti barədə şərt) və əsaslı (46.1.2-ci maddəsinə əsasən cavabdehin kim olması (passiv legitimləşdirmə) və maddə 46.1.3-ə əsasən iddia tələbi) olmasının yoxlanılması zamanı büruzə verir. İPM-in 46.1-ci maddəsinə əsasən iddiaçı, cavabdeh və iddia tələbi haqqında məlumatları iddia ərizəsində dəqiq ifadə etməlidir. Bu məlumatlar yazılı şəkildə tərtib edilmiş ərizədə əks olunmalıdır. Bu normada iddia ərizəsində mütləq göstərilməli olan məlumatlar (mütləq tərkib hissə) nəzərdə tutulmuşdur (“göstərməlidir). Qanunverici tərəfindən bu cür qaydanın müəyyən edilməsində məqsəd odur ki, inzibati hüquqi iddia üzrə icraatda tərəflərin kim olduğu iddia ərizəsində göstərilənlər əsasında tərəflərin şəxsiyyəti birmənalı eyniləşdirilə bilsin) və iddia tələbi barəsində tam aydınlıq olsun. Bir qayda olaraq məhkəmə prosesində tərəfləri adları (soyad və atasının adı) və yaşayış yeri (daimi və ya müvəqqəti), həmçinin məlum olduğu halda iş yeri (qulluq mövqeyi, vəzifəsi) göstəriciləri ilə təqdim etmək lazımdır. İddia tələbi dedikdə mübahisə predmeti başa düşülmür. Başqa sözlə deyilirsə, iddia tələbi dedikdə iddia ilə iddiaçının nəyə nail olmaq istəməsi (iddianı qaldırmaqda məqsədinin nə olması) başa düşülür. İddiaçı nə istədiyini ayılın şəkildə iddia ərizəsində ifadə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda göstərilənlərə əsasən həmkəmə qeyd edir ki, təqdim edilmiş ərizəni “iddia ərizəsi” kimi qiymət verərək, onun mümkünlük şərtlərini ödəyib-ödəməməsini aydınlaşdırmaq mümkün deyildir. Məhkəmə iclasında izahat verən iddiaçının bildirdikləri ilə də məhkəmə onun tələbinin əslində hansı cavabdehə qarşı, hüququnun hansı hissədə pozulduğu, son nəticədə tələbinin nə olduğunu müəyyən edə bilməmişdir. Məhkəmə izah edir ki, iddiaçı yuxarıda İPM-in 45-46-cı maddələrinə dair qeyd edilənləri nəzərə almaqla inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddianın mümkünsüz sayılmasının əsasları hazırkı icraatda aradan qaldırıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-3734/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3734/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver