Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3745/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Xaçmaz rayonu 2 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış Şöbəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materialında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş:
1. İV-ЖГ seriyalı, 393517 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X9 1 sentyabr 1976-cı il tarixdə doğulmuşdur. Atası - X2, anası - X5r.
2. Azərbaycan Respublikası AZ-İ seriyalı, 580435 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X2 18 fevral 1999-cu il tarixdə ölmüşdür.
3. 9 iyul 2003-cü il tarixli, AA seriyalı, 327651 nömrəli Azərbaycan Respublikası “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, Sedan VAZ-21063 minik markalı, 40BF064 qeydiyyat nömrəli nəqliyyat vasitəsi X6 məxsusdur.
4. Azərbaycan Respublikası AZ-İ seriyalı, 893438 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 26 sentyabr 2017-ci il tarixdə ölmüşdür.
5. Quba rayon qeydiyyat şöbəsinin 12 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba rayonda 16 avqust 2004-cü il tarixdə doğulmuşdur. Atası - X9, anası - X3r.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat X1 göndərilmiş 21 dekabr 2023-cü il tarixli, 4885 nömrəli məktubundan görünür ki, 26 sentyabr 2017-ci il tarixdə vəfat etmiş anası X4 adına Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində .
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin İddiaçı göndərilmiş 15 fevral 2024-cü il tarixli, 3-13-16/15/2-18 nömrəli məktubundan görünür ki, mərhum X4 mülkiyyətində olan VAZ-21063 markalı, AZ 40BF064 qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən toplanılmış sənədlərlə birlikdə notariat ofisinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Notariat ofisindən veriləcək “Vərəsəlik haqqında şəhadətnamə”də qeyd olunan şəxsin adına rəsmiləşdirilməsi, vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra Xaçmaz RQİ və TBŞ-yə müraciət edilməsinin mümkün olduğu bildirilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
8. İddiaçı (bundan sonra -“iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Xaçmaz rayonu 2 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış Şöbəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, faktiki sahiblik hüququ əsasında əldə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21063 minik markalı avtomobil nəqliyyat vasitəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq adına “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək, faktiki sahiblik hüququ əsasında əldə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21063 minik markalı avtomobil nəqliyyat vasitəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq adına “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin verilməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh tərəfindən 15 fevral 2024-cü il tarixli, 3-13-16/15/2-18 nömrəli məktub (§7) göndərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Həmin əsasla qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159, 163.1, 163.2, 166.1-ci, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
13. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
14. Məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardıma dair məktub göndərilərək diqqətinə çatdırılmışdır ki, iddiaçının müraciətinə Baş X15 İdarəsi tərəfindən münasibət bildirilmişdir (§7). Bununla əlaqədar vərəsəlik işinin açılıb-açılmaması və Baş X15 İdarəsinə yenidən müraciət edilib-edilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur.
15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə bildirilmişdir ki, iddiaçının nənəsi X4 26 sentyabr 2017-ci il tarixdə vəfatından sonra adına Quba regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işinin açılması barədə məlumatın aşkar edilməməsi barədə Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 21 dekabr 2023-cü il tarixli, 4885 nömrəli məktubundan sonra vərəsəlik işinin açılıb-açılmaması barədə notariat ofisinə və Baş X15 İdarəsinin Xaçmaz RQİ və TBŞ-nin 15 fevral 2024-cü il tarixli, 3-13-16/-15/2-18 nömrəli məktubundan sonra həmin təşkilata təkrar müraciətlər edilməmişdir.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına iştirak etməmişdir və bu barədə məhkəməyə məlumat verməmişdir.
17. Cavabdeh məhkəməyə məktub göndərərək, iş qrafikinin sıxlığı ilə əlaqədar olaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının mümkün olmadığını bildirmişdir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
22. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
23. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
24. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
25. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
26. Məhkəmə iş materialında olan həm iddiaçının təqdim etdiyi, həm cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.
27. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
28. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
29. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
30. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
31. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd)
34. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı faktiki sahiblik hüququ əsasında əldə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21063 minik markalı avtomobil nəqliyyat vasitəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq adına “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. İş materialında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin məktubunda görünür ki, mərhum X4 mülkiyyətində olan VAZ-21063 markalı, AZ 40BF064 qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən toplanılmış sənədlərlə birlikdə notariat ofisinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Notariat ofisindən veriləcək “Vərəsəlik haqqında şəhadətnamə”də qeyd olunan şəxsin adına rəsmiləşdirilməsi, vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra Xaçmaz RQİ və TBŞ-yə müraciət edilməsinin mümkün olduğu bildirilmişdir.
36. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Xaçmaz rayonu 2 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış Şöbəsinə məhkəməyə qədər müraciət edilməmiş və müvafiq imtina alınmamışdır.
37. Həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə edilmiş müraciətə orqan tərəfindən də iddiaçıya imtina verilməmiş, vərəsəlik haqqında şəhadətnamə alındıqdan sonra Xaçmaz RQİ və TBŞ-yə müraciət edilməsinin mümkün olduğu bildirilmişdir.
38. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, iddiaçıya cavabdehə müraciət etmək üçün vaxt vermək məsələsini araşdırmaq üçün, iddiaçıya hüququ yardım edərək, vərəsəlik işinin açılıb-açılmamasını dəqiqləşdirmiş, lakin sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə bildirilmişdir ki, iddiaçının nənəsi X4 26 sentyabr 2017-ci il tarixdə vəfatından sonra adına Quba regional “Asan Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işinin açılması barədə məlumatın aşkar edilməməsi barədə Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 21 dekabr 2023-cü il tarixli, 4885 nömrəli məktubundan sonra vərəsəlik işinin açılıb-açılmaması barədə notariat ofisinə və Baş X15 İdarəsinin Xaçmaz RQİ və TBŞ-nin 15 fevral 2024-cü il tarixli, 3-13-16/-15/2- 18 nömrəli məktubundan sonra həmin təşkilata təkrar müraciətlərin edilmədiyini bildirmişdir.
39. Bu səbəbdən, iddiaçının **-BF-*** dövlət qeydiyyat nişanlı, VAZ-21063 minik markalı avtomobil nəqliyyat vasitəsinin qeydiyyata alınması ilə bağlı iddia irəli sürmək üçün, subyektiv hüquqa malik olmasını da müəyyən etmək mümkün olmamışdır.
40. Belə ki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
42. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər
43. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Xaçmaz rayonu 2 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış Şöbəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova