Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3748/2025 11.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi ilə İddiaçı cavabdeh Şamaxı Regional "Asan Xidmət" Mərkəzinin notariat ofisinə qarşı "daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin veriməsi" tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şamaxı Regional "Asan Xidmət" Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Şamaxı Regional Cavabdehndə Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş 2949 nömrəli, 15 noyabr 2024-cü il tarixli imtina qərarının ləğv olunaraq mərhum həyat yoldaşı X1 məxsus daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 məxsus olan daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi ilə əlaqədar cavabdeh Şamaxı Regional Cavabdehndə Ədliyyə Nazirliyinin notariat ofisinə müraciət etmişdir. Cavabdeh Şamaxı Regional Cavabdehndə Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən göndərilmiş 2949 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərarında miras qoyan mərhum həyat yoldaşı X1 məxsus olmuş daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina verilmişdir. Bununla əlaqədar ona qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu qərar ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdehin verdiyi bu imtina qərarında yazılmışdır ki, müraciətlə əlaqədar 472 nömrəli vərəsəlik işi açılmış və miras qoyanla qohumluq əlaqəsi öz təsdiqini tapmış və qanun üzrə vərəsə müəyyən olunmuşdur. Lakin vərəsənin miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul etmədiyi aşkarlandığından, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı aydan çox keçdiyindən “Notariat haqqında” qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən cavabdeh mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina qərarı verilmişdir. Cavabdeh onu da bildirmişdir ki, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin yalnız məhkəmə tərəfindən uzadılması mümkündür və odur ki, məhkəməyə müraciət etməlidir. Həyat yoldaşı X2 vəfat etdiyinə görə övladlarının bütün çətinlikləri onun təkbaşına öhdəsinə düşüb. Belə çətin anda mərhum həyat yoldaşının adına olan daşınmaz əmlaklar üçün 6 ay müddətində vərəsəlik açdırmaq yadına düşməyib. Digər tərəfdən isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbində göstərildiyi kimi mərhum həyat yoldaşı X1 məxsus əmlaklara faktiki olaraq sahiblik edir və həmin əmlakları idarə edir. Ona görə də həmin mirası qəbul etməyi şəksizdir və belə halda vərəsə kimi mirası qəbul etmiş sayılmalıdır. Lakin cavabdeh Şamaxı Regional Cavabdehndə Ədliyyə Nazirliyinin notariat ofisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbini imtina qərarında yazsa da, onu düzgün şərh etməmişdir. Cavabdehin bu qərarından narazı olduğundan Sumqayıt İnzibati Məhkəməsinə müraciət edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17 -ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il, 4 nömrəli Qərarında qeyd edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin (8-ci bənd). Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən irəli gələn mübahisələrə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən araşdırılmalıdır. Bu baxımdan hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Odur ki, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarında (10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 8-ci bəndində) ifadə edilmiş hüquqi mövqeyə görə, hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-3748/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3748/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver