Məhkəmə qərarları › İş №2-1(118)-375/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-375/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-375/2022 25.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalın nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “İddiaçı 12.01.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “İddiaçı 12.01.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 oktyabr 2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stayına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əssən 01 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci il tarixinədək qüvvədə olan olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini güzəştli işlərdə çalışan 50 yaşı tamam olmuş qadınların güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən 27 oktyabr 1996-cı il tarixli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız da 20 ildən az (16 il il 14 gün (20.10.1989 - 31.12.2005-ci il tarixləri arasındakı dövrü ) təşkil edir. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alnmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 47600,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30211,78 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 04 oktyabr 2021-ci il tarixli, **********0 nömrəli imtina məktubunu tamamilə qanunsuz və əsassız hesab edir. Xüsusilə onun iş stajı 20 ildən az (16 il il 14 gün (20.10.1989-31.12.2005-ci il tarixləri arasındakı dövrü ) təşkil edir məzmununda cümləyə münasibətdə .Belə aydın olur ki, onun iş stajı belə heablanmamışdır. Onun istinad etdiyi qanunvericilik və əsasları aşağıdakı qaydadır: “Əmək Pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq siyahısı üzrə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. 06 mart 2007-ci İl tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı İlə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı on ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, 21.08.1982-ci ildən 26.06.1986-cı ilədək Sumqayıt KİMYA Texnologiya Texnikomunun əyani (gündüz) şöbəsində təhsil almışdır. 20 oktyabr 1986-cı ildən 31 dekabr 2005-ci ilədək tam iş günü ilə İş stajı vardır. Bu da 25 ildən artıq iş stajı təşkil edir. “AZƏRİKİMYA İstehsalat Birliyi “ETİLEN-POLİETİLEN” X7 16.09.2019-cu il tarixli arayışlarına əsasən o, 20 oktyabr 1986-cı ildən 31 dekabr 2005-ci ilədək tam iş günü “Azərikimya “İstehsalat Birliyinin “Etilen-Polietilen ’’zavodunun zərərli iş stajı olan işlərdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin İ080A0İ0 şifrinə əsasən İ saylı siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 3 bəndinin 21 İOA30-175v şifrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 10-cu bölməsinin 4-cü bəndinin 21 10AO4a-l2920 şifrinə əsasən 2 saylı siyahısında nəzərdə tutulan zərərli işlərdə işləmişdir. Həmin arayışlara əsasən tələb edilən on ildən artıq güzəştli iş stajına malikdir. 23 il 18 gün ümumi iş stajına malikdir. 01 yanvar 2006-cı ilədək 20 ildən artıq iş stajına malik olmuşdur. Həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13b maddəsinə əsasən 01 yanvar 2006-cı ilədək 20 ildən artıq 23 il 18 gün iş stajına malik olmuşdur. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Sadalanan hüquq normalarının qarşılıqlı təhlilinə görə 2 nömrəli Siyahı üzrə iddiaçının 50 yaş+2 yaş=52 yaşdan güzəştli şərtlə pensiya hüququ yarana bilər. Yuxarıda bəhs edilən normaların təhlilinə yaxud “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ilə qədər iddiaçının 2 nömrəli Siyahıda qeyd edilən peşədə on il işləməsi təsdiq edilərsə və 20 il ümumi stajı olarsa, onun (50+2) 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yaranmış olacaqdır. Onun 21.08.1982-ci ildən 26.06.1986-cı ilədək Sumqayıt KİMYA Texnologiya Texnikomunun əyani (gündüz) şöbəsində təhsil müddətinin ümumi iş stajına daxil edilməsi barədə qanunvericiliyin bazası aşağıdakı şəkildədir: “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi isə orta ixtisas təhsil müəssisəsində təhsil müddətini əmək stajına aid etmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1985-1986-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. Həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi isə orta ixtisas təhsil müəssisəsində təhsil müddətini əmək stajına aid etmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 01 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1985-1986-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun təlbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956- cı il 4 avqust tarixli, 1044 №li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixlisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSR.İ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturalarda təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “Asan Xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 30.09.2021-ci il tarixində müraciəti daxil olmuşdur. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 27.10.1986cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (16 il 14 gün (20.10.1989-31.12.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 47600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 30211,78 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Qusar şəhərində anadan olmuşdur. - “Azərikimya” X5-Polietilen X7 321, 322 və 323 saylı 16 sentyabr 2021-ci il tarixli arayışlarında X1 - 20 oktyabr 1986-cı ildən 15 avqust 1990-cı ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun konfeksiya sexində çəkib-bükücü–qablaşdırıcı maşının maşinisti işlədiyi həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan plastik kütlələr istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verdiyi; - 16 avqust 1990-cı ildən 14 oktyabr 1994-cü ilə kimi polietilen sexi üzrə nəzarətçi işlədiyi, göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754v şifrinə əsasən 2 saylı siyahısında sadalanan neft karbohidrogenləri istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verdiyi, 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilədək texniki nəzarət şöbəsində nəzarətçi işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 4-cü bəndinin 2110A04a-12920 şifrinə əsasən 2 saylı siyahısında sadalanan texniki nəzarət şöbəsində məşğul olan nəzarətçilər istehsalatında güzəştli şərtlərlə pensiya hüququ verdiyi qeyd olunmuşdur. - Yuxarda qeyd edilən arayışlarda, Balaqadaşova (Abdullayeva) Raisa Nəsrətulla qızının 22.12.1999-cu il tarixdən 13.04.2001-ci il tarixədək analıq məzuniyyətində, 05.06.1994-cü il tarixdın 05.07.1994-cü il tarixədək, 16.02.2005-ci il tarixdən 28.02.2005ci il tarixədək və 01.12.2005-ci il tarixdən 16.12.2005-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd edilmişdir. - İddiaçıya məxsus KT 029336 saylı diplomdan görünür ki, X2 1982-ci ildən 1986-cı ilə kimi Sumqayıt Kimya Texnologiya Texnikumununda təhsil almışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 76 saylı, 21 sentyabr 2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Balaqadaşova (Abdullayeva) Raisa Nəsrətulla qızı 21.08.1982-ci il tarixli 78-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun əyani şöbəsinin ümumi orta (8 illik) təhsil bazasından “Sintetik qətran və plastik kütlələrin kimya texnologiyası” ixtisasına daxil olmuş, 26.06.1986-cı il tarixli 150-ct nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. - İddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, 20 oktyabr 1986-cı ildən hal-hazıradək “Azərikimya” İstehsalat Birliyində əmək fəaliyyəti ilə məşğul olur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 04 oktyabr 2021-ci il tarixli məktubunda iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən iddiaçının 20 il ümumi iş stajına qarşı 16 il 14 gün gün iş stajının olmasını, zəruri olan pensiya kapitalına malik olmamasını əsas göstərmiş və iddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı 21.08.1982-ci il tarixdən 26.06.1986-cı il tarixə kimi Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil almşdır. İddiaçıya məxsus KT 029336 saylı diplomla və Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 76 saylı, 21 sentyabr 2021-ci il tarixli arxiv arayışı ilə bu hal öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil aldığı müddət 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). 01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının on ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı vardır. 21.08.1982-ci il tarixdən (21.08.1982-ci il tarixdən-26.06.1986-cı il tarixədək təhsil aldığı dövr 03 il 10 ay 5 gün; 20 oktyabr 1986-cı il tarixdən 01.01.2006-cı il tarixədək “Azərikimya” İstehsalat Birliyində müxtəlif vəzifələrdə 19 il 02 ay 11 gün) fasiləsiz olmaqla 01.01.2006-cı il tarixə iddiaçının ümumilikdə 23 il 16 gün sığorta stajı ondan 19 il 02 ay 11 gününü əmək şəraiti zərərli və ağır olan işlərdə (20 oktyabr 1986-cı ildən 15 avqust 1990-cı il tarixədək 3 il 09 ay 25 gün müddətinə çəkib-bükücü–qablaşdırıcı maşının maşinisti (kod 1080A010 uyğundur), 16 avqust 1990-cı ildən 14 oktyabr 1994-cü il tarixədək 04 il 02 ay müddətinə polietilen sexi üzrə nəzarətçi (kod 2110A030-1754v uyğundur), 15 oktyabr 1994-cü ildən 31 dekabr 2005-ci ilə tarixədək 11 il 02 ay 15 gün müddətinə texniki nəzarət şöbəsində nəzarətçi (kod 2110A04a-12920 uyğundur) işləmişdir, yəni tam əmək stajı həmin tarixədək mövcuddur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (52 yaş). İddiaçı xx.xx.1967-ci ildə anadan olub və 52 yaşının tamam olduğu 12 yanvar 2019cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixə 52 yaşı tamamdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti iddiaçıya münasibətdə tətbiq edilməməlidir və buna əsasən, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 12.01.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 12.01.2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar