Məhkəmə qərarları › İş №2-1(118)-375/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-375/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-375/2023 09.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağstafa rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N və N nömrəli hərbi hissələrin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Ağdam və Ağdərə rayonlarında erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etməsi barədə məlumat ona verilmiş hərbi biletdə öz əksini tapmışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2020-ci il tarixli l/Q-1979 saylı məktubla ərizənin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuzdur, formaldır, iddiaçının hüquqlarını pozur. Bu baxımdan hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolu tapmamışdır. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Reapublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilimiş vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçı 1991-1993-cü illər tarixlərində hərbi xidmət keçmiş və xidmət müddəti başa çatmasına görə ehtiyata buraxılmışdır. Digər tərəfdən, X1 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, iddiaçı ilə birlikdə N saylı (sonradan 707) hərbi hissədə xidmət etmiş və onlar birlikdə Qazax rayonunun Kəmərli, Fərəhli kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdilər. X2 notarial təsdiqli ərizəsindən görünür ki, iddiaçı ilə birlikdə Qazax, Ağstafa, Ağdərə və Ağdam rayonlarının müdafiəsində iştirak etmişlər. xx.xx.1993-cü il tarixində ordudan təxris edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qanunvericiliyə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində məhkəmənin qanuni qüvvəyə mindiyi qərarı olduğu üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçının verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-287/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-108/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İddiaçının apellyasiya məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 788/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzə icraata xitam verir (261.0.2). İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır (262.1). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (262.4). İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər (262.5). Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-1(83)-108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinası qanunsuz hesab edilməklə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar