Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-375/2024 01.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X3, Nümayəndə Malik qızının, X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1977-ci ildə başlamışdır. xx.xx.1977-xx.xx.1978-ci illərdə 16 saylı X9 məktəbində oxumuş, xx.xx.1978-xx.xx.1979-cu illərdə 322 saylı Tİ-də işləmiş, xx.xx.1979xx.xx.1981-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1981- xx.xx.1982-ci ildə Qusar rayon M.Əliyev adına Sovxozda, xx.xx.1982-xx.xx.1983-cü illərdə texniki peşə məktəbində işləmişdir. xx.xx.2016-cı ilə qədər müxtəlif idarə və təşkilatlarda işləmişdir. Ümumi iş stajı 13 ili güzəştli pensiya təyin edilməsinə əsasən verən iş dövrünə aid olub 2 saylı siyahıya aiddir. Buna görə də güzəştli şərtlərlə pensiya təyini üçün ərizə ilə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 06.01,2023cü il tarixli, **********0 saylı məktubla pensiya təyinindən imtina etmişdir. İmtinaya səbəb kimi güzəştli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. Cavabdehin imtinası ilə razılaşmır. Beləki imtiyazlı şərtlərlə yaşa görə pensiyaların təyin olunması zamanı güzəştli şərtlərlə pensiyaya hüquq verən istehsalatın, sexlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli siyahılarına istinad olunur. Həmin siyahılar isə AR-sı NK 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmişdir. Bu siyahılar xx.xx.1993-cü ildən etibarən tətbiq edilir. Ona qədər isə imtiyazlı şərtlərlə yaşa görə pensiyalar keçmiş SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1173 saylı və xx.xx.1991-ci il tarixli, 10 saylı qərarı ilə təsdiq edilir. O əmək fəaliyyətinə 1977-ci ildə başlamışdır. AR NK-nin 320 saylı qərarı yalnız xx.xx.1993-cü ildən sonra yaranan (pensiya təyini zamanı) münasibətləri tənzimləyir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, onun xx.xx.1986-xx.xx.1987-ci illərdə "X6” ASC-də işlədiyi iş dövrü, xx.xx.1987-xx.xx.1991-ci illərdə Bakı Karton Qablar fabrikində iş dövrü, xx.xx.2006-xx.xx.2013-cü illərdə "xxxx" ASC- də işlədiyi iş dövrü və xx.xx.2014-28.1 1.2014-cü illərdə Sumqayıt Texnologiyalar Parkında işlədiyi iş dövrü zərərli istehsala aid olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş olur. Onun ümumi iş stajım 33 ildir. Bunun 13 ili zərərli istehsal sahəsinə aid olub 2№-li siyahıya aiddir. Hesab edir ki, ona 60 yaşı tamam olan tarixdə yəni, xx.xx.2020-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş '‘‘Vətəndaşların pensiya təminatı haqqında” qanunun 69-cu maddəsinə əsasən “İş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur”. ‘‘Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2022-ci il tarixdə ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi güzəştli arayışlara əsasən kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İstinad olunan Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var idi. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim etdiyi güzəştli arayışlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 10 ay 17 gün (xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. İş materiallarından göründüyü kimi, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışlara əsasən kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının güzəştli iş stajı azdır. Ümumi iş stajı mübahisələndirilmir. 1986- 1987, 2014-cü il qəbul edilmişdir. Digər dövrlər qəbul edilmir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndələri qismində X5, Nümayəndə Malik qızı iştirak etmiş, izahatlarında bildirmişdirlər ki, iddiaçının digər dövrlərdə işləməsi ilə bağlı arxiv arayışı təqdim edilmiş, güzəştli arayış təqdim edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsini istəyir. Cavabdeh isə iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajının yaranmaması (1 il 10 ay 17 gün (xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər)) səbəbilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının 25 il ümumi iş stajının olması mübahisə olunmur. Mübahisə iddiaçının xüsusi iş stajı ilə bağlıdır. Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və xüsusi iş stajı və yaş həddinə dair tələblər ödənilməlidir. İş materiallarına əlavə edilmiş güzəştli arayışlarda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1986-cı il tarixində “Bakı Poladtökmə" zavodunun 2 №-li iri ölçülü qəlibləmə sexinə 2 dərəcəli torpaq- hazırlayan peşəsinə işə qəbul edilmiş və xx.xx.1987 -ci il tarixində öz xahişi ilə işdən azad edilmişdir. Qeyd edilmiş peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 11. Metal emalı bölməsinin 11.1.Tökmə istehsalı bəndinin (a) fəhlələr yarımbəndində “torpaqhazırlayanlar” peşəsinə uyğundur. İddiaçı xx.xx.2014-ci il tarixindən xx.xx.2014-ci il tarixinədək "xxxx" MMC-nin Sumqayıt transformatorların təmiri sahəsinin 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12№-li qərarının 35-ci fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Göstərilən peşə üzrə güzəştli pensiya üçün stajı 9 (doqquz) ay, 17 (on yeddi) gün təşkil edir. Qeyd edilən xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.2014-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər cavabdeh tərəfindən nəzərə alınır. Digər dövrlərdə iddiaçının işləməsi ilə bağlı iş materiallarına arxiv arayışları əlavə edilsə də həmin dövrlər xüsusi iş stajı kimi cavabdeh tərəfindən nəzərə alınmır. Əsas kimi qeyd edilir ki, müəssəsisələr tərəfindən verilmiş arayışlar arxiv arayışları olduğu üçün ümumi iş stajı kimi nəzərə alına bilər. Güzəştli arayış təqdim edilmədiyinə görə xüsusi iş stajı kimi nəzərə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Lakin təqdim edilən arxiv arayışları iddiaçının qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini, müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu müəyyən etməyə imkan vermir. İddiaçı onun umumi iş stajının 13 ilinin zərərli istehsal sahəsinə aid olub 2№-li siyahıya aid olduğunu qeyd etsədə, konkret dövrlərlə bağlı hansı peşələrin hansı 2№-li siyahıy üzrə hansı kodlara uyğunluğunu bildirməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-375/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-375/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver