Məhkəmə qərarları › İş №2-1(118)-376/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-376/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-376/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı, Ağarizayeva GülşənMəmmədrza qızının və X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının 07 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə ayrılmış rayonu, Səbətlər kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və pan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dairiddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu Səbətlər kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 07 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə ayrılmış rayonu, Səbətlər kəndi ərazisində yerləşən 1.23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və pan və ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 və X1 Məhəbbət Əbdüləzim oğlu birgə iddiaçı qismində cəlb edilmələrini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 07 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçılara 1.23 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iki ayrı hissədən ibarət olmaqla ayrı-ayrı yerlərdə yerləşir. Onlar 1,23 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından xx.xx.2023-cü il tarixli bildirişlə imtina etmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh Dövlət Aktında 68A planşet nömrə ilə göstərilən 4100,13 kv/metr torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamasına və aktda göstərilən torpaq sahəsinin koordinatları elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişməsi ilə bağlı gəldiyi nəticəni dəyiş və torpağa mülkiyyət hüququna dair dövlət aktn üzərində hazırki torpaq sahəsinin elketron bazada mövcud olduğunu müəyyən etmişdir. Lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsinin ölçüsün 1,23 ha göstərilməsinə baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən məlumat bazasında olan xəritə üzərində həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,82 ha ölçüdə olduğunu əsas gətirərək həmin torpaq sahəsinə çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, ləğv edilmiş torpaq və xəritəçəkmə komitəsi tərəfindən edilmiş yalnışlara görə iddiaçı heç bir məsuliyyət daşımır. Hazırda iddia ərizəsinə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair dövlət aktından da görünür ki, torpaq sahəsinin ölçüsü 1.23 hektardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün ərizəyə əlavə edilmiş JN-0068 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1,23 ha göstərilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən məlumat bazasında olan xəritə üzərində həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,82 ha ölçüdə öz əksini tapmışdır. Dövlət Aktında 68A planşet nömrə ilə göstərilən 4100.13 kv.metr torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və aktda göstərilən torpaq sahəsinin koordinatlar, elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə kəsişir. İş materiallarında olan: - JN-0068 KOD 30329058 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 iyun 2000 -cu il tarixıi, 07 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1.23 ha (0.82 + 0,41) torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X4 və ailə üzvlərinə verilmişdir. - Məhkəmə sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Quba rayonu Səbətlər kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı oğlunun adı aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçının iştirakı ilə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. JN-0068 kod 30329058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.23 ha torpaq sahəsi naturada mövcuddur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi iki hissədən ibarət olmaqla (0.6164 ha və 0.82 ha) 1.4364 ha təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahələri baza məlumatlarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. (Sxem tərtib olundu, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir) ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Göstərilən Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, göstərilən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi torpaq sahəsi üzərində iddiaçının hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1 maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə iddiaçılara torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda həmin rəylə cavabdehin mübahisəli torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi kimi dəlili təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Quba rayon Aqrar İslahat Komissiyasının 07 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə ayrılmış 1.23 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X2 və X3 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 07 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə ayrılmış 1.23 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X2 və X3 mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar