Məhkəmə qərarları › İş №2-1(118)-3761/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3761/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3761/2022 21.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 3-cü şəxs olan X1 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi niyyətindədir. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan ***-***-**-** mobil əlaqə vasitəsinə iddianın mümkünlüyü ilə bağlı dəfələrlə məhkəməyə dəvət edilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixində məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, məhkəmənin mümkünlük iclasında iştirak etməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən müvafiq çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana müvafiq çıxarışın ləğv edilməsi tələbi ilə müraciətləri olduğu iş materiallarından müəyyən olunmur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırkı iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə müvafiq çıxarışın ləğv edilməsi öhdəliyidir ki, buna görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət edilməsinə görə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə hansı inzibati orqandan müvafiq tələb ilə bağlı müraciət edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbin dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar