Məhkəmə qərarları › İş №2-1(118)-3764/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3764/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3764/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reystr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.0238 ha torpaq sahəsində yerləşən 37.0 kv.m ümumi sahəsi olan yaşayış evindən Talıbova (Şeydabəyova) Günel Nadir qızının pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ünvan 1 ünvanda yerləşən 0.0238 ha torpaq sahəsində yerləşən 37.0 kv.m ümumi sahəsi olan yaşayış evindən Talıbova (Şeydabəyova) Günel Nadir qızının pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 01 iyun 2023-cü il tarixli, 3-13-29/2-Ş-135xx/xx/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Talıbova (Şeydabəyova) Günel Nadir qızı zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda 37.0 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Qeyd olunan yaşayış evində iddiaçının ailə üzvü olmayan Talıbova (Şeydabəyova) Günel Nadir qızı qeydiyyatdadır. O, iddiaçının keçmiş gəlini olmaqla oğlu X12 ilə boşanmamışdan əvvəl 2021-ci il aprel ayında gecə üç azyaşlı uşaqlarını evdə qoyaraq evi tərk etmişdir. Onun harada olması barədə məlumatları yoxdur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onun iddiaçının evində pasport qeydiyyatında olması formal xarakter daşıyır, iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Talıbova (Şeydabəyova) Günel Nadir qızının 2021-ci ildən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşamaması qonşulardan X2, X1 və X7 iştirakı ilə tərtib edilərək Xaçmaz şəhər İƏD üzrə nümayəndəlikdə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi akt ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. (reyestr nömrəsi **********07-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, 2010-cu il tarixindən X12 ilə Talıbova (Şeydabəyova) Günel Nadir qızı ailə həyatı qurmuşdur. xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinin qərarı ilə boşanmışdırlar. Talıbova (Şeydabəyova) Günel Nadir qızı boşanmamışdan əvvəl 2021-ci ilin aprel ayında gecə ilə üç azyaşlı uşağını evdə qoyaraq evi tərk etmişdir. Hal-hazıra kimi ünvanda yaşamır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayədəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 1518 saylı arayışda ünvan 5 ünvanda yaşayan İddiaçı ailə tərkibi olaraq qeyd edilmişdir:X12, X11, X13, X8. AZ-İ ******* saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X9 arasında nikaha Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-61/2022 saylı Qətnaməsinə əsasən X12 ilə Şeydabəyova (Talıbova) Günel Nadir qızı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X11, X13, X3 ataları X5 himayəsində qalması qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən X4 həqiqətən ünvan 5 ünvanda qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Talıbova (Şeydabəyova) Günel Nadir qızının iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar