Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3766/2025 16.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyanın yenidən hesablanması) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab etməklə əmək kitabçasında göstərilən xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci ıl tarixinədək olan qeydlərin əmək stajı kimi təsdiqlənməsi, ümumi sığorta stajıma daxil edilməklə pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1944-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixindən 268,62 manat olmuşdur. İddiaçının pensiyası az hesablanmışdır. Belə ki, 2022ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh təşkilat **********86 saylı xx.xx.2022-ci il tarixli məktubla bildiriblər ki, sənədlərin surətinə əsasən, xx.xx.2006-cı il tarixinə kimi 27 il 1 ay 2 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində dəyişiklik olmamışdır. Əlavə olaraq bildiriblər ki, əmək kitabçasının surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü ili tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixinə kimi əmək fəaliyyəti dövrünün araşdırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixində monitorinq aparmışlar. Monitorinq zamanı 28 № li tikinti idarəsinin xx.xx.1992-ci il tarixindən cü il tarixinədək, “Zəngəzur” kiçik müəssisəsinin xx.xx.1994-cü ili tarixindən xx.xx.1995-ci il tarixinədək və 16 №-li “Təmir-tikinti İdarəsi”nin ci il tarixdən xx.xx.1995-ci il tarixinədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan onun olmadığı üçün həmin müəssisələrdə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Ona görə də, iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi üçün həmin dövrlər ümumi sığorta stajına daxil edilməmişdir. Ona görə də, iddiaçı yazılanlarla razılaşmayaraq bu imtinanı əsassız hesab edir, belə qənaətə gəlir ki, təqdim edilmiş sənədlər və sübutlarara əsasən əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənməlidir və ümumi sığorta stajına daxil edilməklə pensiyası yenidən hesablanmalıdır.
4. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən, İddiaçı həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla belə, iddiaçı Mərkəzi Filiala müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Daxil olan müraciətə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktuba əsasən Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən SU-26 Trestinin “28№-li Tikinti idarəsi”nin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, “Zəngəzur” kiçik müəssisəsinin xx.xx.1994- cü il tarixdən xx.xx.1995-ci il tarixədək və “16 №-li Təmir Tikinti idarəsi”nin xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün iddiaçının həmin müəssisələrdən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından, əmək kitabçasında göstərilən müvafiq dövrlər iddiaçının ümumi sığorta stajına daxil edilməmişdir. İşin əlavə araşdırılması zamanı Mərkəzi Filiala ünvanlanmış xidməti məktuba cavab olaraq, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1- 36035/2025 nömrəli məktubuna əsasən, qeyd edirik ki, iddiaçı S.H. Məmmədrzayevin əmək pensiyası yenidən hesablanmışdır. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən hesablama zamanı pensiya məbləğində dəyişiklik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992- ci il tarixindən xx.xx.1994-cü il tarixinədək 26 sayılı Tikinti İdarəsində olan dövrün doldurulma qaydası pozulduğu üçün (Azərbaycan SSR-ə məxsus möhürdən istifadə edildiyindən) sığorta stajına əlavə edilməsi mümkün olmamışdır.
5. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olan tələblərinə əsasən, sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq ındəksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlərin surətinə əsasən, xx.xx.2006-cı il tarixinədək 27 il 1 ay 2 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (268,62 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyiniz əmək kitabçanızın surətində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən 01.01,1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən, SU-26 Trestinin,128 №-li Tikinti idarəsi’min xx.xx.1992-ci il tarixindən 01.01,1994-cü il tarixinədək, “Zəngəzur” kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və “16 №-li Təmir Tikinti idarəsi”nin xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdən əməkhaqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi üçün həmin dövrlərin ümumi sığorta stajınıza daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən, xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım (İ, İİ, İİİ və İV rüb üzrə) əmək pensiyanızın üzərinə əlavə edilməklə sizə ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən, müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
7. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi F.Miriyeva iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İddia tələbi əmək pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Tətbiq edilən hüquq
13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
17. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
18. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. IV. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. İddiaçı xx.xx.1944-cü ildə anadan olub. xx.xx.2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixindən 268,62 manat olmuşdur.
22. Cavabdeh hesab edir ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən, SU-26 Trestinin “28№-li Tikinti idarəsi”nin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, “Zəngəzur” kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və “16 №-li Təmir Tikinti idarəsi”nin xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün iddiaçının həmin müəssisələrdən əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığından, əmək kitabçasında göstərilən müvafiq dövrlər iddiaçının ümumi sığorta stajına daxil edilməmişdir. İşin əlavə araşdırılması zamanı Mərkəzi Filiala ünvanlanmış xidməti məktuba cavab olaraq, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-1-36035/2025 nömrəli məktubuna əsasən, qeyd edir ki, iddiaçı S.H. Məmmədrzayevin əmək pensiyası yenidən hesablanmışdır. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə yenidən hesablama zamanı pensiya məbləğində dəyişiklik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək 26 sayılı Tikinti İdarəsində olan dövrün doldurulma qaydası pozulduğu üçün (Azərbaycan SSR-ə məxsus möhürdən istifadə edildiyindən) sığorta stajına əlavə edilməsi mümkün olmamışdır.
23. Mübahisəli sosial sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 26 sayılı Tikinti İdarəsində işlədiyi dövrdür.
24. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 26 sayılı Tikinti İdarəsində işləməsinə dair arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir.
25. Məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: - 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
29. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
30. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir.
31. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
32. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
33. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir.
34. Beləliklə, məhkəmə qeyd edir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 26 sayılı Tikinti İdarəsində işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur.
35. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X2-Abbaszadə