Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3769/2025 08.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2na qarşı iş üzrə (Açar sözlər: ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2na qarşı “ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi hər ay 342 manat 61 qəpik məbləğ olmaqla ödənilməmiş pulun hesablanaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh olan X2 ilə əvəz edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 avqust 1962-ci ildə Abşeron rayonu, Giləzi qəsəbəsində anadan olmuşdur və hal-hazırda Xızı rayonu, Giləzi qəsəbəsində rəsmi qeydiyyatdadır. Lakin faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, l.Salahov küçəsi, ev 23-də 4 nəfər ailə üzvləri lə birlikdə yaşayır. Hal-hazırda İİİ qrup onkoloji xəstəlikdən əziyyət çəkməklə və əlil olmaqla 342 manat 61 qəpik təqaüd alır. O, 2017-ci ilin iyun ayında Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdur. 2007-ci ildən 2020-ci ilin iyun ayına kimi ümumi xəstəlikdən İİ qrup əlil olmaqla təqaüd almışdır. Lakin 2020-ci ildən əlilliyi dayandırılmış və 2024-cü ilin avqust ayında İİİ qrup onkoloji xəstəlikdən əlillik təyin edilmişdir. 2021-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi olan dövr ərzində iddiaçıya qanunsuz və əsassız olaraq təqaüd verilməmişdir. Halbuki həmin dövrdə o faktiki olaraq əlil olmuşdur. Qanuna əsasən həmin dövr üzrə iddiaçıya ödənilməmiş əlillik təqaüdü hesablanaraq ödənilməlidir. Həmin dövrdən indiyə kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 342 manat 61 qəpik ödənilməsi əvəzinə yalnız 2024-cü ilin avqust ayından 111 onkoloji əlil kimi 342 manat 61 qəpik təqaüd ödənilməyə başlanılmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, ********** nömrəli pensiya haqqında arayışına əsasən iddiaçının pensiya hüququ 14 mart 2007-ci il tarixdən yaranmış, pensiya təyinatı xx.xx.2016-cı il tarixdə aparılmış və aylıq məbləğ 342 manat 61 qəpik müəyyən edilmişdir. Ona görə də, İİİ qrup onkoloji əlil kimi 2021-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi iddiaçıya ödənilməli olan, lakin ödənilməmiş 342 manat 61 qəpik təqaüd hesablanaraq iddiaçıya ödənilməlidir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmişdir və məhkəmədən xahiş edir ki, ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənməsində köməklik göstərilsin. Qanunsuz olaraq iddiaçıya 2021-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi hər ay ödənilməmiş aylıq 342 manat 61 qəpik məbləğin hesablanaraq iddiaçıya ödənilməsi təmin edilməlidir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olaraq dəymiş olan maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı 30.08 1962ci il tarixdə Abşeron rayonunun Giləzi qəsəbəsində doğulmuşdur. İddiaçı 20.11 2007-ci il tarixli qərarla əliliyə görə əmək pensiya təyin edilmiş və və pensiya ödənişi xx.xx.2020-ci il tarixədək davam etdirilmişdir. Tibbi sosial ekspertiza kommisiyasının müayinə aktından çıxrışla müəyyən olunur ki. X. Cəfərovaya səbəbi ümumi xəstəlik olmaqla 2-ci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlilliyinin növbəti qiymətləndirilməsi xx.xx.2015-ci il tarixdə olmuş və növbəti müayinə tarixi xx.xx.2020-ci il tarixi müəyyənləşdirilmişdir və iddiaçının əlilliyinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən ona təyin edilmiş əlilliyə görə əmək pensiyası dayandırılmışdır. İş üzrə icraat materilları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı səbəbi ümumi xəstəlik olmaqla orqanizm funksiyalarının 31-60% pozulması ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin altsistemi məlumatlarına əsasən hazırda İddiaçı 370,36 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməkdədir.
b) Tərəflərin iştirakı və izahatları
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
8. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən üçüncü dərəcə əlillik təyin edilmiş əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il tarixədək qeyd edilmişdir.
9. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ödənilməyən pensiya aylarının məbləği ötən dövr olaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün deyildir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2025-ci il tarixli, 3-17-4/2-12028/2025 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmədən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən sonra vətəndaşa dair Xızı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0331003AABUQ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə şəxsin əlillik vəziyyəti Sumqayıt Tibb Mərkəzinin G00203688CAU nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) orqanizmin funksiyalarının 45 faiz pozulması barədə qərar qəbul edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
11. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
12. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
13. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixində təyin edilmiş ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı xx.xx.2015-ci il tarixində 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən sonra Xızı Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə şəxsin əlillik vəziyyəti Sumqayıt Tibb Mərkəzinin göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) orqanizmin funksiyalarının 45 faiz pozulması barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək 2021-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi hər ay 342 manat 61 qəpik məbləğ olmaqla ödənilməmiş pulun hesablanaraq iddiaçıya verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunmuşdur.
20. Hazırkı mübahisə iddiaçıya 2021-ci ilin may ayından 2024-cü ilin avqust ayına kimi ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın edilməsi ilə müəyyən olunur. İddiaçıya xx.xx.2015-ci il tarixində 5 il müddətinə (xx.xx.2020-ci il tarixinədək) əlillik təyin edilmiş, bundan sonra xx.xx.2021-ci il tarixində əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə şəxsin əlillik vəziyyəti xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2026-cı il tarixinədək) orqanizmin funksiyalarının 45 faiz pozulması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının 2021-ci ilin may ayından 2024cü ilin avqust ayına kimi ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsini tələb etdiyi dövr ərzində ona əlillik dərəcəsi təyin edilməmişdir.
21. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2na qarşı “ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
23. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2na qarşı “ödənilməmiş məbləğin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli