Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-377/2020 10.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin Quba regional şöbəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Quba Siyəzən marşrut xəttinin bərpası barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin Quba regional şöbəsinə qarşı iddia qaldıraraq, cavabdehin imtinasının əsassız hesab edilməsi və Quba Siyəzən marşrut xəttinin bərpası barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2010-cu ildən 2016-cı ilədək Quba-Siyəzən marşrutunda avtobusla sərnişindaşıma fəaliyyəti göstərmişdir. Maşının təmirə ehtiyacı olduğu üçün müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır. Yenidən marşurutun bərpası üçün 2 saylı Regional Xidmətə müraciət etmişdir. Ona heç bir rəsmi cavab verilməmişdir. Təklif olunmuşdur, Nazirliyə ərizə ilə müraciət etsin. xx.xx.2019-cu il tarixdə cənab Nazirə ərizəylə müraciət etmiş və o ərizəyə də cavab verilməmişdir. Regional şöbənin rəisi cənab C.Əliyevə müraciət edib məktubumun cavabını soruşmuşdur. Cavab olaraq ona bildirilmişdir ki, marşrut xəttinin açılmasına onun tərəfindən maneçilik törədilir. Hazırda tələbi Quba-Siyəzən marşrutunun yenidən fəaliyyətə başlamasıdır. Eyni zamanda Quba-Siyəzən marşrut xəttinin açılmasına bölgədə böyük ehtiyac vardır. Əhali belə bir marşrutun olmamasından narazıdır. Tələbi ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin Quba regional Şöbəsinin 14-100 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə müraciəti təmin edilməmiş, əsassız bəhanələrlə marşrut xəttinin bərpası məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etiraz edir və qeyd edir ki, həmin marşrut xətti üzrə İddiaçıcəmi 7 ay ərzində sərnişindaşıma xidməti göstərmişdir. Daha sonra sərnişin axını az olduğundan iqtisadi cəhətdən səmərəsiz və rentabelli olmadığı üçün sərnişindaşıma xidməti göstərən fiziki şəxs İddiaçı fərqlənmə nişanı almadan, heç bir rəsmi xəbərdarlıq etmədən fəaliyyətini dayandırmışdır. Quba-Siyəzən marşrut xətti üzrə fəaliyyət dayandırıldığı vaxtdan sonrakı dövr ərzində tələbat olmadığından Quba-Siyəzən marşrut xəttinin fəaliyyətinin bərpası barədə rəsmi və şifahi müraciətlər daxil olmamışdır. Bu dövr ərzində Quba rayonundan Siyəzən rayonuna getmək üçün sərnişinlər bir qayda olaraq Quba-Bakı, Qusar-Bakı (30 ədəd avtobus) müntəzəm marşrut avtobuslarının xidmətlərindən istifadə etmişlər. Quba-Siyəzən marşrut xətti üzrə kifayət qədər sərnişin axını olmadığından hal-hazırda həmin istiqamətdə birbaşa müntəzəm marşrut xəttinin açılmasının məqsədə uyğun olmaması barədə Dövlət Avtpmobil Nəqliyyatı Xidməti tərəfindən müraciətinə cavab olaraq iddiaçıya rəsmi məlumat verilmişdir. DANX Quba regional şöbəsi olaraq Quba-Siyəzən xəttinin bərpası səlahiyyətləri daxilində deyildir. DANX-nın xx xxxxxx 2016-cı il tarixli 06-04/101 nömrəli göstərişinə əsasən regional şöbələrin əhatə etdiyi inzibati ərazilərdə marşrut xətlərində dəyşiklik aparılması (xəttin uzadılması, qısaldılması, istiqamətin dəyişdirilməsi, marşrut xəttinin ləğvi və digər dəyşikliklər) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin razılığı olmadan qəti qadağan edilmişdir. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının niyyəti Quba-Siyəzən marşrut xəttinin bərpasından və onun həmin xəttdən istifadə edərək sərnişindaşımanı həyata keçirməsindən ibarətdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2010-cu ildən 2016-cı ilədək qeyd edilən rayonlararası sərnişindaşımanı həyata keçirmişdir. Onun müəyyən müddət ərzində sərnişindaşıma fəaliyyəti ilə bağlı həmin xəttdən istifadə etməsi cavabdeh tərəfindən də təsdiq edir. Lakin uzun müddət keçdikdən sonra iddiaçının yenidən bu xəttin bərpası ilə bağlı tələbini məhkəmə əsaslı hesab etmir. Çünki qanunvericilikdə sərnişin daşımalarına daşıyıcıların cəlb edilməsi ilə bağlı cavabdeh orqana müəyyən diskresion səlahiyyətlər verilmişdir. Sərnişin daşınması xidmətinə əhalinin tələbatının olub-olmaması həmin orqanlar tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydasının 4.3-cü bəndinə əsasən müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli qurumu və BDYPİ tərəfindən birgə yoxlanıldıqdan sonra icazə verilir. Yoxlamanın nəticələri aktla rəsmiləşdirilir və bunun əsasında Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli qurumu tərəfindən zəruri məlumatlar göstərilməklə marşrutun pasportu hazırlanaraq təsdiq edilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Sifarişçi müntəzəm marşrut üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə dair müsabiqədə qalib gəlmiş daşıyıcı ilə müvafiq müqavilə bağlayır və marşrutun təsdiq edilmiş pasportunu verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydasının 1.1-ci bəndinə əsasən «Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası» (bundan sonra - Qayda) «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və müsabiqənin keçirilməsi, müsabiqənİn təkliflərinə baxılması, müsabiqədə iştiraketmə şərtlərinin müəyyən edilməsi, həmçinin qəbul edilmiş qərarların təsdiq edilməsi və müsabiqə qalibinin müvafiq hüquqlarının rəsmiləşdirilməsi qaydalarını tənzimləyir. Müsabiqənin təşkilinin məqsədi avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi, azad sahibkarlıq və sağlam rəqabət mühitinin formalaşdırılması, nəqliyyat xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsidir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati əraziləri istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində müsabiqənin təşkilatçısı qismində şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşımalarının (bundan sonra müntəzəm sərnişin daşımaları) dövlət sifarişçisi olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Sifarişçi) çıxış edir. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında X1 ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında X3 ilə Sərnişindaşıma İdarəsi çıxış edirlər. Göründüyü kimi qanunvericiliklə müntəzəm sərnişindaşımalarının həyata keçirilməsi üçün maşrut xəttinin açılması, habelə belə daşımanı həyata keçirmək üçün daşıyıcın cəlb edilməsi ilə bağlı müsabiqənin keçirilməsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə diskresion səlahiyyətlər verilmişdir Yuxarıda qeyd olunanlardan göründüyü kimi sərnişindaşıma xidmətinin göstərilməsi ilə bağlı daşıyıcının seçilməsində, marşrut üzrə müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin hərəkət intervalında və ya cədvəlində dəyişikliklər edilməsində, əhalinin sərnişin daşımalarına olan tələbatının öyrənilməsində cavabdehə dikresion səlhiyyətlər verilmişdir və məhkəmə tərəfindən cavabdehin bu səlahiyyətlərdən kənara çıxdığı müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-377/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-377/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver