Məhkəmə qərarları › İş №2-1(118)-3770/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3770/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3770/2025 25.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiya məbləğinin ödənilməmiş hissədə yenidən hesablanması və yaranmış fərqin ödənilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasını ötən dövr üzrə ödənilməmiş hissədə yenidən hesablaması və yeni hesablamaya görə ödəniş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasını ötən dövr üzrə ödənilməmiş hissədə yenidən hesablaması və bu yeni hesablamaya görə ödəniş edilməsi öhdəliyinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X2 2005-ci ildə vəfat etmişdir. Bu səbəbdən iddiaçı 2005-ci ildən 2021-ci ilə qədər sosial müavinət almışdır, lakin sosial müavinət kimi iddiaçıya bu müddət ərzində aylıq 80 manat pul ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət olunaraq 2005-2021ci illər arasında ödənilməmiş ailə başçısının itirlməsinə görə əmək pensiyasının hesablanaraq ödənilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının tələbindən imtina olunmuşdur. İmtinanın əsası kimi isə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının ötən dövr məbləğinin müraciət etdiyi tarixdən 3 il müddətindən daha çox müddətə ödənilməsinin qanunvericiliklə mümkün hesab edilmədiyi göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 27 iyun 2024-cü il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi və 2005-2021-ci illər arasında ödənilməmiş ailə başçısını itirməsinə görə əmək pensiyasının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X2 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən iddiaçı 2005-ci ildən 2021 -ci ilədək sosial müavinət almışdır. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona ailə başçısını itirməyə görə pensiyanın təyin olunmasını xahiş etmişdir. Bildiririk ki, müraciətə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixdən 3 il əvvəl) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əvvəlki 3 il üçün yaranmış fərq məbləği ayların sayına bölünərək ona ödənilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququnun müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və keçmiş dövr üzrə ödənilməli olan fərq məbləği xx.xx.2024-cü il tarixdə tam şəkildə ödənilərək başa çatdırılmışdır. Hazırda iddiaçı ona 2005-ci ildən təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin, ailə başçısını itirməyə görə pensiya kimi təyin edilməsi və 2021-ci ilədək yenidən hesablanaraq fərq məbləğinin ödənilməsini xahiş edir. Bununla əlaqədar bildiririk ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun 2005-ci il tarixdən yaranmasına baxmayaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin müraciət edilən tarixdən əvvəlki üç ildən artıq müddətə geri ödənilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanı müdafiə edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasını ötən dövr üzrə ödənilməmiş hissədə yenidən hesablaması və bu yeni hesablamaya görə ödəniş edilməsi ilə bağlıdır.

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III.Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (xx.xx.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları) - (xx.xx.2020-ci ilədək olan redaksiyası). 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük.

15. “Əmək pensiyaları haqqında” Qanunun: 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 37.2-ci maddəsinə əsasən Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır.

16.

IV. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

18. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2004-cü il təvəllüdlüdür. İddiaçının atası X2 2005-ci ildə vəfat etmişdir. İddiaçı 2005-ci ildən 2021-ci ilə qədər sosial müavinət almışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət olunaraq, 2005- 2021-ci illər arasında ödənilməmiş ailə başçısının itirlməsinə görə əmək pensiyasının hesablanaraq ödənilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının tələbindən imtina olunmuşdur. İmtinanın əsası kimi isə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının ötən dövr məbləğinin müraciət etdiyi tarixdən 3 il müddətindən daha çox müddətə ödənilməsinin qanunvericiliklə mümkün hesab edilmədiyi göstərilmişdir.

19. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən – xx.xx.2024-cü ildən əvvəlki üç illik dövr üçün ödənilməlidir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

21. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandıran imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar